Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tibb problemləri üzrə Elmi Şuranın iclasında müzakirələr aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib. www.science.gov.az saytı yazır ki, tədbiri giriş sözü ilə şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, iclasın tibbi dissertasiyaların və tədqiqat metodlarının qeydiyyatı, prioritet elmi tədqiqat istiqamətləri, eləcə də digər cari məsələlər və görüləcək işlərin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra şuranın elmi katibi - Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının dosenti, tibb üzrə elmlər doktoru Balakişi Hüseynov  tibbi dissertasiyaların 2017-2018-ci illər üzrə qeydiyyatı haqqında məlumat verib. Bildirib ki, 55-i fəlsəfə, 17-si elmlər doktorluğu üzrə olmaqla 72 dissertasiya işi qeydiyyata alınıb, 102 elmi iş isə sistemə daxil edilməyib.

Prioritet istiqamətlər və innovativ sahələr üzrə qeydiyyatdan keçmiş dissertasiyalar barədə də məlumat verən B.Hüseynov kök hüceyrə və regenerator tibb üzrə 3, genomika üzrə 9, molekulyar biologiya üzrə 12 dissertasiya işinin daxil edildiyini, tədqiqat metodlarının sayının isə 14 olduğunu qeyd edib.

Tədbirin sonunda gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Elmi-tədqiqat işlərinin həyata keçirildiyi müəssisə və təşkilatlar barədə məlumatların əldə olunması, materialların daha səmərəli şəkildə araşdırılması baxımından tədqiqat metodları üzrə məlumat-axtarış sisteminin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Müzakirələrdə Azərbaycan Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutu, Ağciyər Xəstəliklər Elmi tədqiqat İnstitutu, Cərrahiyyə Elmi Mərkəzi, Milli Onkologiya Mərkəzi və digər müəssisələrin rəhbərləri bir sıra təkliflər səsləndiriblər.

 

Əlipənah BAYRAMOV,
"Xalq qəzeti”

 

 

 

8 Sentyabr 2018 13:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə