Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKSOY – Azərbaycan əlaqələri genişlənməkdədir

TÜRKSOY-un yaradılması ideyası 1992-ci ildə irəli sürülüb. Bununla bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb.
TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəldi ki, təşkilatçı ölkələrin tarixi kökləri, dilləri, mədəniyyətləri yaxındır. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas dil prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 subyekt isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan respublikaları, Qaqauz Yeri (Moldova) və Şimali Kipr Türk Respublikası) qurumda müşahidəçi qismində təmsil olunurlar. Təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.
TÜRKSOY yarandığı dövrdən üzv ölkələrin mədəniyyət və incəsənət xadimlərinin yaxınlaşmasına yardımçı olub. 2010-cu ildən başlayaraq hər il türk dünyasının bir dahi şəxsiyyətinin adına elan edilir, onunla bağlı silsilə tədbirlər keçirilir, kitablar çap olunur. Məsələn, 2012-ci il “Mirzə Fətəli Axundzadə ili”, 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunub. Bundan əlavə, 2012-ci ildən etibarən türk dünyasının önəmli tarixi və mədəni şəhərləri türk dünyasının mədəniyyət paytaxtı elan edilir. 2016-cı ildə Şəki şəhəri bu ada layiq görülüb və il boyu TÜRKSOY-un tədbirlərinin bir çoxu məhz Şəkidə keçirilib. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və tarixi şəhərlərimiz həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanıdılır.
Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin azərbaycanlı bəstəkar, Xalq artisti Qara Qarayev, qazax Xalq şairi Mağjan Jumabayev və qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə “Anım ili” elan edilmişdir.
Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2019-cu il türk dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. 
TÜRKSOY Azərbaycanla bağlı bir neçə layihə həyata keçirib. 2013-cü ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı nəticəsində operettanın konsert versiyası UNESCO səhnəsində göstərilib. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer alıblar.
 Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operası ilə bağlı həyata keçirilən layihə xüsusilə diqqətəlayiq olmuşdur. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilmişdir.
Bu il təşkilat yaranmasının 25 illiyini qeyd edir. Qurumun 10, 15 və 20 illik yubileyləri zamanı Türkiyədə üzv ölkələrdən dəvət edilən mədəniyyət xadimlərinin, incəsənət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir. Bu il isə yubiley həm Türkiyə və üzv ölkələrdə, həm də qurumun əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nəzdində müxtəlif səpkili tədbirlərlə qeyd edilir.
TÜRKSOY İslam aləmi ilə əlaqədar Bakıda təşkil olunan qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların iştirakçısı olmuşdur. 2009-cu ildə Bakı “İslam mədəniyyəti paytaxtı” ilinin açılış tədbirlərində TÜRKSOY heyəti iştirak etmişdir.
2017-ci ildə isə “İslam Həmrəyliyi ili”ndə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə aprelin 12-də Bakıda keçirilmiş “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfransda TÜRKSOY nümayəndə heyəti və qurumun baş katibi Düsen Kaseinov çıxış edərək Azərbaycanın həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verdiyini vurğulamışdır. 
Bu il Naxçıvan “İslam mədəniyyətinin paytaxtı-2018” tədbirlərində TÜRKSOY-un nümayəndə heyəti də iştirak etmişdir.
TÜRKSOY və İSESCO təşkilatları arasında qarşılıqlı faydalı münasibətlər qurulmuş, həm İSESCO mərkəzində, həm də üzv ölkələrimizdə müştərək silsilə tədbirlər keçirilmişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

10 Sentyabr 2018 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə