Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası öz fəaliyyətini genişləndirir

Əslində, genişlənən təkcə bizim həmin təşkilatdakı fəaliyyətimiz deyil. Türkdilli ölkələrin iş birliyinin təmin edilməsi məqsədilə yaradılmış qurumun VI Sammitində məlum oldu ki, indiyədək bu tədbirlərdə iştirak etməyən Özbəkistan və Macarıstan da artıq bizimlə eyni istiqamətdə fəaliyyət göstərmək arzularını bildirib və sammitə qoşulublar. Yəni ­TDƏŞ-in əhatə dairəsi də genişlənir.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında dedi ki, ölkəmiz bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu, çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır.
Təbii ki, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdəki maraqlarının təmin olunmasına xüsusi töhfələr verəcəkdir. Elə sammitin açılışında çıxış edən ­TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də demişdir ki, Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan olduğu kimi,TDƏŞ Sammitinin tribunasından da Azərbaycanın yeganə problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında əhatəli şəkildə söz açdı: “Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı törədilmişdir”. 
Bir azərbaycanlı və qarabağlı kimi məni daha çox maraqlandıran məqam dövlət başçımızın sammitdə bunları xatırlatması oldu. Prezident dedi ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası -- dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə, əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır”.
Sevindirici haldır ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası da digər beynəlxalq təşkilatlar kimi, Azərbaycanın haqq işini dəstəkləyir. Həmin ölkələrin hər birinin rəhbəri açıq şəkildə bəyan edir ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün apardığımız mübarizədə daim Azərbaycanın yanındadır. 

Əyyub ƏYYUBOV, 
Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru

5 Sentyabr 2018 22:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə