Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dindarlar heç zaman radikalların dini şüurumuzu korlamasına yol verməz

Azərbaycanın dini tolerantlıq məkanı kimi bütün dünyada tanındığı, multikultural dəyərlərin yüksək səviyyədə qəbul edildiyi bir zamanda antiazərbaycan təbliğatının aparılması heyrət doğurur. Son günlər din pərdəsi altında sosial şəbəkələrdə fəallaşan dini radikal qruplar ölkəmizin iqtisadi, siyasi, mədəni nüfuzuna qara yaxmaqla məşğuldurlar.

 İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının bu qarayaxma kampaniyası ilə bağlı fikirlərini öyrəndik. O dedi:

--İslam dini bütün zamanlarda hər bir insanın kamilləşməsinə, ictimailəşməsinə, şəxsiyyət kimi formalaşmasına yardımçı olub, istiqamət verib. Bu o deməkdir ki, ölkəmizdə dinimiz dövlətimizdən ayrılmazdır. Hələ Səfəvillər dövründə, dövlətimiz təhlükədə olan zaman ayrı-ayrı məzhəb və təriqətlər birləşərək, dövlətçiliyin təməl prinsiplərini qoruyub saxlamışlar. Bütün zamanlarda güc dövlətləri müsəlman ölkələrini təsir altında saxlamaq üçün hər çür vasitələrdən, həmçinin dinimizdən də istifadə edərək, onları basqı altında saxlamaq istəmişlər.

 Bu gün də fürsətdən yararlanıb cəmiyyətimizə, dövlətimizə və onun milli-mənəvi və dini dəyərlərinə ağır zərbələr vurmaq istəyənlər var. Əfsuslar olsun ki, belə kampaniyaları dəstəkləyənlər, ona kömək edənlər xarici ölkələrdə oturub ölkəmizdəki sabitliyə əl uzadaraq istədiklərinə nail ola biləcəklərini düşünürlər. Onlar unudurlar ki,  ənənəvi məzhəblər və təriqətlər milli kimliyə və dövlətçiliyə heç vaxt xəyanət etməmişlər. Ölkəmizə gətirilməsi güc dövlətlərin istəyi və vasitəsi ilə baş tutan dini radikalizm süni yaradılmış yanlış dini təfəkkürdən qaynaqlanır və hədəf, məqsədlər eynidir. Azərbaycandakı sabitliyi pozmağa maraqlı olan dairələr sosial şəbəkələrdə din pərdəsi altında antiazərbaycan təbliğatı aparmağa cəhd edir, müxtəlif çağırışlar, videomüraciətlər yayırlar. Guya ölkəmizdə insan hüquqları pozulur, din xadimləri sıxışdırılır. Təbii ki, bütün bunlar absurddur və heç bir fakta əsaslanmır, məntiqə sığmır. Bu cür dezinformasiyaları yaymaqda məqsəd ölkəmizdəki daxili sabitliyi pozmağa cəhd etmək, insanların dini inanclarını istismar etməklə, öz çirkin niyyətlərini həyata keçirməkdir.

 Xaricdə oturub ölkəmizdəki imanlı insanları tora salmağı, hakimiyyətə qarşı çevirməyi özlərinin başlıca vəzifəsi hesab edən siyasi dəllallar  din pərdəsi adı altında  aranı qarışdırmağa təşəbbüs göstərirlər. Amma onlar unudurlar ki, ölkəmizdə savadlı dindarlar ordusu var. O dindarlar heç zaman belə radikalların dini şüurumuzu korlamasına yol verməzlər. Dində yanlışlıq yarandısa, demək o, artıq din deyildir. Hər kim yanlış təfəkkürü dinlə bağlamağa cəhd etsə belə, çox çəkmir, ifşa olunur. Varisi olduğumuz Vətən, millət və dövlət milyonlarla insanın qanı və düşüncəsi hesabına var olub. Saf niyyətli, sağlam əqidəli dindarlar ordusu həmişə müqəddəs bildiyimiz milli ideologiyamıza sahib duranların yanında olub. Bu addımı vətənpərvərlik rəmzi kimi dəyərləndirərək deyə bilərəm ki, biz xalqın dinə bağlı nümayəndəsi olaraq, dövlətimiz və dövlətçiliyimiz üçün həmişə onu əks təbliğatdan qorumağa hazırıq.

Hazırladı: Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

31 İyul 2018 14:45 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə