Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın dövlət borcunun idarə edilməsi üçün əsas məqsədlər müəyyənləşdirilib

Orta və uzun müddətdə Azərbaycanın dövlət borcunun idarə edilməsi üçün 3 əsas məqsəd müəyyənləşdirilib. Prezident İlham Əliyevin  24 avqust 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da bu barədə ətraflı bəhs edilib.  
Sənəddə bildirilir ki, mövcud kreditlər üzrə nəzərdə tutulan vəsaitdən istifadə, eyni zamanda, prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə yeni borcalmalar 2019-cu ildə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin artaraq 24,7 faiz olmasına gətirib çıxarsa da, əlavə borcalmaların həyata keçirilməməsi və dövlət borcuna xidmət xərclərinin cəlb olunacaq vəsaitdən çox olması ilə dövlət borcu portfelinin həcmi azalacaq. Nəticədə borcalmaların 2020-ci ildə 10,7 milyard ABŞ dollarından 2025-ci ildə 7,7 milyard dollara çatdırılması təmin ediləcək.
Qarşıdan gələn strateji dövrdə (2018–2025-ci illər) dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd gələcək illər üçün dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətinin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Sözügedən strateji çərçivə daxili borcalmanı təkcə alternativ maliyyələşmə mənbəyi kimi deyil, eyni zamanda, daxili maliyyə bazarlarının inkişafı üçün zəruri alət kimi nəzərdə tutur.
Strategiyada qarşıya qoyulan birinci əsas məqsəd həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etməkdir. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olmasına çalışılacaq.     
İkinci strateji məqsəddə isə dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaq nəzərdə tutulur. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması (mövcud portfel üzrə göstərici 94,3 faiz) nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi (mövcud portfel üzrə göstərici 49,7 faiz) qarşıda mühüm vəzifə kimi durur.  
Digər strateji məqsəd isə yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi ilə bağlıdır. Bu istiqamətdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanmasını təmin edəcək.
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da cari il respublikamızda ümumi daxili məhsul istehsalının (ÜDM) 74 milyard 646,9 milyon manat, 2019-cu ildə 75 milyard 389,2 milyon manat, 2020-ci ildə 81 milyard 245 milyon manat, 2021-ci ildə isə 84 milyard 973,1 milyon manat olacağı proqnozlaşdırılır. Sənəddə, həmçinin cari ildə real iqtisadi artım tempinin 2 faiz, gələn il 3,1 faiz, 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 2,4 faiz təşkil edəcəyi nəzərdə tutulur.
Bundan başqa, proqnoza görə, inflyasiya bu il 6,1 faiz, qarşıdakı ildə 4,7 faiz, 2021-ci ildə isə 3,1 faiz təşkil edəcək.
Sözügedən strategiyada hazırda Azərbaycanda dövlət zəmanəti ilə cəlb olunan xarici borcun ÜDM-ə nisbətinin 14 faiz, daxili borcun ÜDM-ə nisbətinin isə 16,7 faiz təşkil etdiyi diqqətə çatdırılır. Eyni zamanda, bu ilin əvvəlinə dövlət təşkilatlarının dövlət zəmanətli borclarının ümumi məbləğinin 21 milyard 561,4 milyon manat olması vurğulanır. Bundan başqa, sənəddə dövlət zəmanətli məcmu borcun 9 milyard 849,2 milyon manatının və ya 45,7 faizinin xarici borcun, 11 milyard 712,2 milyon manatının və ya 54,3 faizinin isə daxili dövlət zəmanətli borcun payına düşdüyü göstərilir. Eyni zamanda, dövlət zəmanətli xarici borcun ÜDM-ə nisbətinin 14 faiz təşkil etdiyi qeyd olunur.  
Adıçəkilən strategiyada 2018–2025-ci illərdə əlavə olaraq 100 milyon manatlıq dövlət qiymətli kağızlarının buraxılması da nəzərdə tutulur. Sənəddə, eyni zamanda, mövcud daxili dövlət borcu üzrə dövlət istiqrazlarının və Mərkəzi Bank qarşısındakı öhdəliklərin 2023-cü ilədək tamamilə ödəniləcəyi bildirilir.  
Hazırda respublikada qısamüddətli (1 illik) və ortamüddətli (2 və 3 illik) dövlət istiqrazları buraxılır. 2018–2025-ci illərdə isə hər il mövcud dövlət istiqrazları üzrə xidmət xərclərini ödəyəcək məbləğdə və əlavə olaraq 100 milyon manat məbləğində əlavə dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da vurğulanır ki, daxili bazarın inkişafını təmin etmək məqsədilə daxili dövlət borcunun illər üzrə tədricən artması proqnozlaşdırılsa da, bu borcun hər il emissiya ediləcək dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilməsi nəticəsində dövlət büdcəsi üzərinə ağır yük düşməyəcək. Lakin bununla belə, məlum olduğu kimi, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivlərin alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti ilə ümumi həcminin yuxarı həddi təqribən 10 milyard manat olan istiqrazların buraxılışını həyata keçirib və bu istiqrazlar üzrə əsas borc ödənişləri 2020-ci ildən etibarən başlayacaq. 
Ölkə səviyyəsində prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq 23 faiz olacağı, lakin dinamikanın sonradan azalan tendensiya üzrə davam edəcəyi də gözlənilir. Belə ki, növbəti illərdə xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2021-ci ildə 19,5 faiz, 2025-ci ildə isə 12 faiz olacağı proqnozlaşdırılır. Qeyd olunan vəziyyətdə, hazırda xarici dövlət borcuna xidmət xərclərinin nisbətən artmasına baxmayaraq, illər üzrə xidmətin rəvan dinamikada həyata keçirilməsi təmin olunur və büdcə xərclərinin kəskin dəyişməsinin qarşısı alınır.
Strategiyada deyilir ki, respublika hökuməti yaxın iki il ərzində ölkə iqtisadiyyatının artımı üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Belə ki, əgər hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5 faiz səviyyəsində gözləyirdisə, indi proqnoz iki faizə qədər artırılıb. 2019-cu il üçün proqnoz 1,4 faizdən 3,1 faizədək yenidən nəzərdən keçirilib. 
Strategiyada, eyni zamanda,  2018-ci ildə və ortamüddətli dövrdə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağının gözlənildiyi də qeyd olunub. Belə ki, yerli qurumlarla yanaşı, bir sıra mötəbər beynəlxalq maliyyə təşkilatları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırıb.
Qeyd edək ki, son vaxtlar Azərbaycan iqtisadiyyatında sabit artım nəzərə çarpıb. “Fitch Ratings”, “Standard & Poor's” və “Moody's” kimi beynəlxalq reytinq agentlikləri bununla bağlı ölkə iqtisadiyyatında müsbət dəyişiklikləri qeyd edib. “Standard & Poor's” isə Azərbaycanda ÜDM-in orta artımını 2022-ci ilə qədər üç faiz səviyyəsində proqnozlaşdırıb. 
Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”

30 Avqust 2018 21:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə