Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalılara məxsus heyvanlarda profilaktiki peyvəndləmə aparılır

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq, xocalılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, xocalılara məxsus heyvanlar arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Xocalı Rayon Baytarlıq İdarəsinin 3 sahə baytar məntəqəsi vasitəsi ilə həyata keçirilir.

Hazırda Xocalı rayonunun sakinləri ölkənin 35-ə yaxın rayon və şəhər ərazisində məskunlaşıb. Rayon Baytarlıq İdarəsi  tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində heyvanlar arasında xəstəlik əleyhinə peyvəndləmə aparılır. Aprel ayının ilk günlərindən isə idarənin əməkdaşları xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbirinə başlayıblar. Artıq 8500 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb. Bununla yanaşı 120 baş iribuynuzlu heyvanlarda vərəmə görə allergik müayinə aparılıb. Yuxarıda qeyd edilmiş tədbirlərlə yanaşı, 7000 kv.m.-ə yaxın ərazidə profilaktiki dezinfeksiya işləri tam təlimata uyğun olaraq aparılıb.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra xocalılara məxsus ev quşları arasında nyukasl, irbuynuzlu heyvanlarda nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliklərini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan, ana qoyun və keçilərdən qan nümunələrinin götürülməsi, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Aprel 2019 14:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə