Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan artıq dünyada, həm də nəqliyyat-logistika qovşağı kimi tanınır

Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi şəraitə malik olan Azərbaycan  bu gün, həm də dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdə yaxından iştirak edir. Son illərdə respublikamızı regionun ticarət mərkəzinə çevirmək məqsədilə   ölkəmizin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlər həyata keçirilir. Bütün bunların isə yaxın gələcəkdə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirəcəyi heç bir şübhə doğurmur.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizi regionun ticarət mərkəzinə çevirmək üçün respublikanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də respublikamızın cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açır. Bu məqsədlə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilir, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılır, sərnişindaşıma sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılır. Eyni zamanda, avtomobil, dəmir yolu, su, hava nəqliyyatı sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilən layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
Artıq bu tədbirlərin bir qismi uğurla başa çatdırılıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi respublikamızın xarici iqtisadi əlaqələrinin genişlənməsinə mühüm təsir göstərib, eyni zamanda, Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını artırıb.  
Bu fikrin təsdiqi olaraq Dövlət Statistika Komitəsinin bu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton, yük dövriyyəsi isə 5525,7 milyon ton-kilometr olub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə edilib. Yüklərin 15932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınıb. 
Dəhliz vasitəsilə daşınan yüklərin 19,3 faizini və ya 4947,2 min tonunu tranzit yüklər təşkil edib.  
Statistik göstəricilərin ildən-ilə yüksələcəyi də istisna deyil. Çünki  respublikamızın tranzit potensialı və tranzit daşımalarında iştirak imkanları getdikcə artır. Belə ki, artıq genişləndirilməkdə olan və yaxın gələcəkdə tam istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ötən il işə salınan Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Bununla da Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq.
Nəqliyyat layihələrindən bəhs edən Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmini diqqətə çatdıraraq deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var”.
Dövlətimizin başçısı xatırladıb ki, gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcək. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq.
Qeyd edək ki, respublikamızın da fəal iştirakçısı olduğu  Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir. Azərbaycan bu nəqliyyat dəhlizinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Bunlarla bərabər logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir.
Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə diqqətin artırılması nəticəsində respublikamızın dəmir yolları da regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi də getdikcə artır. Bu, Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan respublikamızın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlərin reallaşdırılmasının nəticəsidir.  

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

10 Sentyabr 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə