Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNICEF-in Azərbaycanda fəaliyyəti ildən-ilə genişlənir

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ölkəmizdə fəaliyyətə başlamasının ikiilliyi münasibətilə KİV-ə açıqlamasında təmsil etdiyi ümumdünya qurumunun ölkəmizdə gerçəkləşdirdiyi layihələr barədə məlumat vermişdir:
– Azərbaycanda olduğum iki il çox məhsuldar keçmişdir. Mənim üçün ölkənin bu qədər enerji dolu, həyatda uğur əldə etmək istəyən çox sayda uşaq və gənclərilə tanış olmaq xüsusilə maraqlı oldu. Əlbəttə ki, 
UNICEF cəmiyyətdəki daha həssas uşaqlarla– əlil, ailələrini itirmiş azyaşlılarla, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaq və gənclərlə sıx əlaqə saxlayır. Məni münaqişələrlə bağlı ən çox məyus edən məsələ onların böyüklər tərəfindən yaradılması və bunun hamıdan çox uşaqlara mənfi təsiridir. Mən münaqişələrin olduğu bir çox ölkələrdə çalışmışam və dəfələrlə onların uşaqlara və onların təhsilinə, ailə həyatına məhvedici təsirinin şahidi olmuşam. 
Buna görə də Azərbaycanın münaqişədən zərər çəkmiş zonalarında, xüsusilə də gənclərlə işləyərkən onlara öz icmalarında fəal olmaları üçün daha səmərəli, konstruktiv şərait yaradırıq. Bu baxımdan rayonlarda yerli icra hakimiyyəti ilə müzakirə ediləcək məsələləri müəyyənləşdirmək üçün gəncləri bir araya gətirən Azərbaycan Gənclər Təşəbbüsü Layihəsi olduqca faydalıdır. Bundan başqa, bir çox maraqlı layihələr də var.
Mən bu yaxınlarda çəbhə bölgəsində yerləşən Tərtərdə yaradılmış yeni 3D Kinoteatrında və Bərdədə bir kitab klubunda oldum. Burada gənclər məktəbdən sonra bir araya gələrək birlikdə müzakirələr aparırlar. Goranboyda isə yeni idman qurğusu kimi təhlükəsiz bir yerdə gənclər toplaşa və idman tədbirlərində iştirak edə bilirlər. Düşünürəm ki, bu onlara həyat üçün təhlükəli bölgədə öz enerjilərini sağlam formada sərf etməyə imkan verir, ümumi əhvallarına müsbət psixoloji təsir edir. Lakin böyüklər münaqişələri dayandırmalı və dünyanın istənilən yerində baş verən münaqişələr dinc yolla həll edilməlidir. 
Gənclərlə bağlı layihələr barədə açıqlama verən UNICEF nümayəndəliyinin rəhbəri aşağıdakıları söyləmişdir:
– Gənclərlə işimizdə əldə edilmiş müsbət dəyişikliklərdən danışarkən son illər həyata keçirilən çoxsaylı proqramları qeyd edə bilərəm. Uşaqlarla bağlı durum günü-gündən yaxşılaşır. Biz yoxsulluq səviyyəsində azalma, səhiyyənin yaxşılaşdığını müşahidə edirik. Ancaq hələ də diqqət yetirməli olduğumuz problemlər var. UNICEF üçün bu problemlərdən birinin təhsil ala, öz evlərindən kənara çıxa, hələ də cəmiyyətdə tarazlığa nail ola bilməyən əlil uşaqlar olduğunu düşünürəm. Mən bu problemi regionlarda görsəm də, hesab edirəm ki, o, bötövlükdə, ölkənin problemidir. 
Biz maddi cəhətdən əziyyət çəkən, valideynlərindən biri ilə qalan və tez-tez ananın tərk etdiyi ailələrdə çətin həyat yaşayan uşaqlara yalnız maliyyə baxımından deyil, həm də məktəbə getmələri və öz potensiallarını üzə çıxara bilmələri üçün yardım edirik. Bu, bötüvlükdə, ölkə üçün vacibdir. Biz bu ailələrə dəstək olanda, iş yeri yaradanda anlayırıq ki, onlar böyüdükdən sonra Azərbaycanın həyatında daha müsbət rol oynaya, ölkəyə sosial və iqtisadi inkişaf baxımından uzunmüddətli fayda verə biləcəklər.
UNICEF-in ölkəmizin icra strukturları, eləcə də QHT-lər və vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlığından söz açan Edvard Karvardin demişdir: 
– Bütün ölkələrdə olduğu kimi, burada da UNİCEF Azərbaycanın icra qurumları ilə çox sıx əməkdaşlıq edir. Biz layihələrimizi hökumətin əsas nazirlikləri ilə əməkdaşlıq edərək hazırlayırıq. Hökumətdəki tərəfdaşlarımızla yaxşı əlaqələr qurmuşuq. Hesab edirəm ki, uşaqlara, gənclərə sərmayə yatırmaq üçün bizim “Azərbaycanda neft katipalını insan kapitalına çevirməyi” qarşısına məqsəd qoymuş Prezident İlham Əliyevlə baxışlarımız üst-üstə düşür. 
Azərbaycanda qeyri-hökumət sektoru və vətəndaş cəmiyyəti də bizim milli səviyyədə inkişaf etdirməyə çalışdığımız işimizdə əlaqələndirici həlqə rolunu oynamaqla, bu prosesdə mühüm rol oynayır. Buna görə də biz Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə sıx şəkildə əməkdaşlıq edirik. Biz layihələrimizin həyata keçirilməsində həmçinin Azərbaycan Respublikası Gənclər Fondu kimi qurumla da birgə çalışırıq. Bu da bizə daha çox uşaqları əhatə etməyə imkan verir.
Azərbaycanda gənclər əhalinin, təxminən, üçdə birini təşkil edir. Onların ölkənin həyatına verə biləcəyi töhfələr daha böyük ola bilər. Gənclər, əlbəttə ki, gələcəkdə ailədə qərarverici şəxslər olacaq və ya yerli hökumət orqanlarında, özəl sektorda çalışaraq bu ölkənin inkişafında önəmli rol oynayacaqlar.
UNICEF-in Azərbaycanda uşaq və gənclər arasında davamlı inkişaf məqsədlərinin inkişaf etdirilməsinə necə kömək etməsindən danışan Edvard Karvardin bildirmişdir:
– Hazırda Davamlı İnkişaf Gündəliyi bütün ölkələr üçün qlobal xarakter daşıyır. Mən onun əhəmiyyətli bir sahə olduğunu düşünürəm. Biz həmişə gələcək barədə düşünməliyik, çünki gənclərin bu sahədə iştirakı zamanı onları dinləmək və problemlərini anlamaq müsbət təsir edir. Azərbaycanda bir çox gənc daha sağlam ölkədə – istər dənizin, istərsə də kəndin ətraf mühitinin daha yaxşı mühafizə olunduğu yerdə yaşamaq arzusundadır. Bu istəklərə qulaq asaraq biz uyğun qərarlar qəbul edirik. Gənclərin bu müzakirələrə cəlb olunması onların məsuliyyət hissini artırır. Onlar böyüyüb valideyn, eləcə də müəllim və ya rəhbər işçi olanda bu məsələlərə daha ciddi yanaşacaqlar. Biz dayanıqlığı bu cür nəsildən-nəslə ötürülən davamlı faydalılıqda görürük.
Edvard Karvardin açıqlamasında gələcək nəslin fiziki sağlamlığında ana südünün önəminə də toxunmuşdur: 
– Hər il avqustun ilk həftəsi UNICEF-in təşəbbüsü ilə dünyada ana südü ilə qidalanma həftəsi qeyd olunur. Burada UNİCEF, Ümumudünya Səhiyyə Təşkilatı iştirak edir. Biz ana südü ilə qidalanmanın vacibliyini təşviq edirik. Belə ki, ana südü yaxşı bir başlanğıca xidmət edir, yeni doğulmuş körpə altı ay ana südü ilə qidalandıqdan sonra gələcək sağlamlığında üstünlük qazanır. Ana südü uşağın da fiziki inkişafına kömək edir, ananın da sağlamlığına müsbət təsir göstərir. Bu il də Azərbaycanda həftəni məzmunlu, rəngarəng tədbirlərlə başa vurduq. 
Sonda bildirim ki, irəlidə Azərbaycanı böyük gələcək gözləyir, çünki bu gənclər cəmiyyətə fayda verməyə qadirdirlər. Əlbəttə ki, bunun üçün bizim də fəal, səmərəli iştirakımız tələb olunur. Biz onlara potensiallarını hərtərəfli üzə çıxarmağa imkan vermək üçün kömək etməli və xoş niyyətlərini dəstəkləməliyik. Bu yöndə indiyədək müəyyən uğurlar əldə etmişik, fəaliyyətimizi bundan sonra da önəmli məsələlərə yönəldəcəyik.

Hazırladı:
R.TAHİR, “Xalq qəzeti”

8 Sentyabr 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə