Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı faciəsinin qurbanları ehtiramla anıldı

SUMQAYIT 
 
Gənclər şəhərində anım tədbirləri “Göyərçin” abidəsinin qarşısından start götürən yürüşlə başlandı. Yürüşə qatılan şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin qarşısına gələrək onların ruhuna ehtiramlarını ifadə etdilər. 
Faciənin 27-ci ildönümü ilə əlaqədar ötən həftədən etibarən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında ədəbi-bədii tədbirlər, xatirə gecələri, sərgilər təşkil olunub, şahidlərlə görüşlər keçirilib.
Fevralın 26-da isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təşkilat və idarələrin rəhbərləri, habelə ağsaqqallar, ziyalılar və gənclər ümumşəhər anım mərasimində iştirak etdilər. Xocalı abidəsinin önünə gül dəstələri qoyuldu və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Mərasimdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verildi. Bu soyqırımı nəticəsində dinc əhaliyə amansızlıqla divan tutulub, yüzlərlə uşaq, qadın, qoca qətlə yetirilib, şəhər tamamilə Yer üzündən silinib. Əsir götürülənlər və itkin düşənlər də az olmayıb. Bildirildi ki, bu faciənin dünya ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib. Bunun nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl yırtıcı siması göstərilir.
Mərasimin sonunda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində məskunlaşmış Xocalı köçkunləri ilə görüşdü və onların qayğıları ilə yaxından maraqlandı. Xocalı köçkunləri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər. Azərbaycanın haqq səsinin mütləq eşidiləcəyinə, işğal altında olan bütün torpaqlarımızın düşməndən azad ediləcəyinə möhkəm əminlik ifadə olundu.
 
Abşeron 
 
Xocalı soyqırımının 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da silsilə tədbirlərlə anılıb. Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq idarə və təşkilatlarda, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər keçirilib. 
Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, habelə rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
İştirakçılar əvvəlcə mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olmuşlar.
Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub. 
Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. 
Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətlər, ermənilərin vəhşiliyi, şəhərin yer üzündən silinməsi, bu soyqırımına dünyanın göz yumması, nəhayət, Xocalının azad olunması gününün yaxınlaşmasından bəhs edilir.
 
Şamaxı 
 
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri tərəfindən “Soyqırımı abidəsi” ziyarət edilmiş, abidənin önünə tər qərənfillər düzülmüşdür.
Tədbir Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilmişdir. İştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bu günün tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev soyqırımı faktına beynəlxalq hüquqi və siyasi qiymətin verilməsi üçün ardıcıl iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəltdi. Natiq çıxışının sonunda bir daha qeyd etmişdir ki, İnsanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. Daha sonra tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin və şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəb şagirdlərinin hazırladığı “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompazisiya ilə davam etmişdir.
 
LƏNKƏRAN 
 
Fevralın 26-da Lənkəran şəhərində Azərbaycanın soyqırımı qurbanları xatirə parkındakı “Ana heykəli” qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. 
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər, hərbi hissələrin şəxsi heyətləri abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. 
Mərasimdə Xocalı soyqırımı ilə bağlı ürək göynədən faktlar və rəqəmlər misal gətirilib və bildirilib ki, yüz illər ötsə də, mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin nəticələri unudulmayacaq və onlar törətdikləri ağlasığmaz vəhşiliklərə görə gec-tez haqq divanı qarşısında cavab verməli olacaqlar.
Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması barədə məlum sərəncama əsasən rayonun idarə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub. 
 
Balakən 
 
Xocalı faciəsinin 27-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Balakən rayonunda da geniş şəkildə qeyd edilib. Rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb, idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində faciə ilə bağlı müxtəlif tədbirlər və anım mərasimləri keçirilib.
Mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunub, fevralın 26-da rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunub.
 Rayon icra hakimiyyətində isə Xocalı şəhərindən köçkün düşərək Balakən rayonunda məskunlaşmış ailələrin nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülən işlər barədə ətraflı məlumat verib. O, ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında dediyi sözləri xüsusi olaraq vurğulayıb: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Daha sonra natiq bildirmişdir ki, Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Xocalıda törədilən qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rolu danılmazdır. Məhz onun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayır.
Tədbirdə çıxış edən xocalılar ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Xocalı şəhərindən olan, rayonda məskunlaşmış ailələrin üzvləri ilə birlikdə ”Şəhidlər Xiyabanı”nda Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş bəşəriyyət tarixinin ən böyük qətliamlarından olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar. Rayon mədəniyyət işçilərinin ifasında faciənin dəhşətli məqamlarını və erməni vandalizmini əks etdirən “Xocalını unutma” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
 
Qazax
 
Qazaxda Xocalı faciəsinin 27–ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı ədəbi–bədii kompozisiya və sərgi keçirilmişdir. Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. 
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri 50 rəsm əsərindən ibarət sərgi ilə tanış olmuşlar. 
Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edən Rəcəb Babaşov uşaqların Xocalı faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandırdıqlarını, rəsmlərdə düşmənə nifrətin və Xocalıya ədalətin çox canlı şəkildə əks olunduğunu bildirmişdir.
Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunduqdan sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək demişdir ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. 
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır. Qeyd etmişdir ki, Xocalıda baş verən dəhşətli gecəni Azərbaycan xalqı 27 ildir ki, yaşayır. Xocalıda törədilən soyqırımının, faciənin misli-bərabəri yoxdur. Bütün dünya insanlığa qarşı vəhşiliyi fevralın 26-na keçən gecə Xocalıda görüb.
İcra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmış, 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır.
Respublika Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən söz açan rayon rəhbəri məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. O, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılmasının bu istiqamətdə görülən işlərin bariz nümunəsi olduğunu bildirmişdir.
İcra hakimiyyətinin başçısı demişdir ki, bu gün düşmənlə 168 kilometr məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən atəşinə məruz qalan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 şəhidi var ki, onların da 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ölkə başçısının apardığı məqsədyönlü və düşünülmüş siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını deyən rayon rəhbəri bunun üçün Azərbaycanın güclü ordusu olduğunu qeyd etmiş, 2016-cı ilin Aprel döyüşlərini qələbəyə aparan yolun, zəfər salnaməsinin başlanğıcı olduğunu bildirmişdir.
Sonra şəhər 2 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında “Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. 
Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvlərinin Azərbaycanın ilk işğal olunmuş kəndi Bağanıs Ayrım kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri “Əsgərana gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. 
2 saylı uşaq musiqi məktəbi müəllimlərinin ifasında “Sarı gəlin” kompozisiyası, xor kollektivinin ifasında səslənən “Xocalım”adlı mahnı, müəllim kollektivinin ifasında “Qalx ayağa, Azərbaycan!” şeiri də o ağrılı-acılı günləri canlandırmış, düşmənə nifrət hissini bir daha alovlandırmışdır. 
 
 
Tovuz
 
 
Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı respublikamızda keçirilən silsilə anım tədbirləri Tovuzda da davam etdirilib. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, geniş tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında anım tədbirləri keçirilmişdir.  
Belə tədbirlərdən biri də Heydər Əliyev Mərkəzində “Xocalını unutmayaq” mövzusunda təşkil olunan elmi-praktik konfrans idi. Əvvəlcə rəsm sərgisi ilə tanış olan tədbir iştirakçıları daha sonra Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, E.Orucov adına Bayramlı kənd tam orta məktəbin tarix müəllimi Yeganə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu bildirdilər. 
Qeyd olundu ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın bu faciəni soyqırımı kimi tanımasına nail olmaqdır. “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. 
Prezident İlham Əliyevin bu məsələdəki qətiyyətli mövqeyi, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.
Sonda iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
 
Salyan
 
Salyan rayonunda faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə “Şəhidlər” xatirə kompleksində “Əsgər anası” və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.
 
 
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV, 
Hamlet Qasımov,
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”
26 Fevral 2019 22:30 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə