Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzəryanı ölkələrin əməkdaşlığında yeni mərhələ

Xəzər dənizinin hüquqi statusunun 1996-cı ildən etibarən aparılan 22 illik müzakirəsi bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısında tarixi əhəmiyyətli bir konvensiyanın qəbul edilməsi ilə yekunlaşdı. Deyərdim ki, həmin sənədin imzalanmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin əvəzsiz rolu olmuşdur. 
Bununla əlaqədar diqqəti bir məqama yönəltmək istərdim. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində, şübhəsiz ki, Azərbaycanın region ölkələri ilə xarici siyasət kursunun uğurla həyata keçirməsi, ikitərəfli əlaqələrin getdikcə genişlənməsi də mühüm rol oynayıb. 
Fikrimin təsdiqi olaraq bu ilin mart ayında İran Prezidenti Həsən Ruhaninin Bakıya səfərini xatırlatmağı lazım bilirəm. O zaman uğurlu Azərbaycan-İran danışıqları aparıldı və yekun olaraq bir sıra sənədlərlə yanaşı, “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumu da imzalandı. Mən bu sənədi Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması yolunda irəli atılan mühüm tarixi addım kimi qiymətləndirirəm. 
Azərbaycan tərəfindən belə ikitərəfli əlaqələr təbii ki, Rusiya, Qazaxıstan və Türkmənistanla da yaradılıb və indi bəhs etdiyimiz Konvensiyanın imzalanmasına bu münasibətlər öz müsbət təsirini göstərib. 
Demək istədiyim odur ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı konvensiya, ilk növbədə, Azərbaycan Prezidentinin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi, dövrümüzün mürəkkəb məsələlərindən birinin uğurla həllini tapması deməkdir.
Konvensiyanın gələcək iqtisadi əhəmiyyəti barədə isə onu qeyd edim ki, bu sənədin reallaşması ilə Xəzər vasitəsilə bir tərəfdən Azərbaycan, digər tərəfdən Qazaxıstan və Türkmənistan arasında böyük həcmdə tranzit daşımaları həyata keçiriləcək, tranzit yükdaşımaları üçün daha böyük imkanlar və perspektivlər yaranacaq. 
Sənəd, eyni zamanda, gələcəkdə Türkmənistan və Qazaxıstandan iri qaz həcmlərini Xəzərin dibi ili nəql etməyə imkan verəcək ki, daha sonra həmin qaz TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Avropa ölkələrinə çatdırılacaq.
Əsəd FƏRƏCOV, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru 

 

18 Avqust 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə