Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstanbul Aydın Universitetində Xocalı soyqırımı anılıb

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Qənirə Paşayeva İstanbul Aydın Universiteti, Siyasət Bilimi və Beynəlxalq əlaqələr təşkilatı tərəfindən təşkil olunmuş Xocalı Soyqırımı ilə bağlı konfransda çıxış edib. Aydın Universitetində keçirilən tədbir Azərbaycan və Türkiyə şəhidlərinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anması ilə başlayıb, sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Aydın Universitetinin Mütevelli heyət sədri Dr. Mustafa Aydın Azərbaycanın və Türkiyənin "Bir millət iki dövlət" olduğunu qeyd edərək, “Xocalı soyqırımının bütün Türk dünyasının ortaq acısıdır, Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq”,-- deyib və gənclərimizin Xocalı soyqırımı həqiqətlərinin dünyada daha geniş yayılmasında fəal olmalarının vacibliyindən danışıb.

Q.Paşayeva əvvəlcə universitetin rektoru və əməyi keçən hər kəsə Azərbaycana, Qarabağa, Xocalı soyqımınına göstərdikləri diqqətdə görə təşəkkürünü bildirib, soyqırımı zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı taledən danışıb və “etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır”,-- deyib. "Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, öncə insandı. Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransavə Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Biz, Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

Deputat bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə Aydın Universitetinin rəhbərliyi millət vəkili Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər. Tədbirdə iştirak edən Türkiyənin sabiq naziri Abdulhaluk Mehmet Çay, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Kadri Ecvet Tezcan və digər ziyalılar çıxış edərək Xocalı soyqırımından danışıblar və Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğulayıblar.

Q.Paşayeva konfransdan sonra Türkiyənin bir sıra telekanallarına Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı geniş müsahibələr verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 Fevral 2019 15:46 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə