Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdabda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda seminar-treninq keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı, din xadimləri, dini icma üzvləri və rayon ziyalılarının iştirakı ilə Zərdabda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda növbəti seminar-treninq keçirilib.

Bu barədə "Xalq qəzeti"nə komitənin Mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humunitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov mövzunun aktuallığından bəhs edərək bildirib ki, respublikamızda nümunəvi dövlət-din münasibətləri, dinlərarası və məzhəblərarası həmrəylik mövcuddur. RİH rəsmisi, həmçinin ölkəmizdə olan milli birliyin qorunub saxlanılması, daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Mövzu ilə bağlı təqdimatla çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov dünyəvi dövlətin təməl sütunlarını təşkil edən elementlərin mühafizəsi məqsədi ilə dini maarifçilik işinin düzgün metodlarla təşkilinin mühüm əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırıb ki, dinin siyasiləşdirilməsi, xarici təsir və müdaxilələr, dinə xidmət adı altında insan hüquqlarının məhdudlaşdırılması, tolerantlığın zəiflədilməsi, məzhəblərarası qarşıdurmanın yaradılmasına səylərin göstərilməsi, xurafatçı baxışın təbliği, dünyəvi təhsilə qarşı çıxışlar cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin dindarlar arasında apardıqları təbliğatın əsasını təşkil etdir. Bütün bu kimi mənfi hallarla mübarizə istiqamətində dini maarifləndirmə işinin aparılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının zəruriliyindən bəhs edən sədr müavini  yad dini ideologiyaların təsiri altına düşən şəxslərin teoloji məlumatlarının zəif olması səbəbilə cəmiyyətdə təhsilin və dini biliklərin paralel şəkildə insanlara təbliğ edilməli olduğunu vurğulayıb. Gündüz İsmayılov, eyni zamanda din xadimlərini bu məsələdə ayıq-sayıq olmağa, dinin əsas məqsədlərindən olan cəmiyyət, dövlət və ailə üçün faydalı, nümunəvi vətəndaş formalaşdırmaq istiqamətində səylərinə davam etməyə çağırıb.

İkigünlük seminar-treninq öz işini qarşılıqlı müzakirələrlə davam etdirib.

9 Dekabr 2022 17:05 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə