Ən son xəbərlər
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub. Bu haqda klinikanın transplantologiya şöbəsinin müdiri Anar Namazov məlumat verib.
Həkimin sözlərinə görə, bu yaxınlarda böyrək çatışmazlığından əziyyət çəkən 53 yaşlı pasiyent klinikaya müraciət edib. Diabetik nefropatiya şikayəti ilə müraciət edən bu şəxs 3 ildir dializ xəstəsiymiş. Diabetik nefropatiya şəkərli diabetin ağırlaşmasıdır və böyrək damarlarının zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik inkişaf edib ağırlaşanda böyrəklərin filtrasiya qabiliyyəti aşağı düşür və arterial təzyiq yüksəlir.
“Xəstə böyrək köçürülməsi üçün bizə müraciət etdi. Donor yaxın qohumu idi. Ətraflı müayinələrdən sonra orqan uyğunluğu təsdiqləndi və əməliyyat reallaşdırıldı. Donor laporaskopik üsulla əməliyyat olundu".
A.Namazovun sözlərinə görə, əməliyyat donor və orqanı qəbul edən xəstədə eyni gündə -- iki fərqli briqada tərəfindən icra olunub. Əməliyyat təxminən 4-5 saat davam edib. Donor əməliyyatdan 3 gün sonra, böyrək köçürülən xəstə isə 1 həftə sonra evə buraxılıb.
Şöbə müdiri bildirir ki, bu tip ağır əməliyyatlarda anestezioloji briqadanın peşəkarlığı da böyük rol oynayır.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə