Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikalların qarşısında haqqa söykənən media və sağlam əqidəli dindarlar ordusu var

“Son vaxtlar sübut olunub ki, sosial şəbəkələrdə xeyli fəallaşan, dini pərdə altında antiazərbaycan təbliğatı ilə məşğul olan informasiya terrorçuları, əslində, ölkəmizdə fiziki terroru həyata keçirənlər eyni mərkəzdən idarə olunurlar. Onların hədəfi isə Azərbaycanın milli və dövlət maraqlarıdır”.–  Bu fikirləri bizimlə söhbət zamanı “İşgüzar Qadınlar Naminə” İctimai Birliyin sədri, hacıxanım Sürəyya İsmayılova dedi. O daha sonra bildirdi:
 
 – Siyasi prosesləri yaxından izləyənlər bunu aydın görürlər ki, son vaxtlar Azərbaycan iqtidarının uzunmüddətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç vaxt olmadığı qədər əlverişli şərait yaranır. Dini məsələlərdə həmişə məzhəb kimi həssas məsələlərdən silah kimi istifadə edən radikallar, siyasi məsələdə də Dağlıq Qarabağ probleminin həlli kimi vacib və həssas mövzunu silaha çevirməyə cəhd edirlər. Bunun çox ciddi səbəbləri var. Çünki, həmin dini radikalları gizlədən və himayə edən mərkəzlər bu problemin həllini əsla istəmirlər. Çünki problem həll olunarsa, onların Azərbaycana təzyiq vasitələrindən biri və ən başlıcası əldən çıxar. 
Xaricdə oturub, imanı olan insanları tora salmağı, hakimiyyətə qarşı çevirməyi bir nömrəli vəzifələri hesab edən siyasi dəllallar din pərdəsi adı altında şantaj vasitəsilə aranı qarışdırmağa təşəbbüs göstərirlər. Eyni zamanda, onların məqsədlərini ifşa edən informasiya vasitələrini xüsusi olaraq hədəfə alırlar. Bu yolda əsasən də gəncləri öz tərəflərinə çəkməklə, dini ayrı- seçkiliyi təbliğ edərək, imanlı cavanları haqq yolundan döndərməklə məşğul olurlar. Hakimiyyətin bütün sahələrədəki əldə etdiyi uğurları kölgədə qoymağı, bu nailiyyətləri təbliğ edən kütləvi informasiya vasitələrini hədəfə almağı onların əsas məqsədlərindən biri hesab etmək olar.
 Onlar unudurlar ki, bu,  Azərbaycanda mümkün deyil. Çünki yaşlısından tutmuş, gəncinə, yeniyetməsinə qədər -- kütləvi şüur belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Ölkəmizdə savadlı və vətənpərvər dindarlar ordusu var ki, onlar da belə radikalların dini şüurumuzu manipulyasiya etmələrinə yol verməzlər. Ancaq ,əlbəttə, ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara da əsla meydan vermək olmaz. 
Belə qarayaxma kampaniyaları zaman-zaman öz başını kol dibindən çıxaran ilan kimi  qaldırsa da, o başlar kimsəyə zərər vermədən əzilib atılıb. İnformasiya terrorçuları əsas hədəflərindən birini siyasi hakimiyyət hesab edərək, düşünürlər ki, belə qarayaxmalarla çox irəli gedə bilərlər. Amma unudurlar ki, onların qarşısında siyasi hakimiyyəti, iqtidarı dəstəkləyən güclü xalq, haqqa söykənən media və sağlam əqidəli  dindarlar  ordusu var.
Hazırladı: 
Zərifə BƏŞİRQIZI,  
“Xalq qəzeti”
31 İyul 2018 13:52 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə