Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü ilə məktəblərdə maarifləndirici tədbirlərə başlanılıb

Quba şəhərində yerləşən “ Soyqırımı Memorial Kompleksi”ndə 2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində Qusar şəhər 6 N-li tam orta məktəbində tədbir keçirilib. Məqsəd yetişən gənc nəslin tariximizin ağrılı məqamlarını özündə əks etdirən soyqırım həqiqətləri ilə bağlı dolğun və ətraflı məlumata sahib olmasıdır.

2018-ci ildə qəbul edilmiş, 5 il ərzində həyata keçirilməsi nəzərdə tutulan  “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində  2019-cu ilin yanvar ayından etibarən Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü və Qusar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar rayonunun bir sıra ümumtəhsil müəssisələrində maarifləndirici silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

İlk tədbir Xocalı soyqırımının törədilməsinin 27-ci ildönümü ərəfəsində Akademik Tofiq İsmayılov adına Qusar şəhər 6 N-li tam orta məktəbində keçirilib.  Rayon təhsil şöbəsinin əməkdaşları, həmin məktəbin rəhbərliyi, eləcə də müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının zaman-zaman başına gətirilmiş soyqırım müsibətlərindən ətraflı bəhs edilmiş, 1918-ci ilin mart ayında silahlı daşnak-bolşevik qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Qubada  günahsız əhaliyə qarşı törətdikləri soyqırım aktından və insanlıq əleyhinə olan işgəncələrdən bəhs edilmiş, gənc nəslin tariximizdən ibrət dərsi götürməsinin vacibliyi vurğulanmışdır.  Tədbirdə Kompleksin əməkdaşlarının “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” şüarı altında çıxışları da qonaqlar tərəfindən maraqla qarşılanıb.

Məruzə ilə çıxış edən Kompleksin elmi şöbəsinin müdiri L.Beybutova vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarını, tarixi həqiqətləri şagirdlərin nəzərinə çatdırıb. Məktəbin tarix müəllimi İ. Xasmətova cıxış edərək Kompleks rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin tədqirəlayiq olduğunu, Müsəlman Şərqində ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinin  çox çətin bir şəraitdə fəaliyyət göstərdiyini və bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir çox məsələlərin həll olunduğunu, siyasi və sosial-iqtisadi sahələrdə islahatların həyata keçirildiyini qeyd edib.

Daha sonra Kompleksin mütəxəssisləri A.Turabov, E. Ulubəyov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında erməni vandallarının Azərbaycan torpaqlarında, o cümlədən Quba qəzasında törətdikləri  cinayətlərin insanlığa qarşı cinayət olduğunu vurğulamışlar.

Sonda məktəb rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitab və  bukletlər təqdim olunub.

Qeyd edək ki, Kompleksin layihə çərçivəsində bu cür maarifləndirici silsilə tədbirləri

Qusarın digər məktəblərində də təşkil olunacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

26 Fevral 2019 14:59 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə