Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİİ-nin rektoru Misir Mədəniyyət Mərkəzində olub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində olub.

Görüşün məqsədi Aİİ ilə Misir Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələlərinin müzakirəsi olub. Misir Mədəniyyət Mərkəzinin direktoru cənab Sami Əl-Aydi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını böyük məmnunluqla qarşılayıb. Aİİ-nin fəaliyyətini diqqətdə saxladığını bildirən Sami Əl-Aydi əməkdaşlıq baxımından  bir sıra təkliflərlə çıxış edib. Belə ki, mərkəzin direktoru Aİİ ilə Misir universitetləri arasında əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, o cümlədən müasir ərəb dilinin tədrisi ilə bağlı bir sıra məsələlərə toxunub. Sami Əl-Aydi Mərkəzin Aİİ-də ərəb dili və xəttatlıq kurslarının təşkilinə yaxından kömək edə biləcəyini, həmçinin Aİİ tələbələri üçün Misir Mədəniyyət Mərkəzində 3 aylıq dil kurslarının keçirilməsinin mümkünlüyünü vurğulayıb. Sami Əl-Aydi Aİİ kitabxanasının ərəbdilli ədəbiyyatla zənginləşdirilməsi məqsədi ilə kitablar hədiyyə edəcəyini bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini vurğulayan rektor müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb. İnstitutun ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən rektor institutda bununla bağlı ərəb dilinin, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin  tədris olunacağını qeyd edib. Aİİ rektoru  institutun fəaliyyətində dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəsisələrinin təcrübələrindən bəhrələncəyini söyləyərək  Misir universitetləri ilə təcrübə mübadiləsi, tələbə və müəllim heyətinin doktorantura və magistratura pilləsi üzrə təhsil imkanlarından danışıb.

Sonda Sami Əl-Aydi Misir Mədəniyyət Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ərəb dilinə tərcümə etdiyi “İşğal altındakı tarixi-dini abidələrimiz” adlı kitabı Aİİ-nin rektoru Ceyhun  Məmmədova təqdim edib.

 

“Xalq qəzeti”

8 Sentyabr 2018 12:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə