Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımının əks-sədası

The Washington Post 
28 fevral 1992-ci il Tomas Qolts, Ağdam, Azərbaycan, 27 fevral:


- Döyüş vəziyyətində olan Dağlıq Qarabağın şərqində yerləşən Ağdamın baş məscidinin xidmətçiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri məscidə 477 meyit gətiriblər.
Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.
Bu gün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.
Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.
Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları “müsəlman olduqları üçün” döyürdülər.
Fərarilər bildirdilər ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdilər ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: “Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.


INDEPENDENT
29 fevral 1992-ci il Elen Vomak:


– Ağdamdakı “Röyter”in müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüş onlarla insanı dəfn edirdilər. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.


THE SUNDAY TIMES
1 mart 1992-ci il Tomas Qolts, Ağdam, Azərbaycan:


--Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də, minlərlə insan itkin düşmüş və ölmüşdür.
İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları doğramağa başladılar”. Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.
Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.
Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.
Sağ qalanların dediyinə görə daha 2 min  adam hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan, yaxud da aldıqları yaralardan ölüb.
Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.
Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir. Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan bölgənin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.


TIMES
2 mart 1992-ci il “Qarabağda cənazə təpələri”:


– Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub. Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarca insan cənazələri əks etdirilirdi.
Azərbaycanlılar iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı, ən azı, 1000 nəfər öldürülüb. Daha 4 min nəfər yaralanmış, donub ölmüş, yaxud itkin düşmüşdür.
Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.
Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə həmin təpələrdə onlarca meyit göstərilirdi.


The Washington Post 
2 mart 1992-ci il “Erməni basqınları azərbaycanlıların ölümü və qaçqın düşməsi ilə nəticələnir”:


– Xocalının 10 min əhalisindən, təxminən, 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan Televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.


The New York Times
3 mart 1992-ci il
“Ermənilərin törətdiyi qırğın”:


– Ağdam, Azərbaycan, 2 mart (“Röyter”) – Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.
Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedilər ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.
Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların və uşaqların başlarının dərisi soyulmuşdur. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləyə tutdular”.
“Röyter”in fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.


“Times”,
3 mart 1992-ci il 
“İşıqlandırılmamış soyqırım”, Anatoli Liven:


– Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının azərbaycanlı qaçqınlara qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itkin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırımı nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.
Burada 31 meyit var idi. Ən azı, daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darmadağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmayan meyitlər də istisna olunur.
Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: “Biz olduğumuz yerdə 200 nəfər öldürüldü”. Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləyə tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdülər. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi. Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi – biri polis, ikisi isə milli könüllülər idi. 
Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar  uşaqlı idilər. Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.


BBC
3 mart 1992-ci il


– Canlı yayımda olan ­BBC-nin müxbiri xəbər vermişdir ki, o, ­100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.
Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdular. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.


“Nyu York Tayms”,
3 mart 1992-ci il
“Ermənilər tərəfindən törədilən soyqırım”:


– Ağdam, Azərbaycan, 2 mart (“Röyter”). Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edirlər. İTAR-TASS İnformasiya Agentliyi xəbər verir ki, 366-cı motoatıcı alayı ərazidən çıxmağa, əslində isə, müharibə edən iki etnik qrup – ermənilər və azərbaycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.
“Röyter”in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. “Birinci dəfə 35 meyit saydım və məncə, ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.
Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birliyə üzv dövlətlər xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.
Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi.


The Boston Blobe
3 mart 1992-ci il
Pol Kuin-Cac, Bakı, Azərbaycan:


– Dünən Azərbaycan erməni hərbçilərini keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi. Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir.
Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməklə çətinlik çəkirlər. İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBC xəbər vermişdir ki, fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.
Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 nəfər əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücuma başçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.
Hazırladı:

 

T. AYDINOĞLU,
“Xalq qəzeti”

26 Fevral 2019 22:36 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə