№ 321 Bakı şəhəri, 24 iyul 2019-cu il
“Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”nin təsdiq edilməsi barədə
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Novruz Məmmədov
Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 24 iyul
tarixli 321 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri
Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:
- xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);
- tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);
- tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;
- cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;
- reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;
- xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;
- kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;
- qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.