Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşağın düzgün yetişməsində ailə modelinin vacibliyi

Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli məktəbdə yuxarı sinif şagirdləri üçün ailə ortamı və milli-mənəvi dəyərlərə həsr edilmiş seminar keçirilib. Seminarda “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə iştirakçılara qeyd olunan məsələlərlə bağlı məlumat verib.

Məktəbdən aldığımız xəbərdə qeyd olunur ki, tədbirin açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət Azərbaycan ailə modeli, onun önəmi və yetişməkdə olan nəslin bu dəyərləri mənimsəməsi ilə bağlı fikirlərini bildirib. O, özəlliklə də uşaqların həm ailə içində, həm cəmiyyətdə, həm də ayrıca götürdükdə məktəbdə davranışlarının formalaşmasında böyüklərin rolundan danışıb. Direktor qeyd edib ki, hər bir uşağın davranışları ilkin olaraq öz ailəsinin içində formalaşsa da sonradan bu, daha çox məktəbdə inkişaf etdirilir.

İctimai Birıiyin rəhbəri Lamiyə İsazadə qeyd edib ki, başçılıq etdiyi qurum Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ailə dəyərlərinə həsr edilmiş silsilə tədbirlər keçirib. O, bildirib ki, layihə çərçivəsində tədbirlər başa çatsa da mövzu ilə bağlı ictimai marağı nəzərə alaraq təşkilat öz imkanları hesabına müzakirə və maarifləndirməni davam etdirir. Lamiyə İsazadə deyib ki, 3 nömrəli məktəbin bu mövzuda seminarla bağlı təklifini o baxımdan həvəslə qəbul edərək şagirdlərlə görüşə gəlib.

O, daha sonra Azərbaycan dövlətinin ailə institutunun möhkəmlənməsinə yönəlik siyasətindən danışaraq təqdirini dilə gətirib. Lamiyə İsazadə qeyd edib ki, Azərbaycan dövləti başda Prezident İlham Əliyev olmaqla bu sahədə müasir tələblərə cavab verən siyasət yürüdür.

Seminarda iştirak edən BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də uşaqlarla öz fikirlərini və təcrübəsini paylaşıb. Daha çox şəxsi təcrübə və qabaqcıl vərdişlərə müraciət edən natiq öz çıxışını şagirdlərdə motivasiyanın yaradılmasına yönəlik qurub. O, ayrı-ayrı misallarla ailə modeli, ailənin uşağın yetişməsində rolu, müxtəlif səbəblərdən uşaqların bəzən yaşadıqları sıxıntılarla bağlı maraqlı fikirlər səsləndirib. Azər Həsrət bildirib ki, istənilən halda uşaqlar bədbinliyə deyil, nikbinliyə köklənməli, qarşılarına çıxan əngəlləri fürsətə çevirərək daha irəli getməyə can atmalıdır.

Sonda məktəbin direktoru Almaz Həsrət uşaqlarla oyun quraraq müxtəlif ailə modellərinin nümayişini təşkil edib. O, uşaqları da cəlb edərək istənilən ailənin nəticə etibarı ilə uşağın yetişməsinə əngəl olmaması vacibliyini örnəklərlə göstərib.

Uşaqların da həvəslə qatıldığı seminar yaddaqalan, bəzən də kövrək anlarla diqqət çəkib. Onların çıxışlara diqqət kəsilməsi, sual-cavab və oyun fəaliyyətlərinə həvəslə qatılması belə bir seminara zərurət olduğunu təsdiq edib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

9 Dekabr 2022 14:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
5 Fevral 2023 | 13:29
Xəlil Rza Ulutürk
3 Fevral 2023 | 09:13
Kitab fondu zənginləşir
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə