Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm”

Azərbaycanda ekstremizmin sosial bazasının formalaşması üçün onun dayağı yoxdur. Dünyada , xüsusən Yaxın Şərqdə gedən münaqişələrə baxmayaraq ölkəmizdə ictimai-siyasi və dini durum sabitdir... Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə avqustun 17-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda keçirilən seminar-müşavirədə bu barədə söhbət getmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla anmışlar.
Seminar-müşavirədə DQİDK-nın məsul əməkdaşları, Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların cənub bölgəsindəki yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak etmişlər.
Tədbir DQİDK-nın sifarişi ilə çəkilən Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi ilə başlamışdır.
Filmin nümayişindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirmişdir ki, bu tədbirin keçirilməsində məqsəd Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. O, Azərbaycanda, o cümlədən Lənkəranda milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırmışdır.
Şəhər icra hakimiyyətinin başçısı çıxışında, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, eləcə də bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin əhəmiyyətini qeyd etmişdir. 
DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycanda aparılan din siyasətinin əsas prioritetlərindən danışaraq bildirmişdir ki, dövlətin başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. Bu məqsədlə o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara dəstək verilməsinin Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən məntiqi və mütərəqqi addım olduğunu diqqətə çatdırmışdır.
Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, mahiyyəti və ona qarşı mübarizə metodlarından danışan S.Heydərov qeyd etmişdir ki, araşdırmalar Azərbaycandakı bu sabitliyi və inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını istəməyən bəzi xarici qüvvələrin respublikamıza qarşı pozuculuq fəaliyyətinin bir an belə səngimədiyini göstərir. Çox təəssüf ki, bəzi şəxslər bu qüvvələrin təsirinə düşürlər. Eləcə də kriminal ünsürlər də öz çirkin, məkrli niyyətlərini gizlətmək üçün din libasına bürünərək, ölkəmizdəki sabitliyə təsir göstərməyə cəhd edirlər. Bizim başlıca vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi bu cür yad dini ideologiyaların təsirindən qorumaqdır. Bu baxımdan maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi önəm verilir.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev çıxışlarda dini ekstremizmin ictimai asayişin təminatında ciddi təhlükə mənbəyi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, hüquq-mühafizə orqanları respublikamızda sabitliyi və əmin-amanlığı pozmağa çalışanlara qarşı daha qətiyyətlə mübarizə aparmalı, bəzi kriminal ünsürlərin din pərdəsi altında cinayətlər törətməsinin qarşısında etibarlı sipər çəkməyi bacarmalıdırlar. O, həmçinin insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün onların daha çox sağlam dini bilgilərə yiyələnmələrinin, habelə bu istiqamətdə həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbirdə mövzu ilə bağlı çıxış edən Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Qəni Axundzadə dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən profilaktik və inzibati tədbirlər, eləcə də son dövrlərdə bu sahə üzrə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermişlər.
Seminar-müşavirəni yekunlaşdıran DQİDK-nın sədr müavini S.Heydərov tədbir iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik etmiş və Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı dini icma rəhbərlərinə tövsiyələrini çatdırmışdır. 
“Xalq qəzeti”

18 Avqust 2018 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə