Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmran Xan Baş nazir kimi ölkə parlamentində ilk dəfə çıxış edib

Pakistan hökumətinin başçısı korrupsiyaya qarşı sərt mübarizə aparacağını vəd edib

Dünən Pakistanın yeni seçilmiş Baş naziri İmran Xan hökumətin rəhbəri statusunda ilk dəfə parlamentin aşağı palatası – Milli Assambleyanın üzvləri qarşısında çıxış edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
İmran Xan çıxışı zamanı ölkədə hərtərəfli islahatlar aparmaq əzmində olduğunu bəyan edib. Onun sözlərinə görə, yeni hökumətin əsas hədəfini məhz korrupsiya ilə mücadilə təşkil edəcək. Vurğulayıb ki, Pakistanda ağır bəlaya çevrilmiş korrupsiyanın kökünü kəsmədən inkişaf və tərəqqiyə nail olmaq mümkün deyil. 
Baş nazir korrupsiya ilə mübarizə proqramı barədə danışarkən deyib: “Biz bu sahədə böyük dəyişikliklər edəcəyik. Real planlarımız var. Pakistan xalqı bizdən bunu gözləyir. Söz verirəm ki, ölkəmizi talan edənlərə qarşı qətiyyətlə mübarizə aparacağam”.
İ.Xan ölkədə təhsilin inkişafına lazımi qədər vəsait ayrılacağını bildirib. O, həmçinin əhalinin içməli su ilə təchizatı sahəsində iri layihələrin icrasına kifayət qədər vəsait yönəldiləcəyini vəd edib. İ.Xan deyib ki, hökumət bütün sahələrdə çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək. 
Xatırladaq ki, İ.Xan “Ədalət uğrunda hərəkat” partiyasının lideridir. Milli Assambleyada keçirilən səsvermədə əsas rəqibi – Pakistan Müsəlman Liqasının rəhbəri Şahbaz Şərif üzərində qələbə çalıb. İ.Xanın namizədliyini bir sıra müstəqil partiyalar da dəstəkləyib. 
Məlumat üçün bildirək ki, İ.Xan 1952-ci ildə Lahor şəhərində anadan olub. 18 yaşından Pakistanda populyar olan kriket üzrə milli komandada çıxış etməyə başlayıb. 1982-1992-ci illərdə milli komandanın kapitanı olub. Xeyriyyəçidir. 
İ.Xan Pakistanın hazırda ən tanınmış siyasətçilərindən biridir. Təsadüfi deyil ki, onun mitinqlərinə minlərlə insan toplaşır. Liberal baxışları ilə seçilir. Taliban liderləri siyasi mövqeyinə görə dəfələrlə onu ölümlə hədələyiblər. İ.Xan Pakistanın sayca 22-ci Baş naziridir. 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

18 Avqust 2018 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə