Ən son xəbərlər
Milli Məclisin deputatı Qənirə Paşayeva ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərin, soyqırımların dünyada daha da geniş yayılması, istiqamətində işləri gücləndirməyi təklif edib. Bildirib ki, ölkəmizdə səfərdə olan xarici qonaqlarla Bakıda görüş zamanı onlara 31 mart - Azərbaycanlılarının soyqırımı günü ilə bağlı geniş məlumatlar verilən zaman onlar bu cinayətləri özündə əks etdirən muzeyin olub-olmaması və oranı ziyarət etmək istədiklərini söyləyiblər.
O deyib: “Qonaqlara Quba soyqırımı memorial kompleksi barədə məlumatlar verilib. Amma Bakıda 31 mart soyqırımı, Xocalı soyqırımı, Qaradağlı soyqırımı, Bağanis-Ayrım ,Ağdaban faciəsi, ümumiyyətlə ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi cinayətləri özündə əks etdirən bir muzeyin yaradılması vacibdir. Nəzərə alsaq ki, ölkəmizə gələn qonaqların və turistlərin əksəriyyəti Bakıya gəlir, belə bir muzeyin Bakıda yaradılması zəruridir. Bir neçə gün əvvəl İstanbulda səfərdə olduğum zaman ermənilərin "Daşnaksyutun" terror təşkilatının üzvü Misak Torlakyanın qətlə yetirdiyi Azərbaycan Xalq Cümhuriyəti qurucularımızdan, daxili işlər naziri olmuş, Qarabağ xanının nəvəsi Behbud xan Cavanşirin məzarını ziyarət etdik. Onu qətlə yetirənlər ədalət qarşısında cavab vermədilər. Biz onların tarix qarşısında cavab verməsinə nail olmalıyıq. Amma çoxları dünyada Behbud xan Cavanşir də daxil olmaqla, bir sıra Cümhuriyyət qurucularının məhz erməni quldurlarının qətlə yetirdiyini bilmirlər. Həmin muzeydə bu böyük şəxsiyyətlərimizlə də bağlı guşələrin olması çox vacib məsələdir. Mən buradan müvafiq dövlət qurumlarına müraciət edərək qısa zamanda Bakıda Soyqırım muzeyinin yaradılmasına çağırıram. Bu, həqiqətlərimizin təbliğində də, erməni yalanlarına qarşı mübarizədə də çox vacib bir məsələdir."
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə