№ 109 Bakı şəhəri, 18 mart 2019-cu il
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti qarşısında qoyulmuş məqsədlərə nail olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinə qənaət olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1055; 2013, № 1, maddə 75; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 651; 2018, № 3, maddə 580, № 10, maddələr 2142, 2167) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın yeddinci abzası ləğv edilsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələlərlə bağlı müvafiq tədbirlər görsün.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri