Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəbzənginin bənzərsiz ifaçısı

Gülxar Həsənova – 100

Milli opera teatrımızın inkişafında onun böyük xidmətləri olmuşdur. Gülxar xanım 1942-ci ildən 1980-ci ilədək Azərbaycan Opera və Balet Teatrının solisti kimi çalışmışdır. İndi yüzillik yubileyi ərəfəsində onun sənət yoluna yenidən nəzər salır, yaradıcı həyatının maraqlı məqamlarını yad edirik. 
Prezident İlham Əliyev avqustun 15-də görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, 2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur. Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqisevərlərin qəlbində dərin izlər buraxıb. 
Gülxar xanım çox mənalı bir ömür yolu keçmişdir. O, Şəmkir rayonunun Kolxozkənd (Bayramlı) kəndində dünyaya gəlib. Atası İbrahim kişi, anası Nabat xanım tanınmış bəy nəslindən olublar. Deyilənə görə , 7 yaşlı Gülxar məktəbə getməzdən əvvəl sərbəst oxumağı və yazmağı bacardığı üçün yeddiillik məktəbin birbaşa ikinci sinfinə qəbul edilib. 
Orta məktəbi bitirdikdən sonra ailəsi onu həkim görmək arzusunda idi. Həmin il Gülxar uğurla imtahan verərək, Tibb Texnikumuna qəbul olub. Lakin musiqiyə olan məhəbbəti Gülxarı bir an da olsun tərk etmirdi. Buna görə də o, texnikumun nəzdində, habelə Əli Bayramov adına qadınlar klubunda özfəaliyyət dərnəyinə üzv yazılmışdı. Gənc qız nəfəsli alətlərin ifaçılığı ilə yanaşı, yaxşı səsi olduğu üçün xalq mahnıları oxuyar, həm də dram dərnəyində müxtəlif rollar oynayardı.
Gülxar Tibb Texnikumunu bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutuna qəbul olub, ancaq onun bu sevinci uzun çəkməyib. Cəmi 3 ay oxuduqdan sonra onu institutdan xaric edirlər. Səbəbi də bu idi ki, atasının yaxın qohumu Həmid Sultanov və onun həyat yoldaşı Ayna Sultanova “xalq düşməni” kimi tutulmuşlar. Gülxarın qardaşlarını və atasını da işdən qovmuşdular. Beləliklə, ailə böyük məhrumiyyətlərlə üz-üzə qalmışdı.
Qızının gələcək taleyindən narahat olan İbrahim kişi gizlicə kənddən ona başqa bir yaş kağızı yazdırıb göndərir. Bu yaş kağızında babasının adı ona soyad kimi yazılmışdı, anadan olduğu il isə 1918-ci il göstərilmişdi.
Lakin Gülxar təhsilini davam etdirmək arzusundan vaz keçmədi. Amma bu dəfə sənətə olan həvəsi onu 1935-ci ildə Bakı Teatr Texnikumuna gətirdi. Gülxar xanım texnikumu 1937-ci ildə əla qiymətlərlə bitirdi. Təhsil ala-ala 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında işə düzəldi. Sonra isə Üzeyir bəyin təkidi ilə Opera Teatrına keçirildi.
Beləliklə, Opera Teatrına qəbul olunan Gülxar xanım 1942-ci ildən 1980-ci ilədək Azərbaycan Opera və Balet Teatrının solisti oldu. İşinin çox, vaxtının az olmasına baxmayaraq, 1959-cu ildə ADU-nun biologiya fakültəsini də bitirdi. 1980-ci ildən isə Gənc Tamaşaçılar Teatrının məşqçi-pedaqoqu oldu. Bununla yanaşı, “Leyli və Məcnun”da Leyli və Leylinin anası, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da xanəndə qız, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Bahadır və Sona”da Təravət xanım, “Arşın mal alan”da Telli, “Vaqif”də qarı, “Gəlin qayası”nda Ana kimi yaddaqalan obrazlar yaratdı.
Azərbaycan xalqının fəxri, Şərqin ilk opera yazan qadın bəstəkarı, Xalq artisti Şəfiqə xanım Axundova danışırdı: “Bir dəfə tanınmış şəxsiyyətlərlə bərabər Üzeyir bəylə mən də operada “Şah İsmayıl” operasına tamaşa edirdik. Ərəbzəngini Gülxar oynayırdı. Böyük həvəslə baxırdıq. İnandırım sizi, zalda o qədər sakitlik var idi ki, elə bil zal boş idi. Tamaşadan sonra Üzeyir bəy başını bulayaraq dedi: “Bu qız Ərəbzəngini necə oynayırsa, mən yadımdan çıxarıram ki, bu, Gülxardır. Elə bilirəm ki, hansısa bir kişi müğənnidir. Halaldır ona”. 
Gülxar xanımın oxuduğu muğamları, təsnifləri, xalq mahnılarını, opera səhnəsində saysız rollarını xatırlayanda heyrətlənməmək mümkün deyil. Sənətkarın yaradıcılıq palitrası o qədər zəngin, o qədər genişdir ki, onun operadakı rollarını, muğamlarını nəinki yığcam bir yazıda, hətta böyük bir kitabda da təhlil etmək qeyri-mümkündür. 
 Bax, beləcə böyük sənət eşqi ilə yaşayan Gülxar Həsənova soprano səs tembri ilə parlaq koloritli obrazlar yaratdı, muğam, xalq mahnı və təsniflərimizi xüsusi gözəlliklə ifa edərək onların da əbədiyaşarlığında mühüm rol oynadı. Gülxar Həsənova bu cəhətləri ilə öz üslubunu yaradaraq səhnəyə yeni qədəm qoyan neçə-neçə gəncə də yol göstərdi, onlardan öz bilik və bacarığını əsirgəmədi.
 Uzun illər Gülxar xanımla tərəf-müqabil olmuş Xalq artisti Canəli Əkbərovun dediklərindən: “Sənətkar üçün vacib olan bir neçə amil var. Bunlardan ən başlıcası istedad, məsuliyyət və zəhmətdir. Bu keyfiyyətlər də Gülxar xanımda üstünlük təşkil edirdi. Odur ki, o, nümunəvi bir sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla bir yerdə çalışmaq mənə nəsib olub. M.Maqomayevin “Şah İsmayıl” operasında mən Şah İsmayıl, o isə Ərəbzəngi rolunda çıxış etmişik. Gülxar xanım bu obrazı o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə olduğumu unudub onun sənətinin sehrinə düşür, az qala tamaşaçıya çevrilirdim. Bu obraz ona çox yaraşırdı. Unudulmaz sənətkarımız Həqiqət Rzayevadan sonra Ərəbzəngi obrazının ən mahir ifaçısı məhz Gülxar Həsənova idi. İllər keçdikcə mən ona baxıb düşünürdüm, heyf ki, səhnəmizin Ərəbzəngisi qocalır. Görən onu kim əvəz edəcək? Amma açığını deyim ki, hələ də Gülxar xanımı xatırladan Ərəbzəngi yoxdur. 
Onun bütün keyfiyyətləri gözəl və səmimi idi. Xüsusən də sənət dostlarından bilik və bacarığını əsirgəməzdi. Gülxar Həsənova lazım gəldikdə gənc ifaçılarla hətta evində məşğul olurdu. Bunu sənətimizin inkişafı naminə edirdi. Odur ki, Gülxar Həsənova bu gün yaddaşlarda mahir bir sənətkar və gözəl insan kimi qalıb”.
Sənətdə öz sözünü demiş Gülxar xanım daim dövlətin diqqətində olub. O, “Şərəf nişanı”, “Şöhrət” ordenləri, neçə-neçə medalla təltif edilib. 1954-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülüb.
Gülxar xanımın övladları Hamlet Qurbanov və Gülşən Qurbanova da analarının sənət yolunu davam etdirərək milli teart sənətimizin inkişafına öz töhfələrini vermişlər.
 Böyük sənətkar G. Həsənova uzun sürən xəstəlikdən sonra 2005-ci ilin mart ayında dünyasını dəyişib. Azərbaycan xalqı yüz il keçsə belə, bu gözəl sənətkarı ehtiramla xatırlayır və gələcək nəsillər bu sənət məktəbindən hələ çox faydalanacaqlar.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

18 Avqust 2018 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə