Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 49 Bakı şəhəri, 12 fevral 2019-cu il
 
“Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə  müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
“Elm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 noyabr tarixli 1689 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
 
Novruz MƏMMƏDOV
 Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 12 fevral

tarixli 49 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi

üzrə müsabiqələrin keçirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün elmi fəaliyyət subyektlərinin elmi və elmi-texniki fəaliyyətinin proqram məqsədli maliyyə­ləş­di­ril­məsinin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələr müsabiqəni elan edən mərkəzi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumlar (bundan sonra – səlahiyyətli orqanlar) tərəfindən keçirilir.

1.3. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinə uyğun olaraq məqsədli elmi və ya elmi-texniki proqramlar üzrə müsabiqənin (bundan sonra – müsabiqə) qalibləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan ekspert komissiyaları tərəfindən müəyyən edilir və müsabiqəni elan edən səlahiyyətli orqanlar tərəfindən təsdiq edilir.

1.4. Müsabiqə keçirən səlahiyyətli orqanlar tərəfindən müvafiq ekspert komissiyasının yaradılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.

1.5. Müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində ekspert komissiyasının yaradılması haqqında qərar qəbul edilir.

1.6. Ekspert komissiyası tək sayda üzvlərdən ibarət olan kollegial orqandır. Ekspert komissiyası müvafiq elm sahələrində təcrübəsi olan alim və mütəxəssislərdən ibarət tərkibdə formalaşdırılır. Ekspert komissiyasının üzvləri müsabiqəyə təqdim olunmuş proqramlarda rəhbər və ya icraçı qismində iştirak edə bilməzlər.

1.7. Ekspert komissiyasının səlahiyyətlərinə daxildir:

1.7.1. müsabiqəyə təqdim olunan proqramların ekspertizasının keçirilməsi və rəy verilməsi;

1.7.2. proqramların ekspertizası zamanı müəllif hüququ (patent hüququ) ilə əlaqədar yaranan məsələlərin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi və aidiyyəti dövlət orqanlarına (qurumlara) müraciətin ünvanlanması;

1.7.3. qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericiliyə və bu Qaydalara uyğun olaraq digər səlahiyyətlərin həyata keçirilməsi.

1.8. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, mülkiyyət növündən asılı olmayaraq, bütün elmi fəaliyyət subyektləri və onların müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdirlər.

 

2. Müsabiqənin elan edilməsi və sənədlərin qəbulu

 

2.1. Müsabiqənin keçirilməsi haqqında elan səlahiyyətli orqan tərəfindən onun internet resurslarında və dövri mətbuatda yerləşdirilir.

2.2. Elanda aşağıdakılar göstərilir:

2.2.1. proqramın təqdim olunması üçün ekspert komissiyası tərəfindən təsdiq edilmiş müvafiq formalar;

2.2.2. müsabiqənin keçirildiyi elm sahələri və iştirakçılara aid tələblər;

2.2.3. proqramın həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaitinin həcmi;

2.2.4. müsabiqədə iştirak barədə ərizə qəbulunun müddəti və  son tarixi.

2.3. Təqdim olunan proqramlarda aşağıdakılar göstərilir:

2.3.1. proqramın adı və əhatə etdiyi problemin qısa təsviri;

2.3.2. proqramın əsas hədəfi;

2.3.3. proqramın rəhbəri və icraçıları haqqında məlumat;

2.3.4. proqramın vəzifələri, onların yerinə yetiril­mə­sinin vaxtı və mərhələləri göstərilməklə həyata keçiriləcək tədbirlər, gözlənilən nəticələr, vəzifələrin və tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi üçün istifadə edilən göstəricilər;

2.3.5. hər bir vəzifə çərçivəsində işlərin görülməsi və tədbirlərin həyata keçirilməsi üçün hər bir mal (iş və xidmət) üzrə ayrılan maliyyə vəsaitinin həcmi.

2.4. Proqramlar müsabiqəyə elektron və kağız daşıyıcılarda təqdim olunur.

2.5. Proqram aşağıdakı hallarda ekspert komissiyası tərəfindən müsabiqədən kənarlaşdırılır:

2.5.1. dövlət büdcəsindən və digər mənbələr hesabına maliyyələşdirilən eyniməzmunlu proqram təqdim edildikdə;

2.5.2. təqdim olunan proqramlar müsabiqənin prioritet elmi istiqamətlərinə aid olmadıqda;

2.5.3. bu Qaydaların tələbləri pozulduqda.

2.6. Təqdim olunan proqram müsabiqənin şərtlərinə uyğun olmadıqda və müsabiqədən kənarlaşdırıldıqda, həmin sənədlər geri qaytarılmır.

 

3. Müsabiqəyə təqdim olunan sənədlərin ekspertizası və müsabiqənin qalibi olmuş proqramların maliyyələşdirilməsi

 

3.1. Müsabiqəyə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 iş günü müddətində proqramların ekspertizası həyata keçirilir.

3.2. Proqramların ekspertizası başa çatdıqdan sonra ekspert komissiyası tərəfindən 10 (on) iş günü müddətində müsabiqənin qalibləri müəyyən edilir. Müsabiqənin nəticələri səlahiyyətli orqan tərəfindən elan edilərək, onun internet resurslarında və dövri mətbuatda dərc olunur.

3.3. Müsabiqədən keçmiş proqramların yerinə yetirilməsi və maliyyələşdirilməsi məqsədi ilə səlahiyyətli orqan və proqramın rəhbəri arasında “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq qarşılıqlı öhdəlikləri nəzərdə tutan müqavilə bağlanılır. Bu müqavilənin icra müddəti 3 (üç) ildən çox olmamalıdır.

3.4. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə uyğun olaraq dövlət büdcəsi hesabına həyata keçirilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə