Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət tibb müəssisələrinin rəhbər heyəti ilə “Azərbaycanda icbari tibbi sığortaya hazırlıq” mövzusunda görüş keçirib. Məqsəd rəhbər heyəti icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlərlə bağlı məlumatlandırmaq olub.

Görüşdə səhiyyə naziri Oqtay Şirəliyev, Birinci vitse-prezidentin köməkçiləri Xalid Əhədov və Emin Hüseynov, Agentliyin idarə heyətinin sədri Zaur Əliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak ediblər.

Səhiyyə naziri deyib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyin yaradılmasına əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müalicə və diaqnostik imkanlarının genişləndirilməsinə gətirəcək. Göstərilmiş xidmətlər müqabilində işçilərin  əməkhaqlarına müəyyən olunmuş əlavələr onların əməyini stimullaşdıracaq.

Xalid Əhədov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səhiyyəyə ayırdığı diqqətindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda sağlamlaşdırıcı aksiyalar, ürək çatışmazlığından və digər patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. O, icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq olunduğu ərazilərdə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

İcbari tibbi sığortanın tətbiqi çərçivəsində dövlət tibb müəssisələri ilə əməkdaşlıq perspektivləri barədə danışan Agentliyin idarə heyətinin sədri Zaur Əliyev, səhiyyəyə ayrılan vəsaitlərin səmərəli istifadəsində, səhiyyənin maliyyələşdirilməsi üçün yeni resursların cəlb edilməsində icbari tibbi sığortanın əhəmiyyətini qeyd edib. Z.Əliyev xəstəxanadaxili qeydiyyat sisteminin yeni tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb.

Agentliyin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “Xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidlə bağlı hazırlıq tədbirləri” mövzusunda təqdimatla çıxış edib. O, həmçinin icbari tibbi sığortanın xidmətlər zərfi və maliyyə mənbələri barədə də danışıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanına əsasən 1 yanvar 2020-ci il tarixindən etibarən bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri Agentliyin nəzdində yaradılan TƏBİB-in tabeliyinə veriləcək.

 

 Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Aprel 2019 11:43 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə