Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nüfuzlu reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı haqqında nikbin proqnozları

Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, reallaşdırılan böyük investisiya layihələr nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da güclənib, adı müasir dünyada  böyük sıçrayışla inkişaf edən dövlətlərin siyahısına daxil olunub. Hazırda da səmərəli iqtisadi islahatlar bütün sahələr üzrə inamla davam etdirilir. Özü də bu zaman sosialyönümlü təşəbbüslər diqqət mərkəzində olur, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə xüsusi önəm verilir. 
 
Təsadüfi deyil ki, nüfuzlu reytinq agentlikləri tərəfindən də ölkəmizin iqtisadi islahatları inamla həyata keçirməsi mütəmadi olaraq təsdiqlənir. Bu baxımdan  “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin qiymətləndirmələri xüsusi əhəmiyyət kəsb edir. Adıçəkilən agentliyin hesabatında bildirilir ki, Azərbaycanda mövcud olan sosial və siyasi sabitlik davam edəcək. 
Agentlik, eyni zamanda, proqnozlaşdırır ki, respublika iqtisadiyyatı bu il 2 faiz artacaq. “Fitch Ratings”in rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına reallaşacaq.
Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, manatın məzənnəsinin sabit saxlanılmasının əhəmiyyəti xüsusi vurğulanır.  
Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı da qeyd edilir. Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşdüyü bildirilir .
Daha sonra hesabatda qeyd edilir: “Neftin yüksək qiymətləri Cənub Qaz Dəhlizi layihəsinin reallaşması və “Şahdəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək.
“Standard&Poor’s”in proqnozlarına görə, 2018-ci ildə “Brent Crude” neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl isə  “Standard&Poor’s”in Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda manatın məzənnəsinin çevikliyinin artırılması xaric təzyiqlərin azalmasına və xarici valyuta ehtiyatlarının qorunmasına yardım etdiyi bildirilirdi.
Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru 
31 İyul 2018 13:54 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə