Ən son xəbərlər
İlk milli peşəkar qadın teatr rejissoru kimi səhnə sənəti tariximizdə şöhrətlənən və layiqli yer tutan Ulduz xanımın qızlıq soyadı “Rəfili”dir. Bir sıra afişa və proqramlarda imzası belə yazılıb: Ulduz Rəfili-Əliyeva. Ata tərəfi Gəncə quberniyasının Borsunlu kəndindən Rəfililər, ana tərəfi isə həmin şəhərin şöhrətli Rəfibəylilər nəslindəndir. Atası Saleh bəy Oksford Universitetinin hüquq fakültəsini bitirib. Anası Dilşad xanım isə Gəncə gimnaziyasında təhsil alıb. O gimnaziyada ki, onun yaradıcısı və direktoru Dilşad xanımın qardaşı Cavad bəy Rəfibəyli idi.
Ulduz xanım Saleh bəy qızı Rəfili 1922-ci il dekabrın 15-də belə bir ziyalı ailəsində dünyaya gəlib. İbtidai məktəbə Gəncədə gedib. Qızcığazın on iki yaşı olanda nəsilləri, o cümlədən valideyinləri sovet repressiyasına məruz qalıb. O, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb. Burada 92 saylı məktəbdə yeddinci sinfi bitirib. 1937 – 1938-ci illərdə tüğyan etməyə başlayan repressiyanın dəhşətli alovları yenidən onları qarsıb və iki bacı Moskvaya köçməklə həbsdən yaxa qurtara biliblər.
Orta məktəbi 1940-cı ildə Moskvada rus dilində bitirən Ulduz xanım bir il metroda işləyib. 1941-ci ildə orada Dəmiryolu Nəqliyyatı Mühəndisliyi İnstitutuna daxil olub və 1940-cı ildən 1945-ci ilədək Moskva metropoliteni idarəsində işləməyə davam edib. Lakin, 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalıb. Texniki sahədə oxuyub işləməsinə baxmayaraq, o, şeirlər, ssenarilər, kiçik pyeslər yazırdı, ədəbiyyata və incəsənətə böyük maraq göstərirdi.Müharibə qurtardıqdan sonra o Moskvada təhsilini yarımçıq qoyaraq 1945-ci ildə Bakıya qayıdır.
Ulduz xanımın əmisi oğlu, məşhur ədəbiyyatşünas alim , professor Mikayıl Rəfili onun yaradıcılığı ilə tanış olur. Ulduzun istedad və bacarığına heyran qalan Mikayıl müəllim təkid edir ki, sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə versin. Uzun mübahisədən sonra razılaşırlar.
Həmin il Bakıda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbinin bazası əsasında Dövlət Teatr İnstitutu yaradılmış, ancaq hələ qəbul olmamışdı. İyul ayında Ulduz Rəfili institutun rejissorluq fakültəsinə qəbul olunur.O, təhsilini davam etdirməklə yanaşı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan SSR Nazirlər Soveti nəzdində Mədəni-Maarif Müəssisələrinin İşləri üzrə Komitədə işləmişdir. İdarənin rəisi, yazıçı Süleyman Rəhimov ona həmişə himayədarlıq edirdi.
Ulduz xanım 1951-ci ildə ali məktəbin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib və ilk Azərbaycan qadın teatr rejissoru kimi fəaliyyətə başlayıb. Diplom işi Sezar Solodarın “Ulduzlar aləmi” dramına verdiyi quruluş olub. İnstitutu bitirəndən sonra altı ay da köhnə işində çalışan gənc rejissor Ulduz Rəfili 1952-ci il yanvarın 1-dən Gənc Tamaşaçılar Teatrının rus bölməsinə quruluşçu rejissor vəzifəsinə götürülür. Bir-birinin ardınca təravətli, yeni nəfəsli tamaşalar hazırlamağa başlayır. Rus bölməsinin tamaşalarında Azərbaycan tamaşaçılarının ruhuna uyğun əsərlərə repertuarda üstünlük vermək üçün ciddi cəhdlə, inamla çalışır. 1973 – 1975-ci illərdə o, teatrın baş rejissoru vəzifəsində işləməyə başlayır.
Ulduz xanım Rəfili 1975-ci il sentyabrın 1- dən ömrünün sonuna qədər pedaqoji fəaliyyətə keçir. Uzun illər Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) vokal və opera hazırlığı kafedrasının professoru olub.Bu illər əzində o, S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta” , F.Əmirovun “Sevil”,V.A.Motsartın “Fiqaronun toyu” və.s əsərləri ugurla səhnələşdirmişdir.
Ulduz xanım Rəfili Gənc Tamaşaçılar Teatrında həm Azərbaycan, həm də rus bölmələrində 50-dən artıq tamaşa hazırlayıb, forma və məzmunca müxtəlif əsərlərə fərqli janrlarda quruluşlar verib. O, faciə, dram, komediya, məişət məzhəkəsi, ictimai-sosial mahiyyətli pyeslər və nağıl janrlarında tamaşalar hazırlayıb.
Azərbaycan bölməsində müxtəlif janrlarda hazırladığı tamaşalar:
14 noyabr 1953-cü il. “Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə.
1953-cü il . “Ailə namusu”, Hüseyn Muxtarov.
5 iyun 1955-ci il. “İkinci ailə”, Rauf İsmayılov.
24 noyabr 1956-cı il. “Ayrılan yollar”, Cabbar Məcnunbəyov.
7 noyabr 1957-ci il. “Gülən gözlər”, Məmmədhüseyn Təhmasib. Rejissor Zəfər Nemətovla birgə.
13 sentyabr 1958-ci il,. “Durna qatarı”, İsgəndər Coşqun.
15 dekabr 1958-ci il. “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov.
7 iyun 1959-cu il . “Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə.
10 sentyabr 1960-cı il. “Qavroş”. Viktor Hüqonun “Səfillər” romanı əsasında səhnələşdirilən tamaşa, rejissorlar Əli İsmayılov və Zəfər Nemətov.
24 may 1961-ci il. “Ümid nəğməsi”, Vera Stanesku. Tərcümə edən Ənvər Məmmədxanlı.
8 sentyabr 1962-ci il . “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə.
29 dekabr 1963-cü il. “Hünər”, Hidayət Bağırov.
16 yanvar 1965-ci il və 5 sentyabr 1974-cü il. “Şirinbala bal yığır”, Salam Qədirzadə.
25 fevral 1965-ci il . “Xoruz”, Firudin Ağayev.
25 dekabr 1966-cı il. “Dovşanın ad günü”, Xanımana Əlibəyli.
26 mart 1967-ci il . “Dan ulduzu”, Cahangir Məmmədov.
16 fevral 1968-ci il . “İki ağanın bir nökəri”, Karlo Qoldoni. Tərcümə edən Sabit Rəhman.
14 sentyabr 1968-ci il . “Rübailər aləmində”, Məmmədhüseyn Təhmasib.
21 dekabr 1968-ci il. “Keçən ilin son gecəsi”, Anar.
28 dekabr 1969-cu il . “Hünər”, Hidayət Bağırov.
10 aprel 1972-ci il,. “Qaraca qız”, Abdulla Şaiq (Süleyman Sani Axundovun əsəri əsasında).
24 dekabr 1973-cü il . “Aycan”, Xanımana Əlibəyli.
6 aprel 1975-ci il. “Mənim nəğməkar bibim”, Əkrəm Əylisli.
Ulduz xanım Milli və Avropa klassiklərinin faciə və komediyalarında çağdaş düşüncə zəminində aktual və maraqlı ideyaları tamaşanın ali məqsədinə çevirməyi məharətlə və yüksək peşəkarlıqla bacarırdı. İtalyan dramaturqu Qoldoninin “İki ağanın bir nökəri” və Hüqonun “Səfillər” əsərini Azərbaycanda ilk dəfə tamaşaya hazırlayan məhz Ulduz Rəfili olub.
Rejissor rus bölməsində quruluş verdiyi səhnə əsərlərində Azərbaycan teatr estetikasının incəliklərini, fikir dərinliyini mövzu, əsərin zaman və məkan xronotopu baxımından qoruyub saxlayırdı. Onun bu truppada hazırladığı əsas tamaşalar aşğıdakılardır.
1950-ci il. “Ulduzlar aləmi”, Sezar Solodar.
1951-ci il. “Təyyarəçilər ölmürlər”, Pavel Malyarevski.
1952-ci il. “Evlənmə”, Nikolay Qoqol.
1953-cü il. “Pavlik Morozov”, Anatoli Qubarev və “Turp”, Pavel Malyarevski.
1954-cü il. “İvan da Marya”, Vladimir Qoldfeld və “Ailə namusu”, Hüseyn Muxtarov.
1956-cı il. “Təcili buraxılış”, Qleb Novoqrudski və Pavel Virski.
1960-cı il. “Dəcəl dovşan”, Sergey Mixalkov və İon Sava.
24 oktyabr 1961-ci il. “Əxlaqdan sıfır qiymət”, Vera Stanesku və İon Sava.
28 aprel 1963-cü il . “Soğanın oğurlanması”, Mariya Maşadu.
3 mart 1964-cü il. “Təbilçinin taleyi”, Arkadi Qaydar.
18 dekabr 1965-ci il . “Sarı çemodanın sərgüzəştləri”, Sergey Prokofyev.
29 iyun 1966-cı il . “Köpükcüklər”, Anatoli Xmelik.
27 iyun 1969-cu il. “İki ağanın bir nökəri”, Karlo Qoldoni.
25 dekabr 1969-cu il. “Dovşanın ad günü”, Xanımana Əlibəyli.
10 may 1972-ci il . “Əziz oğlan”, Sergey Mixalkov.
15 sentyabr 1974-cü il. “Kiçik faciələr”, Aleksandr Puşkin.
16 iyun 1974-cü il. “İndi də siz özünüzü gözləyin”, Aleksandr Meşkov.
24 mart 1980-ci il. “Ey, səninləyəm, salam!”, Gennadi Mamlin.
5 noyabr 1982-ci il. “Əziz oğlan”, Sergey Mixalkov.
Onun rejissurasına incə lirizm və emosional cazibədarlıq xasdır.
Ən yaxşı tamaşaları lirik-psixoloji üslubda hazırlanıb. Həmin səhnə əsərlərində o, zərif duyğuların poetik həllini məharətlə tamaşanın ruhuna aşılayırdı. Bu baxımdan “Mənim nəğməkar bibim”, “Keçən ilin son gecəsi”və “Qaraca qız” (Süleyman Sani Axundovun əsəri əsasında) pyeslərinin tamaşaları yüksək bədii səviyyələri, estetik ifadə vasitələrinin zənginliyi ilə daha parlaq sənət qələbələri sayılır.
Uşaq tamaşaları içərisində isə Xanımana Əlibəylinin “Aycan” nağıl-pyesinə verdiyi quruluş poetik hüsnü və ifadəli səmimiyyəti ilə seçilirdi. Bu tamaşa uzun illər teatrın repertuarını bəzəyib.
Quruluş verdiyi tamaşaların əksəriyyətini realist, bir qismini isə romantik-realist üslublarda hazırlayıb. Tamaşanın səhnə təfsiri üçün müəyyənləşdirdiyi janr təyini yüksək peşəkarlıqla səhnədə özünün bədii-estetik təcəssümünü tapırdı.
Hazırlayacağı pyeslərdə mövzunun psixoloji mahiyyətini, ideya gücünü dəqiq müəyyənləşdirən Ulduz xanım məharətli dəqiqliklə aktyor ansamblı seçirdi. Aktyorlarla birgə axtarışlarında incə və zərif yaradıcılıq duyğusu olurdu. Bitkin, tamaşanın ali məqsədini, fikir yükünü tamlıqla çəkə bilən aktyor ansamblı yaratmaqda yüksək səriştəli idi.Canlı və dinamik kompozisiya qururdu və bütün formalarda aktyor oyunu öndə olurdu.
Onun yaradıcılıq fəaliyyəti ölkəmizdə yüksək qiymətləndirilmişdir .1957-ci ildə S.Mixalkovun “Somberto” əsərinə görə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin və 1959-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına, medallara , Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə və rejissorluq sənətində qazandığı nailiyyətlərə görə isə 1964-cü il iyunun 29- da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. O, eyni zamanda ictimai fəaliyyətlə də məşgul olmuş , üç dəfə keçmiş 26 Bakı Komissarı Rayon Sovetinin deputatı seçilmişdir.
Ulduz xanımın insan kimi çox həssas qəlbi vardı. Truppanın kasıb və imkansız sənətkarlarının, xüsusən istedadlı gənclərin hamisi kimi kollektivdə böyük hörmət və rəğbət qazanmışdı. Onlarla gəncə dəfələrlə geyim-kecim hədiyyə edib.
Gənc Tamaşaçılar Teatrında peşəkar rejissuranın çağdaş estetik tələblərə uyğun təkamüldən keçib formalaşmasında dəyərli xidmətləri olan sənətkar 2006-cı il yanvarın 8-də Bakıda vəfat etmişdir.
İlham Rəhimli
Köhnə versiyamızdan xəbərləri izlə