Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev milli-mənəvi dəyərlərimizin yorulmaz himayədarı idi

Mən Azərbaycan tarixini və mədəniyyətini Heydər Əliyev qədər sevən ikinci bir azərbaycanlı tanımıram. 
Nikolay BAYBAKOV,
Sovet dövlət xadimi

 

 

Bugünlərdə sosial şəbəkədə belə bir məlumat oxudum: “Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayev yazır ki, Azərbaycan xanlıqları ilə bağlı sovet dövrü tarixçilərimizin “Azərbaycan xanlıqları” adlı kitabında İrəvan xanlığı barədə heç nə yoxdur. Sovet dövründə “İrəvan şəhərinin tarixi” kitabı da buraxılıb. Ermənilər istədikləri məqamların hamısını doldurublar oraya. Ermənistanda hazırlanan “İrəvan xanlığı (1781-1900-cü illər)” kitabı da məhz ermənilərin istədiyi şəkildə – həqiqətin tamamilə əksinə olan məzmunda idi. İndi biz müstəqil dövlətik və mövzu da tədqiqata cəlb olunub. AMEA Tarix İnstitutunun bu mövzuda buraxdığı kitab Dövlət mükafatına layiq görülüb. Saytlarda həmin kitabın elektron variantı da var”.
Çox təəssüf ki, bu iradlar günümüzün reallıqlarıdır və həmin reallıqların hansı şəkildə aradan qaldırılması yollarını ulu öndər Heydər Əliyevin 2000-ci ilin son günlərində kütləvi şəkildə yayılan “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”ində görürük. 
Ümummilli lider həmin müraciətində uzaqgörənliklə bildirirdi: “Azərbaycanın taleyi belə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə sivilizasiyaların qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir. Məlumdur ki, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.
Bu kiçik xatırlatmadan sonra böyük məntiqə müraciət edən ümummilli lider yazırdı: “2000-ci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur. Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Dastanlarımız kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur”. 
Bütün bunları yada salan ulu öndər sanki beynəlxalq aləmdəki ikili siyasət yeridənlərdən, ermənipərəst dairələrdən, xüsusən, qloballaşma müəlliflərindən soruşurdu: Bu qədər maddi və mənəvi dəyərləri, zəngin tarixi, adət-ənənəsi olan xalq nə üçün qloballaşmaya uyaraq hansısa qitənin hansısa nümayəndəsi ilə eyni şəkildə düşünməli, eyni mədəniyyətə, eyni dəyərlərə mənsub olmalıdır? Heydər Əliyev dönə-dönə xatırladırdı ki, biz hamı ilə dostluq edəcəyik, bütün ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq quracağıq, ancaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərini daim qoruyacaq, əziz tutacaq və gələcək nəsillərə çatdıracağıq. 
Müraciətdə qeyd edilir ki, dünya xalqları və xüsusən, qloballaşma müəllifləri bilməlidirlər ki, Azərbaycan xalqı hələ Çar Rusiyasının əsarəti altında olarkən çox zəngin milli-mənəvi dəyərlər formalaşdırmışdır. Hələ 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çapdan çıxmışdı və bununla Azərbaycan mətbuatının bünövrəsi qoyulmuşdu. Cəlil Məmmədquluzadənin təşəbbüsü və başçılığı ilə nəşrə başlayan “Molla Nəsirəddin” jurnalı nəinki Azərbaycanın, hətta bütün Şərqin mətbuat tarixində özünəməxsus məktəbin əsasını qoymuşdu. Bu, Azərbaycanda milli mətbuatın formalaşıb öz təbii inkişaf axarına düşməsindən xəbər verirdi.
Həmin dövrdə mədəniyyətin ən böyük nailiyyətlərindən biri də milli teatrın yaranması idi. Məlumdur ki, Mirzə Fətəli Axundovun komediyaları hələ 1850-ci illərdə Peterburq və Tiflisdə tamaşaya qoyulmuşdur. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə milli Azərbaycan teatrının əsasını qoymuşdu. Bakıda azərbaycanlı tələbələrdən ibarət aktyor truppasının köməyi ilə Mirzə Fətəli Axundovun komediyaları səhnəyə qoyulmuşdur. İlk tamaşa “Lənkəran xanının vəziri”, sonra isə “Hacı Qara” olmuşdur. Bakı tamaşasından sonra 1870-ci illərin ikinci yarısında Quba və Şəkidə Azərbaycan dilində teatr tamaşaları təşkil edilmişdi. Diqqətəlayiq cəhətdir ki, teatr tamaşalarının verilməsində Qori Müəllimlər Seminariyasının məzunları fəal rol oynamışlar. 1879-cu ildə Şəkidə Rəşid bəy Əfəndiyev, 1882-ci ildə Şuşada Yusif bəy Məlikhaqnəzərov, 1883-cü ildə Naxçıvanda Məhəmmədtağı Sidqi teatr həvəskarlarının köməyi ilə Axundovun komediyalarından tamaşalar vermişlər. Bütün bunların sahibi olan xalqımız öz milli, mənəvi dəyərləri ilə haqlı olaraq fəxr edir. 
Biz bu yazıya ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, xüsusən, milli tariximizin qorunub saxlanılması istiqamətində atdığı addımlardan danışdıq. Ancaq o da faktdır ki, ulu öndərin siyasi davamçısı, müasir dünyanın ən uzaqgörən liderlərindən olan Prezident İlham Əliyev də bu məsələlərdə özünəməxsus fəaliyyət, xidmət sahibidir. Belə ki, ­Prezident İlham Əliyevin təşəbbüsü ilə ­yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu bu sahəyə sistemli dövlət qayğısının bariz nümunəsidir. 
Xalqımızın öz tarixini və milli-mənəvi dəyərlərini qoruyub saxlamasında və inkişafında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən başqa ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Fondunun da fədakar missiyası mövcuddur. Qeyd edilir ki, xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir.
Məhz həmin fondun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılışında qeyd edilmişdi ki, Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi yeni həyatına başlayır. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi milli-mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilir. Xatırladaq ki, adıçəkilən məscid Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində bərpa edilmişdir.
 Qeyd edilən bu fakt və arqumentləri yekunlaşdıraraq, belə qənaətə gəlirik ki, milli tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının, cəmiyyətin ayrı-ayrı zümrələrinin, yaradıcı birliklərin, ictimai təşkilatların , dövlətin və ən nəhayət, dövlət başçımızın daim diqqət mərkəzində saxladığı fəaliyyət istiqaməti, müqəddəs borc kimi yerinə yetirilən əməllərdir. İnanırıq ki, xalqımız və dövlətimiz var olduqca, bu tendensiya da yaşayacaqdır. Elə Qərbi Azərbaycan və İrəvan tarixi də məhz həqiqətdə olduğu kimi, tarixi faktlar əsasında yazılacaq və dünya ictimaiyyətinə çatdırılacaq. 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

5 Sentyabr 2018 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə