Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yaradılmış üzüm sortlarının zəngin genofondu milli sərvətimizdir

Hazırda Azərbaycan Respublikasında üzümçülüyün genişləndirməsi istiqamətində müvafiq infrastrukturlar yaradılır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və 5 may 2018-ci ildə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” Azərbaycan Respublikasının üzümçülüyə dair aqrar siyasətini və strategiyasını formalaşdıran mühüm dövlət sənədləridir. Bu proqramların həyata keçirilməsi üçün daha çox üzüm becərilən coğrafi bölgələr üzrə üzümçülüyün inkişaf etdirilməsinin elmi konsepsiyalarının yaradılması və həyata keçirilməsi Azərbaycan Respublikasında yerinə yetirilən elmi tədqiqat işlərinin əsas məqsədini təşkil edir.
Tarixi inkişaf prosesində Azərbaycan Respublikası ərazisində üzüm bitkisinin zəngin sort müxtəlifliyi formalaşmışdır. Qeyd edək ki, üzüm sortlarının zəngin genofondu təbiətin xalğımıza bəxş etdiyi maddi sərvətlərdəndir. Azərbaycan Respublikasında iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafının təmin edilməsi, o cümlədən aqrar sektorun dinamik inkişaf etdirilməsi ölkənin əsas iqtisadi prioritetlərindəndir. 
Hazırda Azərbaycan Respublikasında aqrar sektorun çoxillik bitkilər bölməsində üzüm genofondunun öyrənilməsi, üzümçülüyün yenidən inkişaf etdirilməsi, sortların iqtisadi səmərəliliyinin yüksəldilməsi, əhalinin təzə üzüm və ondan hazırlanan müxtəlif ərzaqlarlarla etibarlı təmin olunması, bu sahədə sənaye istehsalının yüksəldilməsi, ixracyönümlü məhsulların artırılması işləri həyata keçirilir. Ölkəmizdə bölgələr üzrə üzümçülüyün genişləndirilməsi üçün kişmişi, süfrə, universal və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, regionların torpaq və iqlim şəraitinə uyğun yeni üzüm plantasiyalarının salınması, tingçilik təsərrüfatlarının yaradılması genişləndirilir. Fermerlər üçün bağsalma işlərində istifadə olunan əsas və köməkçi materialların istehsalının təşkili istiqamətində təşkilatı işlər genişləndirilir. Üzümçülük və şərabçılığın infrastruktur təminatının yaxşılaşdırılması, elmi kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi, emal müəssisələrinin fəaliyyətinin bərpası və yeni müəssisələrin yaradılması sürətlə həyata keçirilməkdədir. Həmçinin üzüm məhsullarının satışının stimullaşdırılması, ayrı-ayrı mövsümlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi üçün soyuducu və anbar şəbəkələrinin yaradılması, üzüm və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması, daxili bazarın ədalətsiz rəqabətdən qorunması, dünya standartlarına uyğun spirtli içki məhsullarının istehsalının təşkili yüksəldilir. Eyni zamanda, qurudulmuş mövüc, kişmiş, həmçinin sirkə, müxtəlif şirələrin, mürəbbələrin, spirtsiz içkilərin yüksək keyfiyyətlə sənaye miqyasında istehsalının təşkili istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilməkdədir.
Azərbaycan Respublikasında üzümçülük aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdəndir. Bir hektar üzüm bağından əldə olunan maddi gəlir müvafiq olaraq pambıq sahəsindən 2,7 dəfə, dənli-paxlalı bitkilərindən 3,9 dəfə, tərəvəz bitkilərindən 1,5 dəfə, bostan bitkilərindən 7,5 dəfə, meyvə bağlarından isə 2,6 dəfə yüksəkdir. Üzümçülük kənd təsərrüfatı istehsalının çox xərc tələb edən sahəsi olmasına baxmayaraq, hər hektar sahədən əldə edilən məhsula görə ən yüksək göstəriciyə malikdir.
Tarixən bu ərazidə zəngin üzüm genofondu formalaşmışdır. Hazırda Azərbaycan Respublikası ərazisində 300-dən çox yerli, 200-ə yaxın digər respublikalardan gətirilmə üzüm sortları yayılmışdır. Üzüm genofondunda təzə halda satışa çıxarılan, açıq şəraitdə uzun müddət saxlanıla bilən, kişmiş istehsalında istifadə olunan, ayrı-ayrı qida məhsullarının hazırlanması, həmçinin yüksək keyfiyyətli müxtəlif şərabların istehsalı üçün müxtəlif biomorfoloji xüsusiyyətlərə malik olan sortlar mövcuddur. 
Azərbaycanın üzüm genofondunun 60 faizdən çoxu Naxçıvan Muxtar Respublikası ərazisinin payına düşür. Bu bölgənin kişmişi və süfrə üzüm sortları tarixən bu ərazidən keçən səyyahların, tacirlərin diqqətini cəlb etmiş və müxtəlif respublikalara yayılmaqla dünya şöhrəti qazanmışdır. Keçən əsrin 70-80-ci illərində respublikada üzümçülüyün sənaye miqyasında genişləndirilməsi əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla, Gəncə-Qazax, Şirvan, Qarabağ-Mil, Qarabağın dağlıq hissəsi, Muğan-Salyan, Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, və Naxçıvan bölgələrində həyata keçirilmişdir. Bu bölgələrdə üzümlüklərin sahələrinin genişləndirilməsi nəticəsində 1984-cü ildə 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm məhsulu istehsal edilmişdir. Üzüm bağlarından yüksək və keyfiyyətli məhsulun əldə olunmasında sort seçiminin düzgün aparılması mühüm şərtdir. Sort seçiminin düzgün aparılması aqrar sektorda bütün nailiyyətlərin əsas mənbəyidir.
 Azərbaycanın üzüm genofondunda iqtisadi əhəmiyyət kəsb edən müxtəlif genetik əlamətlərə malik olan kişmişi, süfrə, universal və texniki sortlar mövcuddur. Həmçinin uzun illər ərzində Orta Asiya, Rusiya Federasiyası və Avropa ölkələrindən də iqtisadi səmərəliliyi yüksək olan üzüm sortları gətirilərək becərilməklə genofonda daxil edilmişdir. Qeyd edək ki, 70-80-ci illərdə Azərbaycanda salınan irimiqyaslı üzüm plantasiyalarında müxtəlif vaxtlarda yetişən süfrə və şərabçılıq sənayesi üçün istifadə olunan sort qarışığına yol verilmişdir. Bu da süfrə və texniki üzüm sortlarının vaxtında toplanaraq satışa çıxarılmasında, həmçinin sənaye müəssisələrinə yönəldilməsində çətinliklər yaratmaqla, istehsal olunan məhsulun keyfiyyətni aşağı salmışdı. Qeyd edək ki, yüksək keyfiyyətli üzüm məhsulunun əldə olunmasında ayrı-ayrı sortlardan ibarət bağların salınması, sort qarışığına yol verilməməsi iqtisadi əhəmiyyət kəsb edir. Müasir dövrdə üzümçülüyün yenidən genişləndirilməsində ayrı-ayrı sortlardan ibarət üzüm plantasiyalarının salınması yüksək keyfiyyətli məhsulun əldə olunmasına zəmin yaradır. 
Azərbaycan Respublikasında üzüm istehsalı üçün əlverişli torpaq-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmişi) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına olan yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsi zərurətini aktuallaşdırmışdır. Müasir dövrdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində kənd təsərrüfatında prioritet sahələrin dirçəldilməsinə, genişləndirilməsinə, məhsuldarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bu strateji məqsədə uyğun olaraq, üzüm becərilən bölgələrdə üzümçülüyün məqsədyönlü formada genişləndirilməsi, süfrə üzümü istehsalının artırılması, şərabçılıq sənayesinin müasir texnologiya əsasında yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda qəbul edilən dövlət proqramlarına uyğun olaraq, müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafının təmin edilməsi üçün digər mühüm tədbirlərlə yanaşı, üzüm genofondunun tədqiqi və qorunub saxlanması məqsədilə müasir kolleksiya bağlarının yaradılması, yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, istehsalının artırılması, şərabçılıq sənayesinin müasir texnologiya əsasında yenidən qurulması, tingçilik təsərrüfatlarının yaradılması və bu istiqamətdə elmi-tədqiqat işlərinin dəstəklənməsi kimi mühüm əməli işlər həyata keçirilir. 
Hazırda Azərbaycanda üzümçülüyün yenidən inkişaf etdirilməsi üçün elmi əsaslar yaradılmışdır. Azərbaycan Respublikasının müvafiq elmi-tədqiqat institutlarında çalışan alimlərin uzun illər ərzində üzümçülük üzrə apardıqları ampeloqrafik tədqiqatlar əsasında yazılan və 2012-ci ildə nəşr edilmiş “Naxçıvan Muxtar Respublkasının ampeloqrafiyası, 2017-ci ildə I cildi çapdan çıxan, II və II cildləri nəşrə hazırlanan “Azərbaycan ampeloqrafiyası”, həmçinin “Azərbaycan üzümü”, Naxçıvan Muxtar Respublikasının üzüm genofondu və seleksiyası”, “Üzümçülük” və başqa fundamental əsərlərdə bu ərazidə tarixi inkişaf prosesində xalq seleksiyası yolu ilə yaradılaraq dövrümüzə qədər qorunub saxlanılan və bizim nəslə ötürülən çox qiymətli, iqtisadi əhəmiyyətli, müxtəlif biomorfoloji xüsusiyyətlərilə müşayiət olunan üzüm sortları haqqında elmi məlumatlar verilmişdir. Bu əsərlər yeni tipli müasir üzüm plantasiyalarının salınması üçün mühüm elmi-praktii əhəmiyyət kəsb edir. Azərbaycanda əhalinin kişmişi və süfrə üzümü məhsulları ilə təchizatında yerli sortlardan istifadə olunması daha məqsədəuyğundur. Çünki bu sortların biokimyəvi tərkibi xaricdən gətirilən sortlara nisbətən bu ərazidə yaşayan xalqların orqanizmləri belə yerli məhsullara uyğunlaşmışdır və sağlamlıq üçün daha faydalıdır. 
Azərbaycanın üzüm genofondunda cəlbedici əmtəə görünüşünə malik olan, özünəməxsus keyfiyyəti, dadı və yüksək iqtisadi səmərəliliyi ilə dünyada məşhur olan 16-dan çox kişmişi sortu, o cümlədən Ağ kişmişi, Sarı kişmişi, mərməri, Qəhvəyi kişmişi, Qara kişmişi, Qırmızı kişmişi yayılmışdır. Əhalinin süfrə üzümü ilə təhciz olunması üçün genofondda 70-dən çox süfrə üzümü sortları yayılmışdır. Bu sortlara Ağ xəlili, Qara xəlili, Qızıl üzüm, İnəkəmcəyi, Ağ şanı, Qara şanı, Salyan üzümü, Ağadayı, Quşürəyi, Sarıgilə, Təbrizi və digər sortlar daxildir. Yetişmə müddətlərinə görə yeddi qrupa bölünən və müxtəlif aqrobioloji xüsusiyyətləri ilə səciyyələnən belə kişmişi və süfrə sortlarından ibarət müasir üzüm plantasiyalarının Naxçıvan, Qazax-Gəncə, Şamaxı, Lənkəran, Mil- Qarabağ, xüsusilə Abşeron bölgələrində salınması respublika əhalisinin ekoloji baxımdan təmiz, yüksək keyfiyyətli yerli üzüm məhsulları ilə təmin olunmasında çox mühüm əhəmiyyət kəsb edər. Həmçinin, bu sortların sənaye miqyasında əkilməsi yüksək keyfiyyətli ixracyönümlü üzüm məhsullarının istehsalının təşkilində və artırılmasında mühüm rol oynayar. Hələ ötən əsrin 80-ci illərində hər il respublikada ticarət təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara isə daha çox – 230-240 min ton süfrə üzümü ixrac edilirdi. Hazırda bu göstəricilər ildən-ilə artmaqdadır. 
Azərbaycan ərazisi qurudulmuş kişmiş və müxtəlif çeşidli üzüm şirələrinin, doşab, abqora, mövüc, sirkə və başqa məhsulların istehsalı üçün olduqca əlverişli torpaq-iqlim şəraitinə malikdir. Ölkədə üzüm məhsullarından spirtsiz və spirtli üzüm məhsullarının istehsalının təşkili, artırılması və müasir texnologiya əsasında genişləndirilməsi valyuta gəlirlərinin artırılması üçün çox perspektivlidir. Qeyd edək ki, 80-ci illərdə Azərbaycanda kənd təsərrüfatından əldə edilən ümumi gəlirin 30 faizi üzümçülüyün payına düşürdü. Azərbaycanın şərab və konyakları Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, keçmiş Çexoslovakiya, Kuba və Monqolustana ixrac olunurdu. Azərbaycanda istehsal olunan şərablar yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq sərgilərdə 97 qızıl medala layiq görülmüşdür. Hazırda Azərbaycanın üzüm genofondunda yüksək keyfiyyətli, dünya standartlarına tam cavab verən Hənəqırna, Ağ aldərə, Mələyi, Şamaxı mərəndisi, Həməşərə, Mədrəsə, Bayanşirə, Mərəndi, Naxçıvan qara üzümü və şərabçılıq sənayesi üçün çox perspektivli 100-dən çox başqa texniki sortlar mövcuddur. Müasir dövrdə dünya miqyasında süfrə üzümünə, ondan hazırlanan müxtəlif çeşidli qurudulmuş məhsullara, şirələrə, ayrı-ayrı şərablara, xüsusilə qırmızı şərablara, ampeloterapiv müalicə vasitələrinə tələbat ildən-ilə artmaqdadır. İndiki dövrdə Azərbaycan dövlətinin özünün milli resurslarından istifadə etməklə ixracyönümlü üzüm məhsullarının istehsalının yüksəldilməsi hesabına ölkəyə xarici valyuta axınının artırılmsı imkanları çox genişdir. Eyni zamanda, belə təbii resurslardan səmərəli istifadə olunması ölkədə əsas problemlərdən biri olan işsizliyin aradan qaldırılmasında mühüm rol oynayar. 
Qeyd edək ki, üzümçülüyün inkişafı üzrə müvafiq dövlət proqramları əsasında əməli işlərin görülməsi və genişləndirilməsi, ixracyönümlü məhsulların artırılmasından əldə olunacaq maddi gəlir dövlət büdcəsinə valyuta axınının yüksəlməsinə, kənd əhalisinin işlə təmin olunmasına, adamların maddi güzəranının yaxşılaşmasına və üzümçülüyün yenidən ənənəvi şöhrətinin özünə qaytarılmasına inkan yaradacaqdır.
Varis QULİYEV, 
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru 

18 Avqust 2018 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə