Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı dünya ictimaiyyətinin diqqətində olmalıdır

Tatarıstan Respublikasının Diaspora rəhbəri, Terrorra, İşğala və Soyqırıma qarşı Beynəlxalq forumun Rusiya nümayəndəliyinin rəhbəri Sərraf Kərimov Xocalı faciəsi ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. Qeyd edim ki, o, həm də Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidentidir.

“Bütün Türk dünyasının tarixinə qanlı hərflərlə yazılmış bir faciədir Xocalı faciəsi. Daha doğrusu, bir millətin soyqırımı kimi qiymətləndirilir. Hər il olduğu kimi bütün Türkdilli xalqların bizimlə bərabər bu ağır günlərimizdə birgə olması və eyni acını paylaşması təqdirəlaiqdir.

Belə ki, rəhbərliyim altında hər il fevral ayının 26-da Rusiya Federasiyasının Tatarıstan vilayətinin Kazan şəhərində məhz bu gün üçün bir çox millətlərin nümayəndələrinin iştirakı ilə “Xocalı günü”, “Xocalı faciəsi” adı altında tədbirlərimiz keçirilir. Hər il olduğu kimi bu il də adəti üzrə Kazan şəhərində “Miraj” otelinin konfrans zalında müxtəlif xalqların nümayəndələrinin (tatar, rus, çuvaş və digər xalqların) iştirakı ilə 3 saatlıq böyük bir toplantı-tədbirimiz nəzərdə tutulur. Təbii ki, tədbirdə Azərbaycanın Tatarıstanda və Kazanda fəaliyyət göstərən bir çox ziyalıların; – alimlərin, iş adamlarının, dövlət xadimlərinin iştirakı gözlənilir. Düşünürəm ki, dövlətimizin istər daxili, istər xarici uğurlu siyasətində hər bir azərbaycanlı bacardığı mənəvi köməkliyini, dəstəyini ömrümüzün ağrılı günləri üçün verməlidir. Diaspora və lobbiçilik prinsipləri əsasında atdığımız hər addımımız Azərbaycan naminə olmalıdır. Əgər Cənab Ali Baş Komandanın əmri olarsa, biz hər birimiz o cəbhənin əsgəri olaraq torpaqlarımızın, vətənimizin azadlığı uğrunda döyüşməyə hazır olmalıyıq və hazırıq da. Bunlarla yanaşı biz həm də vətənimizin, xalqımızın, millətimizin haqqını ölkə hüdudlarından kənarda da qorumalıyıq və təbliğ etməliyik. Gələcək nəsillərə ötürüləcək tariximizi olduğu kimi çatdırmaq üçün maariflənməyəvə, milli təbliğata geniş yer verilməlidir. Həmçinin, sonradan dünyaya gələn azərbaycanlı körpələrə, o cümlədən azərbaycan övladlarına olan bu haqsızlıqlar ətraflı şəkildə aşılanmalıdır. Diaspora və lobbiçilik işlərimizi elə qurmalıyıq ki, dünya xalqları, dünya ictimaiyyəti erməni vandalizminin törətdiyi cinayətləri, o cümlədən Xocalı faciəsi haqqında bilgili olsunlar.

Düşünürəm ki, bu səpkidə erməni vəhşiliklərinin sübutu olaraq Azərbaycan respublikasının Xocalı şəhərində törədilmiş soyqırım faciəsi haqqında istər müraciətlər, istər tədbirlər, toplantılar, yürüşlər keçirmək böyük məna kəsb edir. Sonda bütün dünya ictimaiyyətini XX əsrin Xocalı faciəsinin üzərinə diqqət etmələrinə səsləyirəm!!!

Bir Azərbaycan övladı olaraq ümid edirəm ki, çox da uzaq olmayan gələcək üçün cinayətkar ermənilər Beynəlxalq qanunlar qarşısında dünya ictimaiyyəti önündə cavab verəcəklər!”

 

Hazırladı:
Z.BƏŞİRQIZI,
"Xalq qəzeti”

26 Fevral 2019 15:21 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə