Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın “nağılları”, yaxud “dil pəhləvanı”nın yeni uydurmaları

Bu günlərdə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlişinin, əslində, baş nazir kreslosunu qəsb etməsinin  100 günü tamam olub. Həmin “əlamətdar” hadisə ilə bağlı “meydan qəhrəmanı” yeni baş nazir İrəvandakı Respublika meydanına toplaşan kütlə qarşısında hesabat verməli olub. 
Paşinyan niyə “gördüyü işlər” barədə parlamentdə deyil, məhz meydanda hesabat verməyə üstünlük verib? Bəlkə o, hay-küylü, populist çıxışları sayəsində küçə və meydanlarda kütlədən aldığı dəstəyin davam edəcəyinə ümid bəsləyir?!  Böyük ehtimalla, bu, mümkün deyil. Belə ki, onu hakimiyyət zirvəsinə yüksəldən kütlə artıq ondan üz çevirməyə başlayıb.  
Meydanda çıxış etmək Paşinyana ona görə sərf edir ki, burada opponentlərlə çətin dialoq yoxdur. Baş nazir törətdiyi çox sayda qanunazidd əməllərindən narazı qalan əhalinin kəskin suallarına cavab vermək zorunda qalmayacaq. Axı, ölkədə saxta inqilab eyforiyası arxada qalıb. Reallıq budur ki, heç bir sahədə ciddi uğur əldə olunmayıb. Əksinə, bəlli olub ki, naşı siyasətçi olan baş nazir və onun komandası ölkəni idarə etmək iqtidarında deyil.   
Ermənilər görürlər ki, “dil pəhləvanı” dünən yüksək tribunalardan verdiyi vədlərə əməl etmək istəmir, yaxud bunu etməyi bacarmır. O, həmin 100 günlük “yubiley” mitinqində meydana toplaşanlara deyə bilmədi ki, başçılıq etdiyi kabineti hansı prinsip əsasında formalaşdırıb? Axı, necə desin ki, onun komandası özü kimi qərəzli və səriştəsiz kadrlardan ibarətdir. 
Baş nazir izah edə bilmədi ki, niyə məhkəmə orqanları mövcud qanunlarla deyil, baş nazirin məkr və hikkəsinə uyğun hökmlər çıxarır. Paşinyan meydana toplaşanlara, həmçinin deyə bilmədi ki, hökumətin ölkəni hansı istiqamətdə və necə irəli aparacağı ilə bağlı heç bir ağlabatan konsepsiyası yoxdur. 
Ən başlıcası, yeni baş nazir heç kimə izah edə bilmədi ki, onun xarici siyasət xətti Ermənistanı özünütəcridə aparır  və ölkəyə çoxlu  düşmən qazandırır. Hər kəsə bəllidir ki, məhz Paşinyanın yersiz iddiaları və qeyri-konstruktiv mövqeyi səbəbindən rəsmi İrəvanın bir vaxtlar ən yaxın strateji tərəfdaşı sayılan Rusiya ilə münasibətləri son dərəcə korlanıb. 
Paşinyanın hakimiyyətə gəlmək üçün işsiz-gücsüz insanlara verdiyi yağlı vədləri havadan asılı qalıb. Ölkədə nə yeni müəssisələr, nə də yeni iş yerləri açılıb. Pensiyalar da hələ artırılmayıb, yaxın gələcəkdə artırılması mümkün görünmür. Ermənistanı indiki ağır iqtisadi durumdan çıxarmaq üçün xeyli vaxt lazımdır. 
Bəli, Paşinyan kütləyə vəd etdiyi nağıllardakı arzuların çin olması barədə bir kəlmə də olsun söz açmayıb, əksinə, yeni, əcaib-qəraib idarəetmə formasından bəhs edib. Guya indi Ermənistanda xalq hakimiyyətinin ali orqanı İnqilab meydanıdır. Onun sözlərinə görə, ölkəni nə koalisyon hökumət, nə də parlamentdəki çoxluq yox, məhz meydan idarə edəcək. 
Paşinyanın meydanla bağlı heç bir normal məntiqə sığmayan arzuları ağlı başında olan hər kəsi şoka sala bilər. O, utanmadan deyib ki, ölkənin siyasi və iqtisadi həyatındakı ən mühüm qərarları məhz meydanda bir araya gəlib həll etmək lazım gələcək. Yəni hər hansı bir taleyüklü məsələni həll edəndə meydanda hansı tərəf daha uca səslə bağırarsa, həmin qərar da qəbul olunacaq. 
Hakimiyyəti meydana təslim etməkdə Paşinyanın niyyəti bəllidir. O, bunu gizlətmir də. Axı, mövcud qanunvericiliyə görə, növbədənkənar parlament seçkiləri təyin olunarsa, baş nazir istefa verməlidir. Əgər parlament iki dəfə baş naziri seçə bilməzsə, o zaman seçkilər yenidən keçirilməlidir. Bu, isə Paşinyana sərf eləmir. O bilir ki, baş nazir vəzifəsindən istefa versə, siyasi rəqibləri dərhal öz adamlarını bu posta seçəcək və onu oyundankənar vəziyyətdə qoyacaqlar. Ona görə də, Paşinyan növbədənkənar parlament seçkiləri keçirməzdən əvvəl, ölkə konstitusiyasını özünə sərf edən formada dəyişmək istəyir. 
Paşinyanın qarşısına ciddi bir maneə çıxıb. Axı, parlamentdə hazırda müxalifətdə olan Respublikaçılar Partiyası çoxluq təşkil edir. Onları razı salmaq üçün  Paşinyanın hədə-qorxu, şantaj yolundan başqa heç bir seçimi qalmayıb. Buna görə də Ermənistanda tələm-tələsik “əcinnə ovu” başlanıb. Narazı olanları, itaət etməyənləri min bir bəhanə ilə istintaqa cəlb edir, sonra da “təkzibolnmaz dəlillər” tapıb həbs edirlər.
Parlamentdə çoxluq təşkil edən respublikaçılar Paşinyanı baş nazir postuna məcbur olub təsdiq etsələr də, onlar hazırda bərədə-pusquda durub ov gözləyirlər. Fürsət düşən kimi, Paşinyandan heyiflərini çıxmağa çalışacaqlar. Başa nazir bunu yaxşı başa düşür, onun planlarına qarşı çıxanlara şər və böhtan atmaqdan çəkinmir. Paşinyan iddia edir ki, onu dəstəkləməyənlər erməni xalqının düşmənləridir və  ölkəni vətəndaş müharibəsinə sürükləyirlər.
Paşinyan 100 günlük hesabatında bir sıra “iqtisadi uğurlar” barədə danışıb ki, bu rəqəmlərin yalan və saxta olduğu şübhə doğurmur. Məsələn, o, heç bir ciddi hesablamaya əsaslanmayan belə rəqəm uydurub ki, guya, iyun ayı ərzində Ermənistan iqtisadiyyatında 9,6 faiz artım baş verib. Halbuki, Ermənistandan həmin dövrdə ixrac olunan kənd təsərrüfatı və sənaye mallarında heç bir artım qeydə alınmayıb. 
Meydanda çıxışında Paşinyan, həmçinin deyib ki, o, cəmi 45 dəqiqə ərzində  ölkədə inhisar və korrupsiyanı ləğv edib. Düzdür, Paşinyan özü də bunun ağ yalan olduğunun fəqrindədir, buna görə də bu saxta açıqlamasına əlavə şərh verərək deyib ki, ölkədə inhisar və korrupsiya hələlik yalnız yüksək çinli məmurlar arasında aradan qaldırılıb. 
Baş nazir çıxışında ölkəsinin Rusiya ilə münasibətlərinə də toxunub. Onun sözlərinə görə, guya Rusiya ilə münasibətlərin pis olduğunu iddia etmək gülməlidir. Belə ki, o, iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, üç dəfə isə telefonla danışıb. Ermənistanın baş naziri hətta ümid etdiyini bildirib ki, Rusiya ilə münasibətlər yaxşılaşacaq və dərinləşəcək, hətta yeni səviyyəyə yüksələcək. Rusiya rəsmiləri isə yaxşı bilirlər ki, Paşinyanın Moskvanı yumşaltmaq taktikası blefdir, Rusiya elitası Paşinyanın xislətindən xəbərdardır. Çünki Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə inteqrasiya etmək planından əl çəkən deyil.  
Rəqibləri Paşinyanın “gördüyü işlər” barədə tamamilə başqa cür düşünürlər. Ermənistan parlamentinin eks-spikeri Eduard Şarmazanov deyir: “Nikol Paşinyanın 100 günü göstərdi ki, Ermənistanda hökumət yox, “revkom” (inqilabi komitə) mövcuddur. Paşinyan ölkəni bolşeviklərin qəddar metodları ilə idarə edir. O, həm daxili, həm də xarici siyasətdə illər uzunu əldə olunan hər şeyi qısa bir vaxt ərzində korlamağın mümkün olduğunu sübut edib. Hətta, birinci prezidentin dönəmində ölkədə bu qədər terror və cəzalar olmayıb”. 
E.Şarmazanov Ermənistanda Paşinyan haqqında çox adamın gəldiyi qənaəti bu sözlərlə ifadə edib: “Paşinyan, 100 gündən sonra mən öz mövqeyimdə qalıram: səndən nə baş nazir ola bilər, nə də ali baş komandan.” 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

24 Avqust 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə