Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələrini dəstəkləyir

Son illərdə Azərbaycanın həyata keçirdiyi möhtəşəm qlobal layihələr artıq dünyanın diqqətini özünə cəlb edib. Xüsusilə, karbohidrogen resurslarından səmərəli istifadə etməklə regionun inkişafını, eləcə də Avropanın təhlükəsizliyini təmin edən Azərbaycan inkişaf etmiş dövlətlərin əsas tərəfdaşlarından birinə çevrilib. Bu gün dünyanın güc mərkəzləri ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edir, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, bu münasibətlərin enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsini vacib hesab edirlər. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən və bir çox dövlətlərin iştirakçısı olduğu, artıq dünyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi (CQD) layihəsi, həmçinin, Bakı–Tbilisi –Qars dəmir yolu xətti beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfədir. 
Dünyanın inkişaf etmiş dövlətləri, həmçinin iri şirkətləri Azərbaycanı bu layihələrin təşəbbüskarı və icraçısı kimi tanıyır. Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsinin işə salınması mərasimi zamanı da bunun şahidi olduq. Hətta ABŞ Prezidenti Donald Tramp öz ölkəsi ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmiş və bu əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu bəyan etmişdir.
Qeyd edək ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşürdü. Bakıda CQD layihəsinin birinci mərhələsinin işə salınması mərasimi zamanı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk iki ölkə arasında əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirmişdi. O, Azərbaycan Prezidenti İlham Əliyevi və CQD layihəsi çərçivəsində səy göstərən bütün ölkə və şirkətləri təbrik edərək demişdir ki, Cənub Qaz Dəhlizi Xəzər regionu ölkələrinin daha geniş iqtisadi inteqrasiyası üçün yeni imkanlar açır. Onun sözlərinə görə, CQD region ölkələri üçün əməkdaşlığın genişlənməsi, eləcə də Şərqi Aralıq dənizi, Mərkəzi Asiya və Qafqazdan Avropaya tədarük olunan qaz həcmlərini artırmaq imkanı təqdim edir. Qeyd olunmuşdu ki, ABŞ Cənub Qaz Dəhlizinin uzunmüddətli uğurunun mənbəyi olan bütün iştirakçılarla əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Sandra Oudkirk demişdir ki, ABŞ Prezidenti Donald Tramp bu layihənin dəstəkləməsi barədə dəfələrlə yüksək fikirlər səsləndirib. Bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı məktubda da ABŞ Prezidenti, həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək inanılmaz nailiyyətdir.
Ümumiyyətlə, ABŞ Prezidenti son dövrdə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı 3 təbrik məktubunda ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmiş, bunun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də təsir edəcəyini bildirmişdir. ABŞ Prezidentinin ünvanladığı məktublarda qeyd edilir ki, Azərbaycan və ABŞ mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək, sıx tərəfdaşlıq edirlər. Donald Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yüksək qiymətləndirir və qeyd edir ki, qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ – Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. Bununla yanaşı, Azərbaycanın firavan və qlobal iqtisadiyyata bağlı ölkə olduğu bildirilir, ölkəmizin böyük neft yataqlarının dünya enerji bazarına sabitlik gətirdiyi diqqətə çatdırılır.
ABŞ Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin təmin olunmasında mühüm rol oynadığını da təbrik məktublarında diqqətə çatdırır və Azərbaycanın qaz hasilatının Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyini ifadə edir.
Ölkəmizin sabitlik adasına çevrilməsi, müstəqil siyasət yeridərək, dünya birliyində rəğbətlə qarşılanması artıq hər kəsə bəllidir. Biz bu etimadı ABŞ Prezidentinin məktublarında da gördük. Prezident Tramp bu əməkdaşlığın möhkəmləndirilməsində enerji resurslarından səmərəli istifadə olunmasında, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında, həmçinin TANAP, TAP kimi mühüm əhəmiyyətli layihələrin həyata vəsiqə almasında Azərbaycanın rolunu yüksək dəyərləndirir. Tramp bildirir ki, dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm. ABŞ Azərbaycanla 30 illik əməkdaşlığın Cənub Qaz Dəhlizi kimi mühüm nailiyyətini ölkəmizlə birlikdə qeyd etməsindən məmnunluğunu ifadə edir. Daha sonra bildirilir ki, ABŞ Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
ABŞ Prezidentinin Azərbaycanla ən yüksək səviyyədə əlaqələrin dəyərini xüsusi qeyd etməsi və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq şəkildə bildirməsi dövlət başçımızın həyata keçirdiyi uğurlu strategiyanın bariz nümunəsidir. TAP boru kəmərinin ABŞ Prezidenti tərəfindən dəstəklənməsi də Azərbaycana olan inam və etimaddan, düşünülmüş siyasi kursdan irəli gəlir. 
Məlum olduğu kimi, bu layihənin müəllifi, təşəbbüskarı və icraedicisi Azərbaycandır və TAP Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biridir. Kəmər CQD-nin Avropa hissəsini təşkil edir. 878 kilometr uzunluğa malik TAP Türkiyə – Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
Avropa İttifaqı üçün TAP layihəsi ümumi maraqlara xidmət edən layihələr sırasındadır. TAP layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyır. Diqqət çəkən əsas məqamlardan biri də bu kəmərin digər mənbələrdən enerji asılılığını azaldır və Avropaya qaz nəqlində alternativ dəhliz təklif edir. ABŞ-ın bu layihənin reallaşdırılmasında maraqlı olduğunu bildirməsindən və Prezident Donald Trampın layihənin önəmini vurğulamasından sonra bu layihənin reallaşdırılması istiqamətində işlər daha da sürətlənəcək. Trans Adriatik boru kəməri layihəsi həm Avropa İttifaqı, həm də ABŞ üçün böyük önəm daşıyır. 
ABŞ-ın Qərbi Virciniya ştatından olan senator Şelli Mur Kapito regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini ölkəmizin strateji əhəmiyyətini artıran, qlobal enerji bazarındakı və dünya iqtisadiyyatındakı mövqelərini möhkəmləndirən, Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirən mühüm tədbirlər kimi qiymətləndirib. Xanım senator qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın ildən-ilə möhkəmlənən mövqeyinə şahid olduğunu bildirib və ABŞ-ın siyasi dəstəyini ifadə edib.
ABŞ diplomatları və siyasi xadimləri Azərbaycanın enerji resurslarından səmərəli istifadəsini yüksək qiymətləndirərək, TAP layihəsinin də əhəmiyyətli olduğunu qeyd edir və bu kəmərin həyata vəsiqə alacağına əminliklərini ifadə edirlər. Bildirilir ki, Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanması ABŞ və digər ölkələr üçün önəmli siyasi və təhlükəsizlik məsələsidir. Mənbələrin şaxələndirilməsi enerji təhlükəsizliyini gücləndirir, ölkələrin rifahının yüksəldilməsinə xidmət edir. Bu baxımdan TAP layihəsinin reallaşdırılması xüsusi önəm daşıyır.
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan bəzi konqresmenlər isə bütün vasitələrlə ABŞ – Azərbaycan əməkdaşlığına xələl gətirməyə, iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışsalar da, buna nail ola bilmirlər. Belə antiazərbaycan qüvvələr zaman-zaman TAP-ın icrası ilə bağlı müxtəlif güc mərkəzləri tərəfindən ən müxtəlif etiraz aksiyaları təşkil etsələr də, layihənin reallaşdırılmasına əngəl ola bilmədilər. Çünki bu layihə bütün dünyada böyük dəstək gördü. TAP Azərbaycan üçün olduğu qədər, Avropa üçün də strateji əhəmiyyətlidir.
Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

18 Avqust 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə