Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dini mərasimlər: ənənə və hüquq müstəvisində” mövzusu müzakirə edilib

Dekabrın 8-də Bakıda “Dini mərasimlər: ənənə və hüquq müstəvisində” mövzusunda konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, dini icma sədrləri, elm və din xadimləri iştirak ediblər.

Bu barədə "Xalq qəzeti"nə komitənin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dini mərasimlər yalnız dini qaydaları deyil, həm də xalqın adət-ənənələrini özündə əks etdirir. Adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələblərinə uyğunlaşır, yeni forma və məzmun kəsb edir. Dini mərasimlərdə özünü döymək, qan çıxarmaq, zəncir vurmaq kimi adətlər 21-ci əsrin reallıqları ilə uzlaşmır. Dini mərasimlərin israfçılıqdan uzaq, mümkün qədər İslam mədəniyyətinə uyğun, eləcə də ictimai inkişafla ayaqlaşa bilən şəkildə keçirilməsi olduqca önəmlidir. Yas mərasimləri və digər ictimai mərasimlərdə israfçılığın qarşısının alınması istiqamətində təkliflərin verilməsi və bu sahənin tənzimlənməsinin vacibliyi bir neçə ildir ki, müzakirə mövzusudur. Dini mərasimlərin hüquqi cəhətdən tənzimlənməsi barədə digər ölkələrin təcrübəsini bölüşən G.İsmayılov belə ictimai məsələlərin xalqın öz iradəsi ilə tədricən  qaydaya salınmasının daha məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır. Mərasimlərin təşkili zamanı israfçılıq, xurafat hallarının qarşısının alınmasında cəmiyyətimizin birgə səyləri, ictimai qınaq olduqca vacibdir. Bu məqsədlə, Dövlət Komitəsi tövsiyə xarakterli çağırışlar edir, sözügedən mövzuya həsr edilən maarifləndirici tədbirlər keçirir, ədəbiyyat nəşr edir, habelə videoçarxlar hazırlayır.

Mövzu ərtafında fikirlərini bölüşən QMİ sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev dini mərasimlər zamanı ifrata varılmanın İslam dinində bəyənilməyən əməllərdən olduğunu deyib. Dini maarifləndirmə baxımından ruhanilər və ziyalıların üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdıran din xadimi, həmçinin ölkəmizdəki inanclı şəxslər arasında mövcud olan vəhdətin, tolerant münasibətlərin mühafizəsi və inkişafı istiqamətində birgə səylərin vacibliyindən danışıb. Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinə də toxunan F.Nurullayev milli-mənəvi dəyərlərin qorunub-saxlanılması, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimləri sərbəst yerinə yetirmələri üçün hər cür şəraitin yaradılmasından məmnunluğunu ifadə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub. Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Mehman İsmayılovun sözlərinə görə, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyas müxtəlif dinlərə aid mərasimlərdən söhbət açıb.  Bildirib ki, premodernizm dövründə daha çox aktuallıq kəsb etsə də, müasir günümüzdə insanların dünyagörüşünün artması nəticəsində bəzi dini mərasim və ritualların əslində mövhumat olduğu, dinin tələbləri ilə uzlaşmadığı bəlli olur. Bu baxımdan bəzi ritualların artıq qeyri-rasional qəbul edildiyini diqqətə çatdıran çıxışçı  maarifləndirmə və hüquqi yolla dini mərasimləri tənzimləməyin mümkün olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı İradə Zərqanayeva mövzu ilə bağlı fikirlərini bölüşüb.

Tədbir müzakirələrlə yekunlaşıb.

9 Dekabr 2022 12:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
5 Fevral 2023 | 13:29
Xəlil Rza Ulutürk
3 Fevral 2023 | 09:13
Kitab fondu zənginləşir
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə