Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zirvə görüşündə regionda və dünyada sülhün bərqərar edilməsi məsələsinə xüsusi diqqət yetirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) fəaliyyət göstərdiyi ötən dövr ərzində üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasətdə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, habelə transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələlərində mühüm rol oynayıb. 
TDƏŞ, eyni zamanda, indiyədək ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsinə, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılmasına, balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial--mədəni inkişafa səy göstərilməsinə də xüsusi önəm verib. 
Təşkilatın fəaliyyətində elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi də xüsusi yer tutub. 
Yuxarıda sadalananlarla bərabər, TDƏŞ-ə üzv ölkələr tərəfindən indiyədək kütləvi informasiya vasitələri arasında əlaqələrin inkişafı, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsi, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. 
Burada diqqəti TDƏŞ-in fəaliyyətində özünü daha qabarıq büruzə verən bir məqama yönəltmək istərdim. Bu da təşkilatın ötən dövr ərzində üzv ölkələr arasında beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, habelə transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi məsələsi ilə bağlıdır. Təşkilatın VI Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu amilə diqqət çəkərək deyib: “...Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır... Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir...”.
Yeri gəlmişkən, ­2013-cü ildən etibarən üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin keçirilməsinə başlanılıb. Üzv ölkələrin yüksək vəzifəli şəxslərinin (xarici işlər nazirlərinin müavinləri səviyyəsində) ilk görüşü 2013-cü ilin aprel ayında Bakıda, ikincisi isə 2014-cü ilin mart ayında Astanada reallaşıb. Tədbirlərdə Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə məsələləri müzakirə edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə respublikamızın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulanıb. 

Vahid ƏMİRASLANOV, siyasi elmlər üzrə 
fəlsəfə doktoru

5 Sentyabr 2018 22:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə