Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şikayətçi ailəsinin sosial yardım almaq hüququ yenidən müəyyən ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan, hazırda Binəqədi rayonunda yaşayan, 4 uşaq anası Qasımova Güllər Qədəmşah qızının sosial yardım təyin edilməməsinə görə bəzi sosial şəbəkələrdə yayılan şikayəti nazirlik tərəfindən araşdırılıb. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF əməkdaşları şikayətçinin evində olub, mənzil-məişət şəraitinin çətin olduğunu müəyyən ediblər.

Dəfələrlə bildirilib ki, hər hansı şəxs ailəsinin sosial yardım almaq hüququna baxılması üçün müraciət edirsə, bu zaman elektron sistemə səhv məlumatlar daxil etməməlidir. Daxil edilən məlumatlar avtomatlaşdırlımış şəraitdə, aidiyyəti qurumların informasiya bazaları əsasında yoxlanılır və məlumat qeyri-düzgün olduqda bu, dərhal aşkar edilir. Belə olduqda qanunvericilik yardım təyinatını mümkün hesab etmir və elektron sistem yardım təyinatından imtina qərarı verir.

Müəyyən olunub ki, G.Qasımova ailəsinə sosial yardımın təyin edilməsi üçün 2016--2017-ci illərdə müxtəlif vaxtlarda dörd dəfə olmaqla elektron qaydada müraciət edərkən, hər dəfə “Ərizə-bəyannamə”də tələb olunan məlumatları, ailə gəlirlərini, su, elektrik enerjisi sərfiyyatı üzrə abonent kodlarını, kommunal xərclərini və s. düzgün qeyd etməyib, adına olan telefon nömrəsini gizlədib. Bu kimi səbəblərdən, eləcə də sonuncu müraciəti zamanı ailəsinin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmasına görə onun ailəsinə yardım təyin olunmasından qanunvericiliyin tələbləri əsasında imtina qərarı verilib. 
Ötən ilin noyabr ayından bəri, yəni son 9 ayda isə G.Qasımova ailəsinə sosial yardımın təyin edilməsi üçün ümumiyyətlə müraciət etməyib.

DSMF-nin Binəqədi rayon şöbəsində G.Qasımova ilə söhbət aparılıb və ona elektron qaydada müraciət edilməsinə texniki köməklik göstərilməsi qərara alınıb. G.Qasımovanın şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən, yaxın günlərdə yeni vəsiqə aldıqdan sonra ona düzgün qaydada müraciət etməsində köməklik göstəriləcək.

Hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin demək olar ki, yarısı üç və daha çox uşağı olanlar, sosial yardım verilən aztəminatlı ailələrdəki şəxslərin isə böyük əksəriyyəti uşaqlardır. Dörd uşağını təkbaşına böyüdən G.Qasımovanın müraciətinə obyektiv və şəffaf şəkildə baxılacaq, ailəsinin sosial yardım almaq hüququnun olub-olmaması yenidən müəyyən ediləcəkdir.

Eyni zamanda, G.Qasımovanın ailə vəziyyəti nəzərə alınaraq, onun özünüməşğulluq  proqramına cəlb edilməsi təmin olunacaqdır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

20 Avqust 2018 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə