Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan musiqisini bəşəri zirvəyə ucaldan bəstəkar

Qara Qarayev – 100

Professional Azərbaycan musiqisini bəşəri zirvəyə ucaltmış Qara Qarayev xalqımızın mənəvi mədəniyyətində möhtəşəm yer tutan dahi bəstəkardır. Zəmanəmizin böyük bəstəkarları sırasında da özünəməxsus mövqeyi olan korifey musiqiçi, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi bu il ölkəmizdə və dünya miqyasında böyük sevgi və sayğılarla qeyd edilməkdədir.
Milli musiqimizi mövzu, janr və ideya-sənətkarlıq baxımından zənginləşdirən bəstəkarın yaradıcılığı incəsənətimizin bu sahəsində önəmli bir mərhələ təşkil etməklə yanaşı, ecazkarlığı və bəşəri mahiyyəti ilə də ölkəmizin sərhədlərini aşmış, dünyanın bütün qitələrinə yayılmışdır. Prezident İlham Əliyev bu cəhəti nəzərə alaraq qeyd etmişdir: “Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və dünyada daha da yaxından tanıdılar”.
Qara Qarayevin yaradıcılığı, həqiqətən, öz milliliyi və beynəlmiləl ruhu ilə fərqlənir. Xalq musiqimizin, klassik muğamlarımızın, qədim aşıq yaradıcılığının ən dərin köklərinə müraciət edən, onun potensial estetik imkanlarını gözəl bilən bəstəkar hələ gəncliyində dəfələrlə xalq musiqi nümunələrini toplamaq, araşdırmaq üçün etnoqrafik qruplar daxilində respublikamızın müxtəlif bölgələrində, rayonlarında olmuş, 1938-ci ildə məşhur tar ifaçısı Qurban Pirimovun çaldığı “Şur” muğamını nota almışdır. O, eyni zamanda, dahi bəstəkarımız Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsasları dərslərini də almış və bu zəngin irsi digər dünya millətlərindən olan dinləyicilərə çatdırmaq yollarını aramışdır. 
Gələcəyin görkəmli bəstəkarı 1930-1935-ci illərdə professor G. Şaroyevdən dərs almış, fortepiano sənətinin sirlərini bu böyük müəllimdən əxz etmişdir. Q.Qarayevin G.Şaroyevə yazdığı və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində saxlanılan məktubda bu sözlər diqqəti cəlb edir: “Siz mənə atamdan da artıq köməklik göstərmişsiniz”. Bu fikir bir daha bəstəkarın öz müəllimlərinə dərin hörmətini ifadə edir. Xatırladaq ki, müəllimlərinə, himayədarlarına həmişə sayqı və hörmətlə yanaşan bəstəkar ömrünün sonuna kimi bu yüksək mənəvi keyfiyyətini qoruyub saxlamışdır. Onun D.Şostakoviçə, S.Prokofyevə, pianoçu Y.Kozlova, eyni zamanda, həyat yoldaşına, oğlu Fərəcə, qızı Züleyxaya və başqalarına həsr etdiyi, avtoqrafı ilə bağışladığı əsərləri də bunu sübut edir.
Qara Qarayev xalq milli musiqi zövqünün xüsusiyyətlərini dərindən bilməklə yanaşı, rus və dünya musiqi mədəniyyətinin qanunauyğunluqlarından da mükəmməl bir şəkildə xəbərdar idi. Bəstəkar vaxtilə P.Çaykovski adına Moskva Konservatoriyasında oxuduğu zaman Anatoli Aleksandrov (kompozisiya), Serqey Vasilenko (alətşünaslıq), Dmitri Şostakoviç (bəstəkarlıq) kimi görkəmli musiqiçilərdən, pedaqoqlardan qərb musiqisinin tarixi, elmi-nəzəri problemləri ilə əlaqədar ətraflı bilgi almışdır. Buna görə də bəstəkar yaşadığı dönəmin ən müasir bəstəkarlıq texnikasına, hətta ən mürəkkəb və müasir sayılan bədii cəryanlara (dodekafon, seriy, elektron musiqi və s.) yaradıcılıqla müraciət edə bilmişdir. 
Azərbaycan bəstəkarının zəmanəsinin ən tanınmış musiqiçiləri ilə yaradıcılıq təmasında olması, onlarla şəxsən dostluq etməsi kimi faktlar da bu böyük şəxsiyyətin geniş nüfuz sahibi olmasından xəbər verir. Onun bu əlaqələrini yalnız görkəmli musiqiçilərlə məhdudlaşdırmaq düzgün olmazdı. Onu digər tanınmış şəxsiyyətlər də daim özünə çəkməkdə idi. Bu baxımdan Qara Qarayev zəmanəsinin məşhur bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, İqor Stravinski, Dmitri Şostakoviç, Serqey Prokofyev, Tixon Xrennikov və başqaları ilə birlikdə görkəmli rəssamlardan Tahir Salahov, Simon Virsaladze, xoreoqraflardan və balet ustalarından Yuri Qriqoroviç, Aleksandr Macavariani, Maya Plisetskaya, Qəmər Almaszadə, Leyla Vəkilova, Yuri Kuznetsov, Kоnstantin Bataşov, Мəqsud Мəmmədov, Аnatoli Urbantsev, yazıçı-ssenarist Yuri Slonimski, İsmayıl Hidayətzadə, yazıçılardan Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Rəsul Rza, Sabit Rəhman, Məmməd Rahim, İmran Qasımov, kinorejissor Həsən Seyidbəyli və başqaları ilə yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayırdı. Bəstəkarın bu çoxtərəfli əlaqələri onun yaradıcılığına da müsbət təsir göstərirdi, xüsusilə əsərlərinin beynəlmiləl xarakter daşımasının və müasirliyinin qaynaqlarına və ünsürlərinə də çevrilirdi. 
Qara Qarayev Azərbaycan mənəvi mədəniyyətinə və sənət adamlarına olan marağını da heç bir zaman itirməmiş, onlardan uzaq düşməmiş və bunu ən mühüm yaradıcılıq qaynağı və müasirliyin təməli olaraq görmüşdü. Bəstəkarın dahi Nizami Gəncəvinin yaradıcılığına müraciət etməsi, onun obrazlarını balet dili ilə canlandırması, dünya dinləyici-tamaşaçılarına sevdirməsi, heç şübhəsiz, Q.Qarayevin milli bəstəkar olmasından irəli gəlirdi. 
“Yeddi gözəl” baletinin əsasını Qara Qarayevin 1949-cu ildə yazdığı “Yeddi gözəl” simfonik süitası təşkil etmişdır. Maraqlıdır ki, bu əsəri dinləyən mütəxəssislər, xüsusilə də tanınmış mədəniyyət xadimi və quruluşçu-rejissor İ.Hidayətzadə onun balet dili ilə də ifadə edilə biləcəyini məsləhət görmüşlər. Sənət dostlarının ağıllı, doğru fikir və məsləhətlərinə hər zaman diqqət yetirən, onları ağıl süzgəcindən keçirən, öz bədii-estetik baxışları mövqeyindən dəyərləndirən bəstəkar bu dəfə də belə bir arzunun həyatiliyinə və gərəkliyinə inanmış, öncə proqramlı simfonik əsər kimi yazdığı bu əsəri balet səhnəsi üçün yenidən gözdən keçirməli olmuşdur. 
Bu baletin ilk tamaşası 1952-ci il noyabr ayının 7-də M.F.Axundov adına Azərbaycan Opera və Balet Tearında gerçəkləşdirilmişdir. Baletin dünyanın müxtəlif ölkələrindəki tamaşalarında ilk tamaşadakı əsas mövzu və ssenari yaradıcılıqla diqqətə alınmışdır. “Yeddi gözəl” baleti Rusiyanın və bir çox Avropa ölkələrinin səhnəsini bəzəyən əsərlərdəndir. Tanınmış dirijor Yevgeni Svetlanov baletin İsveçdəki müvəffəqiyyətini qeyd etməklə bərabər, əsərin musiqisinin yüksək dünya standartlarına cavab verməsini də yazmışdı. Əsər sonralar da bir çox ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur. 
Son zamanlar da baletin dünya balet festivallarında, opera və balet teatrlarında səhnəyə qoyulmasının şahidi oluruq. Əsərin sovet dönəmindəki ilk variantlarında daha çox xalq və Bəhram şah qarşıdurması, istismara qarşı mübarizə kimi motivlər əsas götürülürdüsə, sonrakı quruluşlarda Nizaminin fəlsəfi-etik baxışları, sevgi fəlsəfəsi, qısqanclıq, xəyanət, mətanət, vəfa və s. dəyərlərlə yanaşı, həmçinin insanın mənəvi zənginləşməsi, haqq və ədalət kimi ideyalar daha qabarıq ifadə olunmuşdur. Qara Qarayevin İstanbulda yaşayan, istedadlı musiqiçi və konservatoriya müəllimi, fortepiano bölümünün müdiri olan qızı Züleyxa xanım qeyd etmişdir ki, baletin indiyə qədər dörd quruluşu möcuddur. 
“Yeddi gözəl” baletinin şöhrəti və tamaşaçı-dinləyicilərin geniş marağına və sevgisinə səbəb olduğundan bu əsərə olan marağı, onun məzmununu daha geniş auditoriyaya çatdırmaq ehtiyacı meydana gəlmiş və bu estetik tələbatı ödəmək üçün daha geniş təsir imkanları olan kino sənətinə müraciət olunmuşdur. Təsadüfi deyil ki, 1982-ci ildə eyni adlı film-balet meydana gəlmişdir.
Qara Qarayev Azərbaycanın milli, tarixi, sosial-mədəni irsinə müraciət etməsi heç də məhdudlaşdırmır, onu dünya xalqlarının mədəniyyət nümunələri, yazıçıların əsərləri, xalqların tarixi, həyat tərzi, psixologiyası, musiqi folkloru da ciddi şəkildə maraqlandırırdı. Bəstəkarın zəngin yaradıcılıq palitrasına nəzər saldıqda bu marağın onun müxtəlif səhnə, vokal və simfonik əsərlərində də yüksək bədii ifadəsini görürük. Bu baxımdan Şekspirin, Puşkinin, Lermontovun, Servantesin, Rostanın, Barbüsün, Xəyyamın və başqalarının əsərlərinə istinadən yazdığı müxtəlif səpkili və janrlı əsərləri (romans, simfonik poema, simfonik qravürlər (lövhələr), müzikl və s.) parlaq örnəklərdir.
Qara Qarayev kino və səhnə sənətinə də mühüm önəm verirdi. Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə qoyulmuş bir çox əsərlərin musiqisini o yazmışdır. Bu baxımdan Şekspirin “Qış nağılı”, “Otello”, “Antonio və Kleopatra”, Nazim Hikmətin “Qəribə adam”, Vsevolod Vişnevskinin “Nikbin faciə” əsərlərinin dram teatrındakı tamaşalarını misal gətirmək mümkündür. Xatırladaq ki, teatr tamaşalarına yazılmış bu musiqi parçaları da öz yüksək professionallığı, səhnə dramaturgiyası, harmonik dilinin müasirliyi, mükəmməl kompozisiya quruluşu ilə diqqəti cəlb edir. Onun kino musiqisinə bəstələdiyi əsərləri haqqında da eyni sözləri demək mümkündür. Burada da bəstəkarın sintetik sənət növü olan bu sənətin bədii-estetik xüsusiyyətlərini dərindən hiss etməsi, musiqinin filmin ideya-məzmununda tutduğu önəmi və emosional təsir gücünü olduqca gözəl bilməsi kimi bir istedadı aydın görünür.
Bəstəkar bədii filmlərlə sənədli, xronikal, elmi-publisistik filmlər arasındakı fərqləri çox gözəl bilir və musiqisi ilə bədii əsərlərin (həmçinin elmi-publisistik, sənədli və s.) emosional təsir gücünü, tərbiyəvi-dəyişdirici rolunu bir daha artırmağa müvəffəq olurdu. Bu baxımdan “Uzaq sahillərdə” (1958), “Leyli və Məcnun” (1961), “Bir məhəlləli iki oğlan” (1957), “Don-Kixot” (1957), “İnsan məskən salır” (1967), həmçinin sənədli filmlər olan “Xəzər dənizçiləri haqqında dastan”, “Dənizi fəth edənlər” (1959), “Vyetnam” kimi filmləri örnək gətirmək mümkündür. Türk şairi Nazim Hikmət Qara Qarayev musiqisinə, həmçinin kino musiqisinə yüksək dəyər verərkən deyirdi: “Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün musiqisidir. Bu musiqidə Günəş və Cənub ehtirası var, Ay və Şimal romantikası var”.
Sonradan bəstəkar bu filmlərə yazdığı musiqi parçalarını müstəqil simfonik əsərlər kimi də musiqisevərlərin ixtiyarına vermişdir. Bu siyahıya Qara Qarayevin kino və dram əsərlərinə yazdığı bir çox proqramlı əsərləri də əlavə etmək mümkündür. “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958) baletlərindən də bir çox parçalar piano və simli orkestr üçün yenidən işlənmiş və dinləyicilərin ixtiyarına verilmişdir. Bu parçalar artıq müstəqil musiqi əsərləri kimi Azərbaycanda və onun hüdudlarından uzaqlarda səslənir, bu gün də dinləyicilərə yüksək estetik həzz gətirir. 
Qara Qarayev yaradıcılığı dünyanın, demək olar ki, bir çox ölkələrində səsələndirilir, dinləyicilər-seyrçilər arasında daim sevilir və hərarətlə qarşılanır. Onun əsərləri, demək olar ki, bütün Avropa ölkələrində, ABŞ-da, son zamanlar isə daha çox Türkiyə və digər ölkələrdə səsləndirilmişdir. Bu əsərlərin əksəriyyəti bu gün də bir çox orkestrlərin, ansamblların, tanınmış ifaçıların repertuarını bəzəməkdədir.
Qara Qarayevin əsərlərini dinləyici və professional musiqiçilərə sevdirən cəhət, hər şeydən öncə, burada ifadə olunmuş yüksək bədii ideya-məzmun, qlobal bəşəri problemlərin həlli, azadlıq və müstəqillik uğrunda mübarizə motivləri, yüksək professionallıq və emosionallıqdır. Vətən sevgisi, doğma təbiətin və insanların taleyi, xoşbəxtliyi ideyası da daim bəstəkarın yaradıcılığında ana xətlərdən birini təşkil etmişdir. 
Təsadüfi deyil ki, o, azərbaycanlı bir sənətkar olması ilə hədsiz fəxr edir, doğma Bakını dünyanın ən gözəl şəhəri bilirdi. Qara Qarayev ictimai həyatımızda, həmçinin dünya səhnəsində baş verən hadisələrə də biganə qalan sənətkarlardan deyildi. II Dünya müharibəsi və bu savaşda qəhrəmanlıq göstərən xalqımızın qələbəyə olan dərin inamı, iradəsi, mətanəti, dözümlülüyü, nikbin ruhu və s. kimi xarakterik xüsusiyyətlər “Vətən” (1946) operasında parlaq bir şəkildə, yüksək bədiiliklə ifadə olunmuşdur. Bu əsəri o, tanınmış Azərbaycan bəstəkarı, professor Cövdət Hacıyevlə birlikdə yazmışdır. 
Qara Qarayevin Azərbaycan sənət adamları, xüsusilə də bəstəkarları, musiqiçiləri (ifaçılar, vokalistlər, xor kollektivləri, dirijorlar və s.) ilə olan yaradıcılıq əlaqələri ömrünün sonuna kimi davam etmişdir. Bu baxımdan onun Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev, Soltan Hacıbəyov, xüsusilə də Niyazi ilə olan yaradıcılıq əlaqələri və şəxsi dostluğu xatırlanmağa layiqdir. Onun bütün simfonik əsərlərinin ilk ifaçısı məhz Niyazi olmuşdur. “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin musiqisi də məhz Niyazinin rəhbərliyi ilə gerçəkləşdirilmişdir. 
Qara Qarayevin digər ölkələrə, xalqlara olan marağı, həmçinin dünyada baş verən sosial-mədəni hadisələrə, müstəmləkəçilik və ayrı-seçkilik ideologiyasına, sülh və demokratiya uğrunda mücadilə edən xalqların yaşam tərzinə olan münasibəti heç zaman sönmürdü və bəstəkar bu ictimai, siyasi, ideoloji məsələlərə sənətin dili ilə cavab verməyə çalışırdı. Bunu onun “Vyetnam süitası”, “Alban rapsodiyası” kimi simfonik əsərlərində, xüsusilə də Cənubi Afrika yazıçısı Piter Abrahamsın “İldırımlı yollarla” (1958) əsərinə yazmış olduğu eyni adlı baletində xüsusilə hiss etmək mümkündür. 
Bütün bu söylənilənlər Qara Qarayev yaradıcılığının mövzu genişliyini, janr rəngarəngliyini aydın bir şəkildə ortaya qoymaqdadır. Bəstəkar sintetik səhnə əsərlərində (kino, balet, dram teatrı və s.) bir çox sənət adamları ilə yaradıcılıq əlaqələrində və təmasda olurdu. O, balet sahəsində tanınmış xoreoqraf  Y.Qriqoroviç, balet ustaları M.Plisetskaya və Qəmər Almaszadə, teatr rəssamı Simon Virsaladze, Azərbaycanın Xalq rəssamı Tahir Salahov, kino aktyorlarından N.Çerkasov, Utyosov, Nodar Şaşıkoğlu, dirijorlardan maestro Niyazi, Stokovski, Y.Svetlanov, Ə.Bədəlbəyli, Y.Silantyev və digər tanınmış sənətkarlarla sənət məsələlərində bir araya gəlir, onlardan bir daha sənətin bədii-estetik sirlərini öyrənirdi.
Qara Qarayev şəxsiyyətinin böyüklüyü bir də orasında idi ki, o, doqmatizmi, stereotipləri, təqlidçiliyi dağıda bilirdi. “Skripka konserti”ndə (1967) o, bir daha öz yaradıcılıq prinsiplərindən dönmür, bütün qadağalara, əngəllərə baxmayaraq qeyd etdiyimiz bədii cəryanlarda belə rasional, bədii yaradıcılıq üçün yararlı ola biləcək estetik prinsiplərin, qanunauyğunluqların olmasını isbatlamağa çalışırdı. Maraqlıdır ki, bəstəkar “Üçüncü simfoniya”sında da seriy yazı sistemindən istifadə etdiyi zaman belə öz yaradıcılıq prinsiplərinə sadiq qalmışdır. Simfoniyada aşıq musiqisinin təsiri olduğunu, hətta aşıq melodiyalarından istifadə etməsini özü də etiraf etmişdir. 
Yaradıcılığında həmişə müasirliyə, professionallığa, bədiiliyə və məzmun dərinliyinə önəm verən Qara Qarayev deyirdi: “Müasirlik bəstəkarlarımızın diqqət mərkəzində durmalıdır. Bunu bizdən xalqımız və həyatımız tələb edir. Müasir həyatımızı tərənnüm edək”. Dahi bəstəkarın bu sözləri sadəcə bir şüar deyil, bu gün də aktual olan əsl yaradıcılıq proqramıdır. Biz Q.Qarayev musiqisində bəşəriyyəti tərəqqiyə çağıran müasir bəstəkarın alovlu səsini həmişə eşidir və eşidəcəyik.

Babək QURBANOV,
professor

10 Sentyabr 2018 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə