Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 65    Bakı şəhəri, 26 fevral 2019-cu il


“Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1649; 2016, № 10, maddə 1716, № 11, maddə 1966, № 12, maddə 2222; 2017, № 4, maddə 614, № 12 (II kitab), maddə 2538; 2018, № 5, maddə 1145, № 11, maddə 2430) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları: 
3.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etsinlər;
3.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olan peşə təhsili müəssisələrinin (xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini bu Qərarın 4.1-ci bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən iki ay müddətində və nizamnamələrində dəyişiklikləri bu Qərarın 4.3-cü bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən bir ay müddətində təsdiq etsinlər;
3.3. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş nizamnamələr (nizamnamələrdə dəyişikliklər) təsdiq edildikdən sonra tabeliyində olan peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etsinlər;
3.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etsinlər.
4. Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:
4.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsinlər; 
4.2. bu Qərarın 4.1-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etsinlər;
4.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrində dəyişikliklərin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsinlər və bundan irəli gələrək tabeliyində olan peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etsinlər. 
5. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə