Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumtürk birliyi zamanın çağırışıdır

Görüşümüzün ilk anlarından anlamışdım ki, Doqquz Eylul Universiteti Sosial Bilimlər İnstitunun elmi katibi Bülənt Kotluk mühəndis kimi həyati bilgiləri, alim kimi siyasi və sosial görüşləri ilə maraqlı həmsöhbətdir. Digər tərəfdən, qonağa göstərdiyi səmimiyyət, işçiləri ilə xoş davranışı, gündəlikdə olan məsələlərə dərhal aydınlıq gətirmək bacarığı, eləcə də Azərbaycana olan maraq və sevgisi diqqətimdən yayınmamışdı. Maraqlandığım əsas məsələ isə buvaxtadək adını çox eşitdiyim, Azərbaycanda da məşhur olan türkoloq Mətin Arıkan barədə lazımi bilgi əldə etmək idi. Nəhayət, bu istəyimi gizlədə bilməyib, soruşdum:
– Bülənt bəy, Mətin Arıkan isimli bir ədəbiyyatşünas Azərbaycanda çox tanınır, hətta İsmayıl bəy Qasparalı haqqında bir yazısını da oxumuşam. Siz onu tanıyırsınızmı?
Mən tanıyıram, siz necə? – Bülənt bəy soruşdu.
– Xeyr, əyani tanımıram, amma Azərbaycanda bu adı ədəbiyyat adamları, folklor tədqiqatçıları yaxşı tanıyırlar. Səhv etmirəmsə, qazax dastanları haqqında da maraqlı araşdırmaların müəllifidir. 
Elə isə siz də tanıyın, nə lazımdırsa özündən soruşun.
– Bülənt bəy bunu deyib, kiməsə zəng edir. Çox kecmir ki, bir nəfər içəri daxil olur. Yeni müsahibimizin özünü təqdim etməsindən məlum olur ki, həmin maraqlandığım Mətin Arıkandır. Professor beş ay öncə Sosial Bilimlər İnstitutuna direktor təyin olunub, həm də Doqquz Eylül Universitetinin ədəbiyyat fakültəsinin professorudur. Alim elmi fəaliyyətini və tədqiqatlarını da davam etdirməkdədir. Mətin bəy Azərbaycanda 10 il əvvəl olduğunu söyləyir:
– Eşitdiyimə görə, Bakı son illərdə daha da gözəlləşib. İnşallah, yenidən görüşümüz nəsib olar. Düzü, dəfələrlə bir sıra tədbirlərə dəvət almışam, amma işin çoxluğu, bəzi cari məsələlərin həlli səfər etməyə imkan vermir. Azərbaycan bütün Türkiyənin diqqətindədir. Dövlətlərarası münasibətlər, ticarət-iqtisadi tərəfdaşlıq amilləri zəminində ölkələrimiz bir-birinə daha sürətlə inteqrasiya olunur. Vaxtilə ədəbiyyat, sənət öndə idi. İndi, sanki, bu sahədə irəliləyiş bir az ləngiyir...
– Son dövr Azərbaycanla bağlı diqqət etdiyiniz və yadınızda qalan nələr var?
– Bir az əvvəl dediyim kimi, Azərbaycan bütün Türkiyənin diqqətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini Türkiyənin təkcə siyasət yox, elm adamları da maraqla qarşılamışlar. Bu şanlı tarix bir çox konfrans və tədbirlərdə geniş müzakirə olunmaqdadır. Azərbaycan dövlətinin bu mühüm hadisəni təntənə ilə, eyni zamanda, prezident sərəncamı ilə qeyd etməsi, bu işdə elm adamlarının səylərinin birləşdirilməsi, ən nahayət, tarixi reallıqların xalqa və dünyaya çatdırılması olduqca mühüm məsələdir. 
Azərbaycanın dövlətçilik tarixində ümdə yer tutan AXC bütün müsəlman və türk dünyasının ilk xalq demokratiyası qurulmuşdur. Təəssüflər olsun ki, uzun illər bu şanlı tarix sizin millətdən gizlədilmişdi. Yaxşı ki, gec də ölsa, bu irsin öyrənilməsi və araşdırılmasına Azərbaycan ikinci dəfə müstəqilliyini qazanandan sonra önəm verildi. AXC ilə bağlı araşdırmaların vüsəti, görülən işlərin miqyası, hətta bu məsələyə ölkə Prezidenti tərəfindən olduqca yüksək dəyər verilməsi tədqiqatcıların da qarşısında yeni üfüqlər açmaqdadır.
– İndi sizdə bu sahədə tədqiqat işləri aparılırmı? Ümumiyyətlə, Azərbaycanla bağlı aparılan elmi işlərdə daha çox nələrə diqqət yetirilir?
– Mən uzun illərdir ki, Türk dünyası araşdırmaları ilə məşğulam. Demək olar ki, bütün elmi fəaliyyətim bu sahə ilə bağlıdır. Düzdür, araşdırmalarım, türk dünyasının ədəbiyyatı və folkloru ilə əlaqədardır. Lakin AXC-nin, onun yaradıcılarının fövqəlfəaliyyəti ilə görülən işləri də yüksək dəyərləndirirəm. Tədqiqatlarımda Azərbaycandan olan elm və sənət adamlarının--Salman Mümtazın, Vəli Xuluflunun, Bəxtiyar Vahabzadənin, Azad Nəbiyevin, Məhərrəm Qasımlının və onlarca başqalarının adları, onlardan gətirdiyimiz sitatlar maraq doğurmuşdur. 
Bu gün də ənənə davam etdirilir. Təkcə son bir ayda Türk Tarix Qurumunun dəstəyi ilə Türk dünyasının ən müxtəlif problemləri – dil, mədəniyyət, folklor, aşıq yaradıcılığı ilə bağlı 3 elmi-praktik konfrans keçirmişik. Bu konfranslarda Türk dünyasını birləşdirən bu tarixi irsin araşdırılması, onların dəyərləndirilməsi ümdə məqsədimiz olmuşdur. Sizinlə görüşdən əvvəl bir tələbəmizlə Azərbaycan haqqında söhbət etdik. Onun elmi işi Azərbaycanla bağlıdır. Demək istəyirəm ki, bizim tədqiqatlarda, elmi işlərdə Azərbaycan Türk dünyasının önəmli bir hissəsi kimi həmişə diqqətdədir. 
Söhbətimizə institutun direktor müavini, tarixçi alim Erkan Göksu da qoşulur. O, Azərbaycan Ordusunun 100 illik tarixini yüksək qiymətləndirməklə, bugünkü hərbi quruculuğun, bu sahədə aparılan işlərin əhəmiyyətini qeyd edir:
– Azərbaycanın güclü ordusunun olması, qədim türk torpaqları olan Qarabağın xilası hər birimizin arzusudur, inşallah, bu arzuya yetəcəyimiz gün uzaqda deyil. Biz tarixçilər türk ordusunun miladdan 200 il əvvəl yaradıldığını sübut edirik. Bu şərəfli tarixin bir qolu olan, qurulmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan ordusunun da bu tarixdə öz yeri və payı var. Heç şübhə etmirəm ki, dünya hərb tarixinə və Türk dünyasının keçmişinə böyük qəhrəmanlıqlar yazmış o qüdrətin davamçılarından olan Azərbaycan Ordusu bu şərəfli tarixi yeni zəfərləri ilə təzələyəcəkdir. Bu yolda onlara təkcə uğurlar arzulamaqla işimizi bitmiş hesab etmirik, əməli dəstəyimiz, strateji əlaqələrimiz də genişlənir.
Professor Mətin Arıkan sonda bildirir:
– XX əsr Türk əsri olmaqla, bu birliyin möhkəmləndirilməsi, türkdilli dövlətlərin əlaqələrin genişləndirilməsi sahəsində nə qədər böyük işlər görülsə də, bu məsələ yenə də günün ən önəmli mövzusu olmalıdır. Bunu bizdən hadisələrin gedişi və zamanın çağırışları tələb etməkdədir. Əslində, bu ənənələrin tarixi təməlləri düşündüyümüzdən də möhkəmdir. 
Sonda Azərbaycanda da çox sevilən İsmayıl bəy Qaspıralı haqqında hələ 10 il əvvəl yazdığım bir məqalənin son cümlələrini xatırlatmaq istərdim: “Artıq yaşanan acıların tarixin tozlu səhifələrində qalmasını diləyərək, gələcəyə daha böyük ümidlərlə baxmağın vaxtı gəlmişdir. Hədəf bəllidir, bu hədəfimizi Qaspıralı İsmayıl bəy təsbit etmiştir: “Dildə, fikirdə, işdə birlik’’.

Namiq ƏHMƏDOV,
 “Xalq qəzeti”

8 Sentyabr 2018 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə