Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Araikin statusla bağlı son cəhdi

Biz Fransanın terrorizmi dəstəkləyən ən birinci ölkə olduğu barədə yazmışıq. Bu gün də fikrimizdə qalırıq. Üstəlik, bu iddiamızı Fransa hər dəfə özünün yeni-yeni addımları ilə təsdiqləyir. Bu günlərdə qondarma Qarabağ rejiminin terrorçu və separatçı başçısı Araik Arutyunyanın Parisdə yüksək səviyyədə qarşılanması, ölkə parlamentariləri tərəfindən qəbul edilməsi Parisin əsl terror dəstəkçisi imicini təsdiqləyir.


Bu günlərdə aldığımız məlumata görə, dekabrın 6-7-də separatçı qurumun rəhbəri Araik Arutyunyan növbəti dəfə Fransada olub. O, səfərin yekunlarına dair mətbuat konfransı keçirib, “France Press“ agentliyinə müsahibə verib, “France-24“ telekanalının efirinə çıxıb. Fransada ona bu cür imkan yaradılması, beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirməsi, bir tərəfdən, Azərbaycana və regionda sülh yaradılmasına kömək etmək istəyən ölkələrə meydan oxunması deməkdirsə, digər tərəfdən, şübhəsiz ki, rəsmi Parisin Cənubi Qafqazda terrorçuluğu və separatçılığı himayə etməsini göstərir.
İkigünlük səfər zamanı Arutyunyan Fransa parlamentinin bütün fraksiya rəhbərləri ilə görüşüb və daim erməni diasporunun “kasasından su içən” deputatlarla Cənubi Qafqazdakı məsələləri müzakirə edib. Arutyunyan qondarma “Artsax”ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb. Görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirib, Qarabağ ətrafında cərəyan edən proseslər barədə müzakirələr aparıb.
Sosial şəbəkələrin erməni seqmentində yayılmış məlumatlara görə, Arayik Fransanın İle-de-Frans regionu şurasının sədri Valeri Pekresslə də görüşüb. Pekress “Qarabağın və Ermənistanın erməni xalqı”na həmrəylik və dəstəyini ifadə edib: “Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, – deyə Pekress özünün tvitterində yazıb.
Qeyd edək ki, Valeri Pekress 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfər etdiyinə görə adı ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib. Eyni zamanda Azərbaycan ərazisində onun arzuladığı “Dağlıq Qarabağ” yoxdur. Bunu Arayik də bilməmiş deyil. 
Aldığımız son məlumatlara görə, Arutyunyan Fransa Senatında erməni dəstəkçisi olan senatorlarla görüşüb. Təbii ki, Fransa Senatını biz yaxşı tanıyırıq və onun terror rerjiminə nə qədər dəstək verdiyini, sevgi bəslədiyini yaxşı bilirik. Bu il noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı bədnam qətnamə qəbul edib, ölkəmizə sanksiya tətbiq edilməsinə çağırıb. Nə qədər acınacaqlıdır ki, qətnamənin əleyhinə cəmi 1 nəfər – Azərbaycanla dostluq qrupunun üzvü Natali Qule səs verib. Demək, bu ölkədə ədalət və həqiqət adına heç nə qalmayıb.
Qətnamə layihəsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi”, “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, bütün erməni hərbi əsirlərin qaytarılması”, “Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli Diskriminasiyanın bütün növlərini qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görməsi” tələbi qoyulub. Bununla yanaşı, Fransa hökumətinə “Dağlıq Qarabağda humanitar büro açmaq”, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq”, Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq, Ermənistan–Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirmək tövsiyə olunub. 
Bu, təxminən, 30 il ərzində Minsk qrupuna həmsədrlik etmiş Fransanın iç üzüdür ki, bu gün açıq-aşkar özünü büruzə verir. Fransa Senatı ermənilərin gözündə tiri görmədən bizim gözümüzdə çöp axtarır. Azərbaycan ərazilərinin 20 faizinin darmadağın edilməsini, bütün dini, mədəni irsimizin məhvini, qəbirlərimizin dağıdılmasını görmək istəməyən Fransanın erməni mədəni irsinin qorunmasını tələb etməsi siyasi əxlaqsızlığın, riyakarlığın son həddidir. Məhz bu əxlaqın nəticəsidir ki, Arutyunyana Parisdə təxribatçı bəyanatlar verməsi üçün şərait yaradılıb. O isə bu tribunalardan sərhədlərin dəyişdirilməsi, “Dağlıq Qarabağın statusu” üçün istifadə etməyə çalışır. Amma hesab edirik ki, bu onun son cəhdi olacaq. Çünki ilin axırına qədər Ermənistanla sülh müqaviləsinin imzalanması gözlənilir. 
Bir məsələni qeyd etmək də yerinə düşər. Azərbaycanda və regionda bir çox siyasi təhlilçilər hesab edirlər ki, Araik Fransaya, əslində Vardanyanın Moskvadan oğurlayıb gətirdiyi paralardan pay götürərək, “etibarlı” senatorlara və parlamentarilərə “sağ ol” demək üçün gedib. Əlbəttə, bu fikirlərə də haqq qazandırmaq olar. Çünki bu xüsusiyyət də erməni xislətinin mühüm tərkib hissəsidir. Bəzi ölkələrdə qondarma “erməni soyqırımı” iddialarının qəbulunu da erməni diasporunun bu üsula əl atması ilə əlaqələndirənlər az deyil. Amma Araikin fars qardaşlarının dediyi kimi, “çifayda”. Azərbaycan keçmiş Dağlıq Qarabağın statusunu dəfn edib, “status gorbagor olub”.

 

Paşa ƏMİRCANOV,  
“Xalq qəzeti”

9 Dekabr 2022 03:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə