Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial-iqtisadi inkişaf prosesinin müsbət demoqrafik təzahürü

Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımı davam edir. Prezident cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır.

2003-cü ilin əvvəlindən əhalinin sayı 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır. 2018-ci ildə ölkədə 139 min körpə doğulub. Doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında  73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.

Azərbaycan Prezidentinin təsdiq etdiyi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.

Hazırda ölkəmizdə demoqrafik vəziyyətin qiymətləndirilməsi və təkmil proqnozlaşdırma metodologiyasının yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Fondu ilə birgə işlər aparılır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Aprel 2019 11:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə