Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vahid iqtisadi məkanın yaranması türk birliyini reallaşdıran əsaslardan biri olacaq

Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. 2009-cu ildə Naxçıvanda keçirilən 1-ci Zirvə görüşündə yaradılan TDƏŞ-in ötən vaxt ərzində gördüyü fəaliyyəti göz önündədir.Türk Konseyinin yaranmasından bəri ötən hər Zirvə görüşündə biz birliklə bağlı atılan addımların ciddiliyini hiss etməkdəyik. Türk birliyi ilə bağlı atılan bütün addımlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev əsas təşəbbüskarlardan və dəstək verənlərdəndir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması və az bir zaman ərzində ciddi addımlar atması sübut etdi ki, türk dövlətlərinin ölkə rəhbərləri bu birliyin qurulması üçün yetərincə siyasi iradə nümayiş etdirirlər. Siyasi iradə və iqtisadi dəstəyin olması əsas təməl bazalardır və yalnız bundan sonra səmərəli fəaliyyət göstərmək mümkündür. VI Zirvə görüşündə ən önəmli məsələ Konseyin tərkibinin daha da zənginləşməsi, gözlədiyimiz əsas ölkələrdən olan Özbəkistanın və Macarıstanın da bu birlikdə təmsil olunmasıdır. Ümid edirik ki, çox yaxın zamanda Türkmənistan da öz milli soykökünə, tarixinə bağlı olan bu birlikdə aktivləşəcək.

 

Bir məsələni də bildirək ki,  Bişkekdə keçirilən tədbirdə Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi olduqca müsbət addımdır. Macarıstan son illər türk dövlətləri ilə bağlı əlaqələrin inkişafına xüsusi önəm verir. Bunun əsas səbəbi tarixi köklər, əqrabalıq bağlarıdır. Hər iki ildən bir Macarıstan Hun-Türk qurultaylarını təşkil edir, türksoylu xalqlarla münasibətlərini inkişaf etdirir. Hər iki ildən bir biz də bu qurultaylara qatılırıq. Keçən ay Macarıstanda keçirilən qurultayda Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak çıxışında bildirdi ki, macarlar türk qardaşlarını tapana qədər özlərini Avropada yalnız hiss edirdilər. Bu, o deməkdir ki, Macarıstan Türk Konseyinə sadəcə təmsil olunmaq xatirinə gəlmir, həm də ən fəal üzvlərdən biri olacaq.

Həmçinin Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun bu tədbirdə iştirakı da alqışlanmalıdır. Bu, Rusiya Federasiyası, eləcə də digər ölkələrin daxilində subyekt halında mövcud olan digər türk muxtar dövlətləri üçün də bir təşviq rolu oynayacaqdır. Bütün türksoylu xalqlar özlərini mənəvi olaraq Türk Konseyində görür, bu istək reallaşdırılmalıdır.

Hətta Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birgə Köçəri Mədəniyyəti Mərkəzi yaratması da olduqca vacib məsələdir. Bu mərkəz Türk dövlətlərini yaxınlaşdıran, birləşdirən əsas qurumlardan biri olacaq. Qeyd edildiyi kimi, mərkəzin əsas missiyası idman tədbirlərinin təşkili, türk xalqlarının köçəri mədəniyyət ənənələri ilə bağlı irsinin populyarlaşdırılmasıdır. Bu məsələdə yenə Macarıstan örnəyini göstərə bilərik. Macarstanda keçirilən qurultaylar məhz qədim türk döyüş sənətlərini, ədət-ənənələrini təbliğ edir. Bu da milli ruhun oyanması, gənc nəslin milli ruhda tərbiyə olunması baxımından ən təsirli vasitələrdəndir.

Ümumiyyətlə, son bir neçə il ərzində türk birliyi ilə bağlı mühüm qərarlar qəbul edilib, türk dövlətlərinin ortaq iqtisadi məkanının yaradılması məsələsi gündəmə gəlib. İnanıram ki, vahid iqtisadi məkanın yaranması türk birliyini reallaşdıran əsaslardan biri olacaqdır. Çünki bir çox türk dövlətlərinin iqtisadi asılılığı onların türk dünyasına inteqrasiyasına əngəl olan əsas amildir.

 

İlham İsmayılov,
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

 

5 Sentyabr 2018 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə