Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaşinqton hərbi büdcəni artırdı

Moskva və Pekin bundan narahat olduqlarını bəyan edirlər

ABŞ Prezidenti Donald Tramp 2019-cu il üzrə ölkənin hərbi büdcəsini təsdiqləyib. ABŞ-ın müdafiə xərcləri bütövlükdə 716 milyard dollar təşkil edəcək. “Defense News” nəşri bildirir ki, bu vəsaitin 617 milyard dolları Pentaqonun əsas tələbləri və əməliyyatları, əlavə 69 milyardı hərbi dövrün fond, 30 milyardı isə nüvə silahlanması proqramları üçün nəzərdə tutulub.
Trampın büdcə planı ABŞ Silahlı Qüvvələrinin sayının 25,9 min nəfərə qədər artırılmasını nəzərdə tutur. Bu, ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 2019-cu maliyyə ilində 10 yeni gəmi almağa və hərbi hava qüvvələri üçün daha üç eskadrilya yaratmağa imkan verəcək. 
Büdcə yeni maliyyə ilində 236,7 milyard dollar dəyərində silah və hərbi texnika almağı nəzərdə tutur. Bu məbləgin 144,3 milyard dolları bilavasitə satın almaq üçün olan xərclərdir, qalan 92,4 milyard dolları isə elmi –tədqiqat və təcrübə-konstruktor işlərinə yönəldiləcək. Silahların və hərbi texnikanın satın alınmasının əsas proqramlarına çəkilən xərclər isə 92,3 milyard dollara qədər artırılacaq. ABŞ-ın 2019-cu ildə hərbi büdcə xərclərinin ən böyük həcmdə artımı qeyri-müəyyən formalaşdırılmış maddə – “Hərbi fəaliyyətlərə dəstəyin təmin edilməsi” üçün nəzərdə tutulur - 66,8 milyard dollar. Bu isə 2018-ci maliyyə ilində eyni məqsədlər üçün ayrılan 49,9 milyard dollardan 16,9 milyard dollar çoxdur. 
Dünyanın bəzi politoloqları qeyd edirlər ki, Ağ evdə baş tutan bu imzalanmadan dərhal sonra Rusiya Federasiyası ilə Çin Xalq Respublikası öz aralarında hərbi əməkdaşlığı gücləndirmək barədə ilkin danışıqlara başlamışlar.
Çin Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc edilən məlumata görə, avqustun 15-də Moskvada keçirilmiş strateji təhlükəsizlik toplantısında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının rəhbəri Yanq Jieci ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşüblər. Yanq Jieçi Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin liderliyi ilə iki ölkə arasında münasibətlərin inkişaf etdiyini, strateji əməkdaşlığı genişləndirmək üçün müxtəlif sahələr üzrə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Patruşev də öz növbəsində Rusiya-Çin əlaqələrinin prezidentlərin səyləri nəticəsində gücləndiyini qeyd edərək, ölkəsinin strateji koordinasiyanı genişləndirməyə hazır olduğunu diqqətə çatdırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova jurnalistlərə açıqlamasında son zamanlar rəsmi Vaşinqtonun beynəlxalq arenada gücünə arxalanaraq təzyiq göstərmə prinsipinə üstünlük verdiyini bildirib: “ABŞ hərbi büdcəsinin misli görülməmiş artımı – 716 milyard dollara yüksəlməsi mövcud beynəlxalq təhlükəsizliyə təhdiddir. Vaşinqton tərəfindən verilən bu qərarlar Rusiya-ABŞ münasibətlərindəki problemlərin həllinə mənfi təsir göstərir”.
Yeri gəlmişkən, Çin Xarici İşlər Nazirliyi də ABŞ hərbi büdcəsində Tayvanın müdafiəsinə yardımı nəzərdə tutan vəsaitin kəskin artırılmasını sərt tənqid edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang ABŞ-ı soyuq müharibə düşüncəsindən əl çəkməyə və Çinlə münasibətlərə yenidən baxmağa çağırıb.
Çin Müdafiə Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, ABŞ-ın Tayvanla hərbi əməkdaşlığı Çin-ABŞ orduları arasındakı qarşılıqlı etimada zərbə vurur. Nazirliyin bəyanatında deyilir: “Biz bunu Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndiririk”.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

18 Avqust 2018 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə