Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qeyri-neft sektorunun uğurlu inkişafı iqtisadi sabitliyin qarantıdır

Son illər ərzində respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Bu dövrdə dövlət proqramlarının, fərman və sərəncamların yüksək səviyyədə icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib, tərəqqi prosesində qeyri-neft sektorunun payı və rolunu davamlı şəkildə artırıb. 
Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.
Məhz bunun nəticəsidir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb. Hesabat dövründə sənaye məhsulunun 22,1 faizi emal sektorunda istehsal edilib. Bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən isə həmin müddətdə 27,5 milyard manatlıq məhsul istehsal olunub.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac göstəricisi də yüksəlib. İlin son 6 ayı ərzində 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon dollar və ya 15 faiz artıb. Bu dövrdə Rusiyaya 319,9 milyon dollar, Türkiyəyə 180,1 milyon dollar, Gürcüstana 74,1 milyon dollar, İsveçrəyə 69,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Azərbaycan Prezidenti İlham Əliyev ayrı-ayrı çıxışlarında qeyri-neft sektorunun inkişafı məsələsinə xüsusi aydınlıq gətirib. Məsələn, dövlətimizin başçısı son illərdə respublikada turizm sektorunun inkişaf etdirilməsinə ciddi diqqət yetirildiyini dəfələrlə vurğulayıb. Bu, təsadüfi deyil. Çünki Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. Ötən müddətdə bu sahəyə xüsusi diqqət və qayğı göstərilib, müxtəlif layihələr həyata keçirilib. Bunun nəticəsində respublikada turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada turizm istiqaməti kimi tanınmağa başlayıb. Beynəlxalq turizm bazarına inteqrasiya isə ilbəil, daha geniş şəkildə aparılır. 
“Valyuta gətirən sahələrdən biri də turizmdir” - deyən ölkə rəhbəri İlham Əliyev bu günün reallıqlarını əsas tutaraq xalqımızın zəngin irsinin dünyada təbliği və tanıdılması istiqamətində sözügedən sahəyə daha çox üstünlük verilməsinin, xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd edərək vurğulayıb: “Onu da deməliyəm ki, son vaxtlar bizə çoxlu turistlər gəlir. Son üç ildə turizm çox inkişaf edib. Bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin nəticəsidir. Azərbaycan sabit ölkədir, Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur, ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, əlbəttə, gələcəkdə bu cür tədbirlər daha çox olacaq. Biz öz tərəfimizdən həmişə çalışırıq ki, sıx əməkdaşlıq etdiyimiz ölkələrin öz arasında da yaxşı işgüzar münasibətlər olsun. Biz bu regionda yaşayırıq. Bu regionda baş verən bütün hadisələr istər-istəməz bizə müəyyən dərəcədə təsir edir. Buna görə də biz çalışmalıyıq ki, özümüz üçün riskləri beynəlxalq əməkdaşlıq vasitəsilə minimuma endirək. Əgər biz dünyanın aparıcı ölkələri arasında gərginliyin azaldılması işinə hər hansı kiçik töhfə verə biliriksə, əlbəttə, gələcəkdə də bunu edəcəyik”.
Azərbaycanda son 15 il ərzində qeyri-neft sektorunun inkişafı ilə əlaqədar köklü iqtisadi islahatlar icra edilib. Nəticədə bölgələrin siması müasirləşib, həyata keçirilən tikinti, abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib. Azərbaycanda bütün növ gəmilər istehsal edə bilmək gücünə malik böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı olan Ələt Dəniz Ticarət Limanı istifadəyə verilib. 
Qeyri-neft sektorunun inkişafı strategiyasının əsas məqsədi ölkənin neft asılılığını minimuma endirməkdir. Hazırda ölkə üzrə ixracdan gələn gəlirlərin çoxu enerji daşıyıcılarının satışından əldə edilir. Dünya bazarında isə neftin qiyməti sabit olmur. Yüksək qiymətə satıldığı kimi, qəfil də ucuzlaşır ki, bu da maliyyə sabitliyinə ciddi təsir göstərir. Məhz bu səbəbdən dövlət başçısının sənayeləşmə siyasəti xeyli vaxtdır ki, ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrasına başlanılıb. Nəticədə artıq bir çox qeyri-neft sənaye məhsulları ölkəmizdə istehsal edilir və belə məhsulların xaricdən idxalı, demək olar ki, dayandırılıb. Burada müsbət cəhət isə odur ki, bu cür məhsulların idxalının azalması ilə yanaşı, onun ixracı da artıb. 
Azərbaycanda qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin yaradılmasının önəmli rolu var. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayaraq deyib: “Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxındır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır”.
Hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi də öz töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yerinin açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq səmərəli fəaliyyət göstərir.
Qeyri-neft sektorunun mühüm sahələrindən olan xalçaçılığın genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahənin inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin, habelə Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, emalatxanaların sayı 30-a çatdırılacaq. 
Hazırda respublikada yerli istehsalın genişləndirilməsində, yeni istehsal və emal müəssisələrinin yaradılmasında, mövcud istehsal sahələrinin potensialının artırılmasında mühüm rol oynayan sahibkarlığın inkişafına da qayğı ilə yanaşılır. Bu ilin ötən aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilməsi bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin layihələr hesabına 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. 
Dövlət başçısının müvafiq fərmanından irəli gələn vəzifələrin icrası olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılan “Lisenziyalar və icazələr” portalı bu ilin mart ayından fəaliyyətə başlayıb. İndiyədək İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 200-dən çox elektron lisenziya verilib.
Yaxın vaxtlarda sahibkarlara müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində zəruri səyyar xidmətlər göstərilməsi də nəzərdə tutulub. 
Sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq. Plana əsasən, yeni “E-KOB evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə, elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bununla yanaşı, sahibkarlara göstərilən hər bir xidmət təhlil edilib qiymətləndirəcək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması ilə bağlı tədbirlər də reallaşdırılacaq. Beləliklə, özəl bölmənin nümayəndələri üçün “bir pəncərə” sistemi formalaşacaq. Başqa sözlə, sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən hər bir şəxs zəruri dəstəyi vahid məkandan ala biləcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

18 Avqust 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə