Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında rəsmi səfərdə olub və Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə həm təkbətək, həm də geniş tərkibdə görüş keçirib. İstər Rusiya, istərsə də Azərbaycan telekanallarının efirindən də izlədik ki, Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısı Vladimir Putin tərəfindən böyük mehribanlıqla qarşılanıb. Dövlət başçıları söhbət zamanı iki ölkə arasında tarixən formalaşmış dostluq və qonşuluq əlaqələrini davam etdirmək niyyətində olduqlarını bildiriblər. 
RF Prezidenti Vladimir Putin qeyd edib ki, hər iki lider arasında görüşlər müntəzəm xarakter daşıyır və bu da təbiidir. Çünki dövlətlər arasında qarşılıqlı fəaliyyətin əhatə dairəsi çox genişdir. “Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir”. 
Azərbaycan ­Prezidenti İlham Əliyev isə bu cür görüşlərin münasibətlərə dinamizm gətirdiyini bildirib. “Münasibətlərimiz tam dəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”. 
Şübhəsiz ki, Azərbaycanın Rusiya ilə tarixi əlaqələrinin müsbət məcrada davam etməsi sevindirici haldır. Bu, birbaşa Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun siyasətdir. Bu siyasətin əsasını ümummilli lider Heydər Əliyev qoyub və hazırkı dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu fikri Azərbaycan Prezidenti öz bəyanatında da səsləndirdi. “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik”.
Prezidentlər regional təhlükəsizlik məsələlərini, o cümlədən, uzun müddətdən bəri davam edən və Azərbaycan xalqına böyük iztirablar gətirmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə ediblər. Prezident İlham Əliyev uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin erməni işğalı altında olduğunu bildirib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. “Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi, tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.
Münasibətlərin inkişafında, təbii ki, Rusiya da maraqlıdır. Bunu Vladimir Putinin bəyanatı da təsdiq edir: “Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan birgə bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib”.
Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfərinin nəticəsində inanırıq ki, iki qonşu dövlət arasında əlaqələr gələcəkdə daha yüksək templə inkişaf edəcək və tərəflərin strateji müttəfiqliyi daimi olacaq. 

Nizami SÜLEYMANOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru

5 Sentyabr 2018 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə