Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu dünyanın cəhənnəmindən qayıdanlar...

Danışır Xocalı şahidləri

Onlara başqa nə ad verəsən?! O gecə onların taleyinə şəhidlik deyil, şahidlik yazılsa da, əslində, dəhşətli bir cəhənnəmi öz gözləri ilə görməli, misilsiz işgəncə və ağrıları canlarında yaşamalı oldular. Doğrudanmı, düşmən olsalar da, insan insana qarşı bu qədər qəddar və amansız ola bilərmiş? Beləliklə, danışır bu dünyanın cəhənnəmindən qayıdan Xocalı şahidləri:
Səidə Cəfərova:

– Fevralın 25-də axşama doğru ermənilər Xocalını atəşə tutmağa başladılar. Adəti üzrə atışma düşəndə qadınlar, yaşlılar, uşaqlar zirzəmilərə doluşurdular. Həmin günün axşamı da atışma başlayanda üz tutduq zirzəmiyə. Amma bir az keçəndən sonra, - təxminən gecə saat 11 olardı, - dedilər ki, ermənilər sovet ordusunun bölmələri ilə birləşib şəhərə hücuma keçiblər, hər tərəfdən tanklarla bizi mühasirəyə alırlar. Məsləhət görüldü ki, qadınlar, qocalar körpələri də götürüb meşə ilə Ağdama tərəf getsinlər. Zirzəmidən çıxıb yanacaqdoldurma məntəqəsinin yanına gəldik. 
Vəziyyət o qədər gərgin idi ki, əynimizə palto, ayaqqabı geyməyə macal tapmamışdıq. Xocalı camaatının bir hissəsi yanacaqdoldurma məntəqəsinin yanına yığılmışdı. Ermənilərin hücumu getdikcə şiddətlənirdi, şəhəri topa tuturdular. Elə burdan meşə yolu ilə Ağdam tərəfə üz tutduq. Camaat dəstələrlə, necə gəldi, kor-koranə gedirdi. Tərslikdən həmin gün möhkəm şaxta idi. Ayağımda ayaqqabı olmadığından ayaq barmaqlarımın ucu sırsıra bağlamışdı. Əllərimi demək olar ki, hiss etmirdim. Səhərə yaxın birtəhər gəlib Xocalı ilə Ağdamın arasında yerləşən Qarakənd kəndinin yaxınlığına çatdıq. 
Elə burda ermənilər camaatımızın qarşısını kəsib, böyük əksəriyyətini qırdılar. Şumluq olan bu ərazidə daldalanmağa, güllədən gizlənməyə yer yox idi. Məcbur olub qarda sürünə-sürünə ərazini keçməyə başladıq. Amma hava işıqlandığı üçün ermənilər adamları görürdülər. Mənimlə bir yerdə olanların bir hissəsi həlak oldu, bir qismi isə yaralandı... Biz Xocalını nisbətən tez tərk etmişdik. Ona görə də alaqaranlıqda sağ qalanlar oldu. Amma elələri vardı ki, Xocalıdan bir qədər gec çıxmışdılar. Ermənilər onların əksəriyyətini əsir götürdülər. Əsir götürə bilmədiklərini isə öldürdülər. Mən də çiynimdən yaralandım. Al-qan içində idim. Sürünə-sürünə bir xeyli getdikdən sonra yolu tanıyanlar dedilər ki, artıq Ağdamın Şelli kəndinə çatmışıq... 
Məhəmməd Orucov:
– Şəhərə hücum başlananda 16 yaşlı oğlum Xaqani evə girib məni, qızlarım Leylanı və Aybənizi, 2 yaşlı nəvələrim Fuadı və Muradı meşəyə qaçırdı. Əmimdən xəbərimiz yox idi. 2 gün meşədə qarın-çovğunun içində qalandan sonra ermənilər bizi tutub Pircamala apardılar. Hamımızı tövləyə saldılar. Tövlə əsirlərlə dolu idi. Əmimi də burada gördüm. Gözlərimiz qarşısında əmimi və oğlumu möhkəm döydülər.
Sonra faşistlər əsirlər arasında 10-13-15 yaşlı qızları seçib ayırdılar...Həyat yoldaşımı da bir neçə nəfərlə Əsgərana aparıb güllələdilər. Bundan sonra məni buraxdılar, qızlarımı, oğlumu və nəvələrimi isə əsir saxladılar.
Dürdanə Ağayeva:
– Mən o zaman Xocalı Rabitə Qovşağında telefonçu işləyirdim. Bu işə ­1989-cu ildə təyin olunmuşdum. Faciə baş verənə qədər sakinlərin, demək olar ki, hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər gedirdi. Ona görə də heç kim yatmamışdı. Topun, tankın səsindən qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha da kəskinləşdi və şəhər gülləbaran edilməyə başlandı və insanlar pərən-pərən düşdü.
Bir qədər gedəndən sonra hamilə bir qadını güllə ilə qarnından vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi görürmüşlər. Bir qədər sonra qardaşımı da güllə ilə yaraladılar. Bizi əsir alıb Əsgərana gətirdilər. Bura gələndə gördüm ki, Xocalı sakinlərinin demək olar ki, böyük bir hissəsini əsir götürüblər. Bütün kameralar, dəhlizlər xocalılarla, tanıdığım insanlarla dolu idi. Sonra bizi ayırmağa başladılar, qadınları bir, kişiləri isə digər kameraya yığdılar. Təxminən, 40 qadın ­qalmışdıq.
Qocalara və qadınlara məhəl qoymadan vəhşicəsinə döyürdülər. Sonra başladılar qiymətli əşyaları yığmağa. Kimin üstündə qızılı, gümüşü var idisə, hamısını aldılar. Ciblərimizi, çantalarımızı yoxladılar. Nə var idisə, hamısını vedrəyə yığdılar. Axşam ermənilər gəlib uşaqlı qadınların hamısını apardılar. Sonradan dedilər ki, onları benzinin əvəzində dəyişiblər. 
Ramil Musayev: 
– Onda mənim 13 yaşım var idi... Bir hadisə də heç yadımdan çıxmır, biz meşədə olanda bir Məhsəti qadının qucağında körpə bir uşaq vardı. Uşaq aclıqdan, susuzluqdan, soyuqdan hey ağlayırdı. Gözlərimin önündə uşaq səs salmasın deyə ana öz övladını sakitləşdirmək istədi. Bir xeyli keçəndən sonra səs gəlmədiyini görən ana körpəsini bağrına basdı. Körpə ölmüşdü. Bu ara ermənilər ananı da vurdular.
Ermənilər 12-13 nəfər əynində Milli Ordu paltarında olan kişiləri güllələdilər. Onların arasında X sinifdə oxuyan Xaqani adında bir oğlan da var idi. Sonra əlində tank əleyhinə qumbara tutmuş Telmanı da güllələdilər. Növbə mənə çatdı. Ayaqlarımı soyundurdular. Özüm də güllə dəymiş sağ ayağımı, don vurmuş, qaralmış barmaqlarımı görəndə dəhşətə gəldim... Hə, bu dözülməz vəziyyətə baxmayaraq, bircə-bircə ayaq dırnaqlarımı kəlbətinlə çəkib-çıxartdılar. Bağırtım göylərə bülənd olmuşdu...
Mirəş Əliyeva:
– Biz meşədə qara bata-bata dolaşırdıq. Yolu keçəndə mənə güllə dəydi. Yıxıldım və daha ayağa dura bilmədim. Haradasa meşədən, səngərdən tez-tez atəş açılırdı. Əlif məndən yapışıb yolun qırağına tullandı. Meşədən açılan atəşlər bir müddət ara verdi. Əlif (Xocalı aeroportunun komandiri – T. A.) başını qaldırmadan yolun o biri tərəfində uzanmış qadınlara qışqırırdı ki, tez yolu keçsinlər. Bu vaxt ərzində 20 nəfərədək qadın və uşaq yolu keçmişdi. Əlif avtomatın darağını dəyişməyə başlayanda ermənilər cavab atəşi açdılar. Güllələrdən biri düz Əlifin alnına dəydi.
Cəmil Məmmədov:
– Şəhərə girən tanklar və zirehli transportyorlar evləri dağıdır və adamları basıb keçirdilər. Rus əsgərlərinin arxasınca erməni yaraqlıları gedirdilər. 5 yaşlı nəvəmi götürüb meşəyə tərəf qaçdım. Gecə uşağın donmaması üçün paltarımı çıxarıb onu bürüdüm. Lakin bu kömək etmirdi. Qarı qazıb uşaqla birlikdə onun içinə girməli olduq. Səhər uşağın buna tab gətirməyəcəyini başa düşüb yaxınlıqdakı Naxçıvanik erməni kəndinə tərəf yollandım.
Orada bizi silahlı ermənilər qarşıladılar. Məni döydülər, söydülər və kəndin komendantının yanına apardılar. O əmr etdi ki, bizi pəyəyə salsınlar. Pəyədə artıq azərbaycanlı qadınlar və uşaqlar var idi. Pəyədə bizi 4 gün saxladılar, nə çörək, nə su verdilər. 4 gün sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım. Erməni muzdluları (mən erməni dilini bilirəm və yerli ermənini gəlmə ermənidən seçirəm) ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar. Ermənilərin arasında olan zəncilər havaya tullanaraq ayaqları ilə üzümdən vururdular. Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və qızlarımdan heç bir xəbər çıxmadı.

 

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

26 Fevral 2019 22:44 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə