Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DSX və DIN-in birgə təşəbbüsü ilə tədbir keçirilib

Ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində dekabr ayının 8-də Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə təşəbbüsü, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin yuxarı sinif kursantları üçün “Narkomaniya ümumbəşəri bəladır, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “İnternetdən təhlükəsiz istifadə” mövzularında marifləndirici tədbir keçirilib.

Bu barədə "Xalq qəzeti"nə DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində aparılan geniş mübarizədən və cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb.

Tədbir iştirakçıları narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları ilə bağlı zəruri məlumatları kursantların diqqətinə çatdırmış, narkomaniyanın insan cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, həmçinin cinayətkarlığın artmasına səbəb olduğunu bildiriblər.

Tədbirdə çıxış edənlər “İnternetdən təhlükəsiz istifadə”  mövzusunda informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydaları barədə geniş məlumat vermiş, internetdən istifadənin psixoloji hazırlığının vacib olmasını qeyd ediblər. 

Sonda kursantları maraqlandıran suallar cavablandırılmış, hər iki mövzunu əhatə edən maarifləndirici filmlər nümayiş etdirilibdir.

9 Dekabr 2022 11:08 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə