Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli qəhrəmanlarımız

“Dəli bir ağlamaq keçir könlümdən”

Bu şah misra ilə rədiflənən məşhur şeir 1990-cı ilin Qanlı yanvar günlərində dinc xalqımızın üstünə qoşun yeritmiş, günahsız soydaşlarımızı qətlə yetirmiş qırmızı imperiya rəhbərliyinə qarşı ümumxalq ittihamının bədii ifadəsi kimi dillər əzbərinə çevrilmişdi, yanıqlı könüllərə təsəlli və ümid çiləmişdi: 

Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.

O zaman bu “dəli bir ağlamaq”, əslində, milyonlarla ürəkdən qaynayıb-daşan, göz yaşlarından süzülüb, qəzəb və nifrət selinə çevrilən üsyan idi, günahsız həmvətənlərimizin intiqamına dəlisov bir çağırış idi. Həmin şeir müəllifi– tanınmış telejurnalist, qeyrətli soydaşımız Alı Mustafayevin özünün də Qarabağ münaqişəsinin ilk günlərindən ön cəhbəsində olduğu Haqq davamızda mübarizə andına çevrildi:

Mənası bir imiş toyun, yasın da,
Bu qara zülmətin, ağ libasın da.
Durub haqq evinin astanasında
Dəli bir ağlamaq keçir könlümdən.

Lakin Alı Mustafayev dağlar qədər ağır hüznün göz yaşlarını silib mübarizəyə daha əzmlə qoşuldu. O, 20 Yanvar şəhidlərinin mübarizəsinin davamında harada oldusa, düşmənin üstünə yeridi–Qarabağın oda qalanan məntəqələrində də, Kremlin ali iclas salonlarının kluarlarında da, ekrandakı reportaj, müsahibə, şərh və çıxışlarında da. Düşmənlərin raketlə vurub saldığı vertolyotdan sağ çıxan cəsur telejurnalist sağalıb ayağa qalxandan sonra yenə odlu nöqtələrdən geri çəkilmədi. 1990-cı ilin 20 noyabrında isə azərbycanlı qanına susamış erməni cəlladlarının növbəti vandallığının–­Qaradağlı qurbanlarının sorağına yol alan hərbi vertalyot Ağdərənin Qarakənd istiqamətində raketlə məhv edildi. Həlak olanlar arasında Azərbaycanın dövlət və hökumət rəhbərləri, yüksək çinli hərbçilər və ekipaj üzvləri ilə yanaşı, belə səfərlərdə həmişə mikrofonu əlində, operatoru yanında olan qorxubilməz reportyor Alı Mustafayev də olmuşdu...
Bütün bunlar barədə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında çəkilmiş “­Milli qəhrəman Alı Mustafayev” filminin təqdimat mərasimində hüzn qarışıq bir öyünclə söhbət açıldı. 
Yasamal rayonundakı Heydər Əliyev mərkəzində keçirilən məclisdə filmin rejissoru, istedadlı kinemotoqrafçı Kəmalə Musaqızı bildirdi ki, dövlətin dəstəyi ilə son illərdə 215 Milli qəhrəmandan 81-i haqqında sənədli film çəkilib. Ənənəyə uyğun olaraq, şəhid qəhrəmanlarımızın xatirəsinin geniş anıldığı 20 Yanvar Ümumxalq Hüzn Günü ərəfəsində onlar barəsində çəkilmiş sənədli filmlər həftəsi keçirilir. Vətənpərvər qüvvələrin və Yasamal rayonu ərazisində təhsil alan kursantların iştirak etdiyi bu mərasimdə isə Milli qəhrəman Alı Mustafayev barədə çəkilmiş film ilk dəfə paytaxt ictimaiyyətinin nümayəndələrinə təqdim edilir.
Sonra 30 dəqiqəlik sənədli film nümayiş etdirildi. Salondakılar mübariz jurnalist, istedadlı şair, qeyrətli vətəndaş Alı Mustafayevin kino obrazının yaradıldığı filmə böyük maraqla tamaşa etdilər.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsində Alı Mustafayevin müəllimi olmuş professor Nəsir Əhmədli, Milli qəhrəmanın tələbəlik və iş yoldaşı olmuş Əməkdar jurnalist Tahir Aydınoğlu, Milli qəhrəman Asif Məhərrəmovun qardaşı, Qarabağ döyüşlərinin iştirakçısı Ədalət Məhərrəmov ekran əsərində Alı Mustafayevin bitkin və təsirli obrazının yaradıldığını söylədilər, belə filmlərin yeni nəslin yurda sevgi və mubarizlik ruhunda tərbiyəsində önəmini vurğuladılar.
Milli qəhrəmanın bacısı Maral Mustafayeva qardaşının xatirəsinin əbədiləşdirilməsinə layiqli töhfə olan sənədli filmin ərsəyə gətirilməsinə görə dövlətimizin rəhbərliyinə və yaradıcı heyətə ailələri adından minnətdarlığını bildirdi.
Mərasimdə xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq mübarizəsi və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anıldı, onların ruhuna dualar səsləndi.

 

T.TURAN,
“Xalq qəzeti

16 Yanvar 2019 22:15 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə