Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nyu-Yorkda Amerikanın yəhudi və müsəlman təşkilatları Xocalı qətliamını anıb

Nyu-York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçiriblər.

Tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib.

Tədbiri ASF-nin icraçı direktoru Ceyson Quberman açaraq Xocalı qətliamının qurbanlarını yad edib, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğulayıb.

Bundan sonra çıxış edən MALA-nın icraçı direktoru Zeynab Xan Xocalı faciəsinin qurbanlarını hörmətlə anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alınsın.

Tədbirin giriş hissəsindən sonra yəhudi və müsəlman din xadimləri şəhid olmuş Xocalı sakinlərinin ruhlarına dualar oxuyublar.

Xocalı qətliamı barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edib. O, yəhudi və müsəlman təşkilatlarının birgə Xocalı qətliamının anımının təşkilini dinlərarası əməkdaşlığın bariz nümunəsi adlandırıb . Səfirlik əməkdaşı bildirib ki, erməni silahlı qüvvələri Xocalıda kütləvi qırğın törədib, bu faktı erməni rəhbər şəxsləri də etiraf edib. Xocalı qətliamında istifadə edilmiş qəddar metodlar ölkəmizin digər işğal edilmiş ərazilərində də tətbiq edilib. Bu xüsusda Xocalı qətliamı ermənilərin Azərbaycana qarşı apardığı təcavüzün və 800 minə yaxın insanı etnik təmizləməyə məruz qoymasının təcəssümüdür.

Daha sonra Xocalı sakini və qətliamın canlı şahidi Anar Usubov Xocalının işğalı günü özünün və yaxınlarının başlarına gətirilən müsibətlər barədə xatirələrini tədbir iştirakçıları ilə paylaşıb. O, həmin gecə bir çox yaxınlarını itirdiyini, 11 yaşında girov götürüldüyünü, girovlukda insanlara işgəncə verildiyini bildirib. Tədbirin ikinci hissəsində psixologiya və psixoanaliz üzrə professor Danielle Knafo, A.Usubov, MALA direktoru Zeynab Xan və Somalidə baş vermiş kütləvi qırğının canlı şahidi Əhməd Ömərin iştirakıyla panel müzakirələri keçirilib.

Tədbirlə eyni gündə Amerikanın Sefard Yəhudilərinin müsiqi festivalı çərçivəsində Xocalı qətliamının xatirəsinə həsr olunmuş Azərbaycan muğamı axşamı təşkil edilib.

 

“Xalq qəzeti”

26 Fevral 2019 15:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə