Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq münasibətlərdə informasiya və ictimai diplomatiya

Son illər qarşılaşdığımız qlobal “informasiya partlayışı” və “ictimaiyyətlə əlaqələr” (İƏ) adlandırılan ictimai diplomatiyanın sürətli inkişafı beynəlxalq münasibətlər sahəsindən də yan keçməmişdir. Bundan əlavə, bu sferada informasiya inqilabı fenomeninin qlobal aspektləri və nəticələri– ümumdünya informasiya cəmiyyətinin (ÜİC) yaranması və İƏ texnologiyalarının beynəlxalq əlaqələrə kütləvi surətdə tətbiqi məsələsi də aktuallaşmışdır.
Beynəlxalq münasibətlər üzrə mütəxəssislər, xüsusilə diplomatlar son illərdə öz fəaliyyətlərində İƏ texnologiyaları ilə professional cəhətdən maraqlanırlar. Hazırda, demək olar ki, bütün dövlətlərin xarici işlər orqanları ictimai diplomatiya ilə məşğul olur, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə yaradır, fəaliyyətlərində ən müasir informasiya texnologiyalarından istifadə edirlər. 
Prezident İlham Əliyev Xarici İşlər Nazirliyində keçirilən müşavirələrdən birində məhz bu məsələyə toxunaraq bəyan etmişdir ki, artıq biz informasiya sferasında hücuma keçməliyik: “Ümid edirəm, biz informasiya sahəsində daha böyük uğurlar əldə edəcəyik. Biz informasiya sahəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik”. Həyat sübut etdi ki, dövlət başçısının bir neçə il əvvəl səsləndirdiyi bu çağırış ilə kəsərini artıran Azərbaycan diplomatiyası müstəqil dövlətin xarici siyasətində informativ hücumla bağlı ciddi irəliləyişə nail olmuşdur.
Beynəlxalq münasibətlərdə ictimaiyyətlə əlaqələr və informasiya resursları çox güclü silahdır. Ümumiyyətlə, çağdaş dünyada informasiya anlayışına iki baxış mövcuddur. Birinci istiqamət informasiyanı, sadəcə, məlumat kimi nəzərdən keçirir. Bu daha ümumi, klassik və nisbətən köhnə baxışdır. Bu zaman informasiya maddi olmayan bir məlumat və ya siqnal kimi dəyərləndirilir. İkinci yöndən isə informasiyaya yol göstərən, istiqamət verən vasitə kimi baxılır. Bu zaman informasiya nəinki hansısa xəbər, həm də daha geniş məlumat sistemi kimi götürülür. 
Belə bir yanaşma ötən əsrin 40-50-ci illərində informasiya və statistik kibernetika nəzəriyyəsi adı altında geniş yayılmışdı. Bu nəzəriyyəni kibernetikanın baniləri sayılan Klod Şennon və Norbert Viner əsaslandırmışdılar. Bu baxışın nümayəndələri informasiyanı təşkilatla, nizamla, qurumla eyniləşdirirdilər. Hazırda üçüncü bir istiqamət də formalaşmaqdadır ki, bu yanaşmaya görə, informasiya kütlə, enerji və s. kimi fiziki substansiya da ola bilər. 
Adətən, məlumat “xam faktlardır”, məsələn, siyasi liderin adı, hərbi qüvvələrin sayı, ÜDM və s. Bu faktlar müəyyən əhəmiyyət kəsb edən ardıcıllıqla və nizamla toplanırsa, artıq böyük dəyər qazanan, qiymətli informasiya yaranır. Bu zaman məlumatın mənbəyi və hazırlanması əsas deyil, başlıca məsələ həmin prosesin nəticəsinin qərar qəbul edilməsində faydalı olmasıdır.
Bəşər tarixində müşahidə olunan informasiya inqilabı 3 əsas mərhələ keçmişdir. Birinci dövr (1837-1963) teleqrafın, radio və televiziyanın kəşfi və ondan geniş istifadə ilə bağlı olmuşdur. İkinci mərhələ (1964-1990) İBM seriyalı kompüterlərin tətbiqi və geniş yayılması ilə davam etmişdir. Üçüncü dövr isə 1991-ci ildən İnternetin şəxsi istifadə dairəsinə daxil olması ilə başlanmışdır. Hər bir mərhələdə də beynəlxalq münasibətlərdə, dövlətlərarası əlaqələrdə, qarşılıqlı təsirdə həmin dövrə məxsus üsul və vasitələrdən yararlanmağa çalışmışlar.
Birinci mərhələdə qərar qəbulu prosesində xüsusi sektorun iştirakını istisna edən, dövlətlərin idarə etdiklərti sistemlər hakim rol oynamışlar. İkinci dövrdə artıq bu prosesə qeyri-hökumət aktorlarının qoşulması labüd olmuşdur. Hazırda hökumətlər mövcud beynəlxalq institutlara və rejimlərə adaptasiya olunmağa çalışır, bununla da yeni idarəetmə formaları yaranır. 
Artıq informasiya texnologiyaları və internet ilkin hərbi-texniki və iqtisadi əhəmiyyətini arxada qoymuş, qlobal səviyyədə beynəlxalq münasibətlərə, qarşılıqlı siyasi əlaqələrə gerçək təsir göstərən amilə çevrilmişdir. Bu baxımdan internetin rolu həddindən artıq yüksəlmişdir. Onun müasir dünyanın təhdidlərinə cavab verən siyasi, iqtisadi, psixoloji, intellektual potensialını nəzərə alsaq, konkret millətlərarası və etnik münaqişələrin həllində sülhməramlı rolu hələ sonadək öyrənilməmişdir.
Dünyada kompüterləşmənin indiki sürətinin əsasını qoymuş ölkə kimi ABŞ informasiya texnologiyaları sahəsində, onun bazarlarında öncüllüyünü qoruyub saxlayır. ABŞ-ın nümunəsində dünya anladı ki, cəmiyyətin informasiyalaşdırılması müasir iqtisadiyyata güclü təsir edən amillərdəndir. Bu gün haqqında geniş söhbət açılan qloballaşma da informasiya texnologiyalarının inkişafı nəticəsində mümkün olmuşdur. 
ABŞ mütəxəssislərinin geniş yayılmış proqnozlarına görə, 2020-ci ildə bu ölkədə postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçid baş verməlidir. Bu isə öz növbəsində kosmoloji cəmiyyətə keçid üçün hazırlıq mərhələsidir. Bu o deməkdir ki, XXI əsrdə beynəlxalq münasibətlərdə, diplomatiyada ön plana hərbi-siyasi məsələlər, silahlı münaqişələr deyil, xarici ticarət, maliyyə, ekologiya və informasiya mübadiləsi problemləri çıxacaq. Əbəs deyil ki, bir çox nəzəriyyəçi XXI əsri təkcə “informasiya əsri” deyil, həm də “kompüter əsri”, “rəqəmli əsr” və ya “yeni media əsri” də adlandırır.
Beləliklə, XXI əsrdə ölkələrin informasiya resursları toplusu həm onların təcavüz obyektinə, həm də informasiya müharibələrində güclü silahına çevrilə bilər. Böyük informasiya- kommunikasiya texnologiyalarından (İKT) düşmən üzərində hərbi-siyasi üstünlüyün təmin olunmasında, beynəlxalq arenada rəqiblərin tərk-silah edilməsində istifadə təhlükəsi yaranır. Yeni İKT-lərin istifadəsi ilə hərbi potensialın artırılması qlobal və regional güc balansının dəyişməsinə, yeni qarşıdurma nöqtələrinin yaranmasına gətirib çıxarır. 
İndi təcavüz anlayışı yeni məzmun alır – artıq ölkələr beynəlxalq hakerlik, informasiya piratçılığı potensialını yaratmaq prosesinə qoşulmalı olur. Son dövrlərdə məhz ABŞ-da müşahidə etdiyimiz prezident seçkiləri ilə bağlı səngiməyən araşdırmalar, ölkələr və təşkilatlararası ticarət, tarif müharibələri, sosial şəbəkə texnologiyalarının məqsədli şəkildə bu və ya digər dəyərli informasiyaların əldə olunmasında istifadəsi ilə bağlı üzə çıxan xəbərlər deyilənləri bir daha sübut edir. 
Beynəlxalq münasibətlərin strukturunda İKT maraqları baxımından yeni dövlətlərarası alyanslar yaranmışdır. Beynəlxalq peyk rabitəsi təşkilatı – “İntelsat”, Dəniz peyk rabitəsi – “İnmarsat”, Avropa peyk rabitəsi təşkilatı – “Evtelsat”, Kosmik rabitə üzrə beynəlxalq təşkilat – “İntersputnik” təşkilatları belə yaradılmışdır. 1995-ci ilin fevralında “böyük yeddilər” Brüsseldə Qlobal İnformasiya Cəmiyyətinin (QİC) formalaşması məsələlərinə aid müvafiq nazirlər səviyyəsində konfrans keçirmişlər. Bundan sonra Lion (1996), Okinava (2000), Genuya (2001), Kananaskis (2002) toplantılarında Qlobal İnformasiya Cəmiyyəti məsələləri geniş müzakirə olunmuşdur. 
İnformasiya texnologiyalarından bərabər səviyyədə istifadə və “rəqəmli uçurumun” aradan qaldırılması Qlobal İnformasiya Cəmiyyətinin əsas prinsipi elan olunmuşdur (Okinava Xartiyası, 2000). BMT-nin fəaliyyətinə də informasiya-kommunikasiya texnologiyalarının inkişafı öz təsirini göstərmişdir. 2003-2005-ci illərdə müvafiq olaraq Cenevrə və Tunisdə BMT-nin maliyyə və təşkilati dəstəyi ilə Ümumdünya İnformasiya Cəmiyyəti sammitləri keçirilmiş, 17 may Ümumdünya İnformasiya Cəmiyyəti Günü elan edilmişdir. Bunun ardınca 2006-ci ildən başlayaraq Cenevrədə daimi əsasda may ayında Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti forumlarının keçirilməsinə başlanmışdır. 
Qeyd etdiyimiz kimi, beynəlxalq münasibətlər məsələlərini nəzərdən keçirərkən xarici siyasət, diplomatiya və diplomatik xidmət anlayışları ilə rastlaşırıq. Bir-birinin tərkib hissəsi olaraq bu sahələr vahid sistem halında fəaliyyət göstərir. İctimaiyyətlə əlaqələrin bu sahələrin hər birində tətbiqi geniş imkanlar açır. Burada amerikalı alim Edvard Berneyzin qeyd etdiyi kimi ictimai əlaqələrin insan cəmiyyətinin özü qədər qədim olan üç əsas funksiyası – kütlələri məlumatlandırmaq, inandırmaq və bir-birinə yaxınlaşdırmaq funksiyaları köməyə gəlir. Xalqları bir-birinə yaxınlaşdırmaq, regional və qlobal problemlərin həllində qarşılıqlı anlaşma yaratmaq, qarşıya qoyulan məqsədlərə çatmaq, əlverişli əməkdaşlıq mühiti yaradılması üçün lazımi ictimai rəy yaratmaq, dövlət və ya xalqlara münasibəti öyrənmək effektiv ictimai əlaqə fəaliyyəti tətbiq edilmədən müşkül məsələdir. 
Beynəlxalq münasibətlərdə ictimaiyyətlə əlaqələr üç sahədə aydın nəzərə çarpır. Birincisi, ayrı-ayrı dövlətlərin bir-biri ilə münasibətlərində – dövlətlər qarşılıqlı anlaşma yaratmaq, ölkə əhalisinin dövlətin qəbul etdiyi qərarlara münasibətini öyrənmək, daxili və xarici siyasətin yaxın və uzaq qonşu dövlətlər tərəfindən necə qarşılandığını öyrənmək üçün müvafiq fəaliyyət növünü, İƏ mütəxəssislərini bu işlərə cəlb edə bilər. 
İkincisi, diplomatik nümayəndəliklərin cari fəaliyyəti ilə əlaqədar – dövləti xarici ölkədə təmsil edən, dövlətin və onun vətəndaşlarının hüquq və mənafeyini qoruyan xarici siyasət orqanları olaraq diplomatik nümayəndəliklər ictimaiyyətlə əlaqələr departamentləri yaradıb öz funksiyalarının yerinə yetirilməsində böyük uğurlar qazanırlar. Hər hansı siyasi, iqtisadi, sosial və ya mədəni məsələ ilə bağlı rəsmi səviyyədə müzakirələrdən öncə həmin ölkə əhalisinin bu məsələyə münasibəti, cəmiyyətin ictimai rəyi öyrənilə bilər. Bu da gözlənilməz nəticələrdən qaçmağa imkan verəcəkdir. 
Üçüncüsü, müxtəlif təşkilatların özünü beynəlxalq aləmə tanıtmaq və özünə inandırmaq istəyindən buna ehtiyac yaranır.
Həm universal, həm də regional beynəlxalq təşkilatlar isə öz əhatəsində daha çox suveren, müstəqil, demokratik dövlətləri birləşdirməyə çalışır. Bu da onların müvafiq qərarların qəbulunda səlahiyyətlərinin artırılması məqsədi daşıyır. Daha çox müstəqil, demokratik dövlətin dəstəyini qazanan beynəlxalq təşkilat səlahiyyətində olan məsələlərlə əlaqədar qərar qəbulu və onların yerinə yetirilməsində daha inamlı olur. Bu isə həmin dövlətlər istiqamətində yönəlmiş uğurlu İƏ fəaliyyəti tələb edir. Lazımi informasiyanın çatdırılması və idarə edilməsi ilə yeni formalaşan informasiya cəmiyyətində bu təşkilat daha da möhkəmlənir. 
Bu sahədə münasibətləri tənzimləmək üçün ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər 1955-ci ildə bir araya gələrək Beynəlxalq İctimai Əlaqələr Assosiasiyası (BİƏA) yaratmışlar. 1964-cü ildə BMT, bir neçə il sonra isə UNESCO BİƏA-nı rəsmi olaraq tanımışdır. Bu gün BİƏA ictimaiyyətlə əlaqələr sahəsində yüksək normaların yaranmasına xidmət edən nüfuzlu beynəlxalq təşkilatdır. 
Göründüyü kimi, müasir diplomatiya üçün beynəlxalq münasibətlərdə yalnız dövlət orqanları, ölkə başçıları , professional diplomatlar deyil, xalq kütlələrinin də vacib rol oynaması xarakterikdir. Bu həm peşəkar fəaliyyətin, həm də xalq diplomatiyasının əsas elementi kimi qarşıya çıxır. Bu dinc vasitələrin əsas özünəməxsus cəhəti onların konstruktivliyi, tərəflərin hüquq və maraqlarına hörməti, siyasətin ümumbəşəri mənəvi normalar ilə birləşdirilməsini əsas tutmasıdır. Bütün bunlar Azərbaycan dövlətinin də xarici siyasətində informasiyanın, ictimaiyyətlə əlaqələrin – ictimai diplomatiyanın rolunu xeyli artırmışdır.
Rəşad AĞAZADƏ,
siyasi elmlər üzrə fəlsəfə doktoru

18 Avqust 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə